Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:27

«Emin Hüseynov səfirliyə girmək üçün saçını rənglədi»


Emin Hüseynov
Emin Hüseynov

-

Fevralın 11-də İsveçrə televiziyası jurnalist və hüquq müdafiəçisi Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyinə sığınması barədə məlumat yayıb. Faktı Milli SRF Telekanalında yayımlanan «Rundschau» verilişi ortaya çıxarıb.

HOGAN DEYİB «KÖMƏK EDƏ BİLMƏZ»

Michael Weiss «Foreign Policy» dərgisində yazır ki, Bakıdakı ABŞ səfirliyi «amerikalı hərbçi xanımla evli olan Hüseynovun müdafiəsindən imtina edib». http://foreignpolicy.com/2015/02/11/trapped-in-baku-azerbaijan-emil-huseynov-swiss-embassy/

Müəllif Emin Hüseynovun uzun müddət hakimiyyətin təqibinə məruz qalmasından, ötən il hüquq müdafiəçilərinin vergidən yayınma, səlahiyyətdən istifadə, casusluq ittihamları ilə həbsə atılmasından yazır:

«Rəsul Cəfərov həbs olunandan sonra Hüseynov torun ona yaxınlaşdığını hiss edirdi. Avqustun əvvəlində Hüseynov Bakıdakı ABŞ səfirliyində bir tədbirə gedir və səfirliyin müvəqqəti işlər vəkili Dereck Hogan-la tək qalır. Səfir Richard Morningstar bir neçə həftə öncə Bakıdan getmişdi. Mənbələr deyir ki, Emin Hogan-a bir kağız ötürür: «Mənə necə kömək də bilərsiniz? Həbs oluna bilərəm». Hogan deyir ki, kömək edə bilməz».

SƏFİRLİKLƏ MÜNASİBƏTLƏR PİS OLMAYIB

«Hüseynovun Dereck-lə münasibəti pis deyildi, heç vaxt səfirliyi tənqid etməmişdi, hətta ABŞ-ın Azərbaycana münasibəti tənqid edəndə də diplomatik davranırdı», - anonim qalmaq istəyən mənbə deyir.

«Foreign Policy» Hogan-la əlaqə saxlayır, ona Dövlət Departamentinə müraciət etmək məsləhət görülür. Departament sorğuları cavablandırmayıb.

Daha sonra Hüseynov Türkiyəyə müalicəyə getməyə çalışır, sərhəddən geri qaytarılır. RATİ-nin ofisində axtarış aparılır. Hüseynov gizlənməyə çalışır. Mətbuat onun ABŞ səfirliyinə sığındığını yazsa da, səfirlik avqustun 12-də təkzib yayır.

«Özü ABŞ vətəndaşı olmasa da, Hüseynovun həyat yoldaşı amerikalıdır, bu fakt onun işini Dövlət Departamenti üçün önə çəkməliydi»,- insan haqları fəalları belə düşünürlər.

«O, xarici görkəmini tam dəyişdi, saçını rənglədi, fərqli paltar geyindi. Emin hətta adamların onu tanıyıb- tanımamasını yoxlamaq üçün bu formada küçəyə də çıxdı», - bir mənbə deyir.

BEŞCƏ SANİYƏ

Nəhayət, avqustun 18-də azərbaycanlı tanışı onu İsveçrə səfirliyi yaxınlığında maşından düşürür. Hakimiyyət Bakıdakı səfirliklərin qabağında keşik çəkirdi, onun xarici ölkədə sığınacaq almaq istəməsindən xəbərdar idi. «Emin səfirlik ətrafında mülkigeyimlilərin olduğunu anladı. Onunla danışmağa başladılar. O, ingiliscə birtəhər danışıb onları aldatmağa çalışır. Pasportunu soruşurlar, deyir ki, pasportu isveçrəlilərdədir. Onu əvvəlcə tanımırlar. Elə sorğu-sual gedərkən qapının zəngini basır. Kimsə qapını açır və onu içəri dartır. Beşcə saniyə yubanma olsaydı, Emin həbs oluna bilərdi», - mənbə danışır.

FP yazır ki, aylardır İsveçrə səfirliyinin ətrafını polis kordonu qoruyur. Nə Əliyev hökuməti, nə də İsveçrə səfirliyi faktı etiraf etməyib, ancaq səfirlik hökumətlə Hüseynovun ölkədən təhlükəsiz çıxması üçün danışıqlar aparır.

«Human Rights Watch» təşkilatının Cənubi Qafqaz üzrə mütəxəssisi Giorgi Gogia deyir:

«Bilirəm ki, İsveçrə hökuməti Azərbaycanla ən yüksək səviyyədə danışıqlar aparır. Bilirəm ki, hökumət Eminin çıxmasına qarşıdır. Hələ də bu prosesin getməsi ağılsızlıqdır».

AMERİKA VƏTƏNDAŞININ HƏYAT YOLDAŞI

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycanda səfiri olmuş Richard Kauzlarich səfirliyin mövqeyini anlamır.

«Səfirlik həmin şəxsin Amerika vətəndaşı ilə evli olmasını bilirdisə, ona Azərbaycan vətəndaşından fərqli yanaşmalıydı. Səfirliyin yerləşdiyi ölkənin vətəndaşı üçün çox şey edə bilməzsən, ancaq öz vətəndaşının həyat yoldaşıdırsa, vəziyyət dəyişir», - keçmiş diplomat deyir.

Müəllif daha sonra ABŞ vətəndaşı Səid Nurinin Bakıda başına gələnləri nəql edir. Nuri bir neçə günlük «hədələmə və qorxudulma»dan sonra Bakıdan deportasiya olunmuşdu.

Səid də ABŞ səfirliyinin ona kömək etmədiyini deyir. Səfirliyin işçisi ona deyib ki, «anlayırıq ki, bizim vətəndaşımızsan, ancaq bu ölkə bildirir ki, həm də onların vətəndaşısan. Suveren ölkədir, daxili işlərinə qarışa bilmərik».

Kauzlarich deyir ki, hökumət Birləşmiş Ştatlara «Soyuq müharibə» elan edib. Dissidentlər isə narahatdırlar ki, Obama hökumətini bu neftlə zəngin avtoritar ölkədə baş verənlər maraqlandırmır.

BİZİ TƏK QOYUBLAR

«Turan» informasiya agentliyinin Vaşinqtondakı əməkdaşı Ələkbər Raufoğlu FP-yə deyib:

«Bu günlərdə Vaşinqtonda bir tədbirdə Dövlət Departamenti rəsmiləri elan etdilər ki, onlar Əliyev hökuməti ilə işləmək siyasətini davam etdirəcəklər. Hətta demokratik fəaliyyətə basqını önə çəkəcəklərini də vurğulamadılar. Dedilər ki, AzadlıqRadiosunu dəstəkləyəcəklər, ancaq hökumətlə işləmək siyasəti öndə gəlir».

Raufoğlu diqqəti ABŞ-ın yeni səfiri Robert Cekuta-nın video müraciətinə çəkir:

«Görün, ABŞ-ın prioritetləri barədə nə deyir: birincisi, regional təhlükəsizlik, ikincisi, iqtisadi artım, üçüncüsü demokratik inkişaf. Rejim pisləşsə də, heç nə dəyişməyib. Yəni, bizi tək qoyublar».

FP yazır ki, Hüseynovu yeri bəlli olandan sonra taleyi qeyri-müəyyən qalır. Müəllif «WikiLeaks» saytının yaradıcısı Julian Assange-ın 3 ildir Londondakı Ekvador səfirliyinə sığındığını xatırladır, onun İsveçə təhvil verilmə təhlükəsi var. İsveçrənin Bakıdakı səfirliyi isə elə dəbdəbəli məkan da deyil. «Balaca bir səfirlikdir», - mənbə deyir.

XS
SM
MD
LG