Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:02

AB rəsmisi Bakı səfərində nə istəsin


Stavros Lambrinidis
Stavros Lambrinidis

-

«Avropa Birliyinin insan haqları üzrə xüsusi təmsilçisi Azərbaycana səfəri zamanı hakimiyyəti çağırmalıdır ki, siyasi motivli ittihamlarla həbs olunmuş onlarla fəal və jurnalist azadlığa buraxılsın».

Bunu «Human Rights Watch» hüquq müdafiə təşkilatı, İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq və «Front Line Defenders» təşkilatları fevralın 23-də yaydıqları bəyanat bildirir.

AB-nin xüsusi təmsilçisi Stavros Lambrinidis fevralın 23-də Azərbaycan hökumətinin dəvəti ilə Bakıya gəlir.

«AB-nin insan haqları üzrə aparıcı səsi olan Lambrinidis-in Bakı səfəri zamanı nadir şansı olacaq ki, hökuməti tənqid səsləri susdurmaq kampaniyasını dayandırmağa, qurama ittihamlarla həbsdə yatan onlarla fəalı və jurnalisti azadlığa buraxmağa çağırsın», - «Front Line Defenders» təşkilatının direktoru Mary Lawlor deyir. «Azərbaycanda insan haqlarının qorxulu durumunun AB ilə münasibətlərin dərinləşməsinə mane olduğunu aydın şəkildə bildirməyin kritik məqamı çatıb».

AB İLƏ MÜNASİBƏTLƏRİN SÖYKƏNƏCƏYİ

Bəyanatda deyilir ki, hökumət illərdir tənqidçilərini susdurur, jurnalist və fəallara görünməmiş təzyiqlər göstərir. Son bir ildə 30-dan çox insan haqları müdafiəçisi, fəal, vəkil, jurnalist və bloqqer saxta ittihamlarla həbsə atılıb. Bəzi media qurumlarının fəaliyyəti dayandırılıb.

«AB və 28 üzv dövləti insan haqları müdafiəçilərini qoruyacaqlarını bəyan etsələr də, Azərbaycanda tənqidçilərin susdurulmasına reaksiya göstərməyiblər. Bakıya səfər edən hər bir AB rəsmisi açıq şəkildə həbsdə olan fəalların dərhal və qeyd-şərtsiz buraxılmasına çağırmalı, aydın şəkildə deməlidir ki, Azərbaycan repressiyanı durdurmayanadək AB ilə münasibətlərin yaxınlaşmasına ümid edə bilməz», - «Human Rights Watch»da AB üzrə direktor Lotte Leicht deyib.

AB Azərbaycanda Strateji Modernləşmə Tərəfdaşlığı sənədi üzrə danışıqlar aparır. 2014-cü ilin sentyabrında Avropa parlamenti qətnamə qəbul edərək bildirib ki, AB-nin Azərbaycanla sıx münasibətləri insan haqları müdafiəçilərinin buraxılmasına söykənir, həmçinin «QHT-lərin repressiyası və qorxudulmasına son qoyulmalıdır».

LAMBRİNİDİS SƏSİMİZ OLSUN

Bəyanat müəllifləri Lambrinidis-i çağırır ki, həbsdə olan insan haqları fəalları və jurnalistlərlə görüşsün. Həbs olunmuş tanınmış hüquq müdafiəçiləri kimi Leyla və Arif Yunus, Rəsul Cəfərov, hüquqşünas İntiqam Əliyev, jurnalist Xədicə İsmayılın adları çəkilir.

«Azərbaycanın aparıcı fəalları və tənqidçiləri AB-nin öz prinsiplərinin arxasında duracağına ümid edir və susdurulanlar Lambrinidis-in onların əvəzində danışacağını gözləyir», - İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq təşkilatının direktoru Brigitte Dufour deyir.

Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin olmadığını, həbsdə yatanların konkret cinayətə görə saxlandığını bəyan edir. Hakimiyyət təmsilçiləri dəfələrlə beynəlxalq insan haqları təşkilatlarını Azərbaycana qarşı qərəzli mövqe sərgiləməkdə ittiham edib.

XS
SM
MD
LG