Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:20

Seymur Baycan. Cib və soyuducu


Seymur Baycan
Seymur Baycan

-

Nə qədər maaş aldığımı mütləq öyrənmək istəyir. Yenə də konkret bir məbləğ demirəm. Sualdan yayınıram. Adam isə rahatlıq tapa bilmir. Xalq dilində desək balalayır...

Seymur Baycan

CIB və SOYUDUCU

Taksidə gedirəm. Yol bir az uzundur. İstəsəm də, istəməsəm də söhbət etməyə məcburam.

Sürücü hansı peşənin sahibi olduğumu soruşur. Desəm, hekayələr yazıram, başıma bəla açmalı olacam.

Ən yaxşı halda deyəcək ki, gəl həyatımı danışım bir roman yaz. Soruşacaq nədən yazırsan, kimdən yazırsan. Yazmaqla dolanmaq olurmu?

Üstəlik yazmaq bir iş kimi qəbul olunmur. Gərək yazmaqdan savayı, bir başqa işlə də məşğul olasan. Vəzifə sahibi olsan, daha yaxşı olar. Mən hələ öz yaxın adamlarıma yazmağın bir iş olduğunu başa sala bilməmişəm.

Onlara elə gəlir ki, kişi deyilən bir məxluq səhər evdən çıxmalı, daş daşımalı, axşam tozun-torpağın içində evə gəlməlidir. Yuyunub maykada evdə gəzməlidir. Bir az arvadı, bir az da uşaqları danlamalıdı. Yemək yeyib sonra da başını atıb yatmalıdı. Bu yazdıqlarımdan başqa xırda-para digər əməllər var ki, həmin əməllər də adamına görə dəyişir.

Təfərrüatlara varmayaq. Ya sırf fiziki işlə məşğul olmalısan, ya da əyninə hər hansı idarənin formasını geyinməlisən. Yazmaq iş sayılmır. Bu onlar üçün abstrakt bir şeydi. Ona görə taksi sürücüsünə xarici fondda işləyirəm deyirəm. Bununla da təzə suallar yaranır. Hansı fondda? Kimlərin fondudu? Sizin fond nəylə məşğuldu? Bu suallara da birtəhər cavab verirəm. Çoxlu zərərsiz yalanlar danışmağa məcbur oluram.

Ən önəmli sual gəlir. Birşey-mirşey çıxır? Nə qədər maaş alırsan? Bəs edir? Birtəhər dolanıram. Bəs edir. Bu cavablar adamı qane etmir. Necə yəni bəs edir, necə yəni birtəhər dolanıram? Hərlədib-fırladıb sualı bir daha təkrar edir. Nə qədər maaş aldığımı mütləq öyrənmək istəyir.

Yenə də konkret bir məbləğ demirəm. Sualdan yayınıram. Adam isə rahatlıq tapa bilmir. Xalq dilində desək balalayır. Niyə? Ona görə ki, bu adamlar çox rahatlıqla bir-birlərinə bu sualları verirlər. Çox asanlıqla bir çox ayıb sayılan mövzularda söhbət edirlər.

Sən bu kimi suallardan yayınanda, onlar niyə suala konkret cavab vermədiyini başa düşmürlər. İnciyirlər. Onlar cibə inanırlar. Nə qədər qazandığını öyrənməklə nə qədər hörmətə layiq olduğunu müəyyən etmək istəyirlər. Qazancını de ki, bilim sənə nə qədər hörmət etmək lazımdı.

Məşhur bir əhvalat var. Bir sufi oturur ağac altında. Görür bir tacir dəvəylə mal aparır. Tarazlıq yaratmaq üçün tacir dəvənin bir tərəfinə mal, bir tərəfinə də daş yükləyib. Sufi bunu görür və tacirə məsləhət verir. Deyir ki, daşları tulla kənara. Malı böl iki yerə.

Belə dəvə daha rahat yeriyər, qüvvəsinə qənaət edər. Söz tacirin ağlına batır. Daşları atır kənara. Malı bölür iki yerə. Yükləyir dəvəyə. Tacir yüz metr gedəndən sonra qayıdır geriyə. Baxır sufinin əyin-başına. Görür adam cır-cındırın içindədi. Soruşur: mal-mülkdən, var-dövlətdən nəyin var. Sufi deyir ki, mal-mülküm, var-dövlətim yoxdu.

Tacir deyir: mənim işimə mane olma. Belə ağıllısansa, niyə cır-cındırın içindəsən? Ağlın olsaydı, var-dövlətin də olardı. Mənim bu ağılla mal-mülküm də var, var-dövlətim də. Üstəlik bir neçə arvad da saxlayıram.

Beləliklə, tacir təzədən dəvənin bir tərəfinə mal, bir tərəfinə daş yükləyib yoluna davam edir.

Bu əhvalat bizim cəmiyyət üçün çox aktualdı. Çox təəssüflər olsun ki, cəmiyyətimizdəinsanın dəyəri onun soyuducusunun və cibinin nə qədər dolu olmasıyla ölçülür. Kim olursan ol, nə işlə məşğul olursan ol, təki soyuducu dolu olsun.Soyuducunun nə yolla doldurulması heç kimi maraqlandırmır.

Əsl kişi nə yolla olursa olsun, soyuducunu doldurmalıdır. Doldura bilmirsə, o, kişi deyil. Beləliklə, adamların pis əməllərinə cəmiyyət bəraət qazandırır. Nəinki bəraət qazandırır, pis əməllərlə məşğul olmağa vadar edir. Oğurluq et, yalan danış, şər at, keyfiyyətsiz məhsullar sat, saxta dərmanlar sat, aldat, ədalətə arxa çevir, yalanı əlində bayraq et, yaltaqlan…Təki cibində pul olsun. Soyuducu boş qalmasın.

Əvəzində fərasətli oğlandı, fərasətli kişidir adı qazan. Bacarana can qurban. Budur böyük çoxluğun həyat fəlsəfəsi. Düzdür istisnalar var, amma bu istisnaların özü belə o qədər azdır ki, buhaqqda heç danışmağa da dəyməz. Əgər pulun və vəzifən yoxdursa, sən heç kimsən. Ağıl heç kimə lazım deyil. Lap gedib Sokratın özün dirildib gətirsən, ona da dəyər verən, hörmət qoyan olmayacaq.

Dəyər vermək bir yana, gülüş hədəfinə çevirəcəklər. Toylarda, məclislərdə söz verilən, ehtiram göstərilənadamlara baxın. Adamlar danışa bilmirlər. Amma yenə də onlara söz verirlər. Çünki mikrofonu onun özünə deyil, vəzifəsinə, puluna verirlər.

Bu danışa bilməyən adamlar başqalarına nəsihət verir, başqalarının zövqünü müəyyən edir, özünün həyat fəlsəfəsini özgələrinə də aşılayırlar. Onlar özlərini ciddi bir fiqur saydıqlarından, başqalarına da öz həyat fəlsəfələrini doğru yol kimi göstərməkdədirlər. Onlar bilərəkdən müxtəlif yollarla ağılı alçaldır, ağılı gülüş hədəfinə çevirirlər. Bu fərasətli oğlanlar, fərasətli kişilər ağıldan qisaslarını alırlar.

İndi özünüz düşünün, ağıldan qisas alanlar, ağılı alçaldanlar, ağılı gülüş hədəfin çevirənlər mədəniyyətə, incəsənətə heç dəyər verərlərmi? Sənətə, mədəniyyətə sərmayə qoyarlarmı? Əsla. Onlar uzaqbaşı ya aparıcıya dəstək verəcəklər, ya meyxana deyənə, ya da müğənniyə...

Çünki səviyyələri odur. Onlar öz zövqlərini başqalarına diktə etməklə cəmiyyətə dəhşətli dərəcədə zərbə vurmaqdadırlar. Cəmiyyətin bu dərəcədə bayağılaşdırılmasının, zövqsüzləşdirilməsinin, cahilləşməsinin ən əsaslı səbəblərindən biri də budur. Son iyirmi ildə şansların bərabər tanınmaması, təşəbbüslərin boğulması, yerlibazlıq, tayfabazlıq vəziyyəti daha da ağırlaşdırdı. Həyatın bir çox sahələrində adamlardan bacarıq deyil, birmənalı olaraq sədaqət tələb olunur. İstedadını və bacarığını ortaya qoya bilməyən adamlar ölkəni tərk etdilər. Bir çoxları lazımsız adamlara çevrildilər.

Daha doğrusu zərəsizləşdirilib məhv edildilər.İtirən isə əlbəttə ki, cəmiyyətdir. Adamlar var biznesini daha da genişləndirə bilər, buna qabiliyyəti çatır, amma genişləndirməyə qorxur. Çünki heç nəyə təminat yoxdu. Bir balaca aktivlik göstərsə, tutub əlindəkiləri də alacaqlar. Ya baş götürüb ölkədən getməlisən, ya da özün öz əlinlə qabiliyyətini, bacarığını boğmalısan. Nəticədə isə yenə də uduzan xalqdır.

Əgər hər bir insan öz istedadını, bacarığını heç bir maneə olmadan, çəkinmədənortaya qoymağı bacarsaydı, buna şərait yaradılsaydı sənətə, mədəniyyətə dəyər verən, sərmayə qoyan nə qədər iş adamıortaya çıxardı.

Pulun və vəzifəninən etibarlı istinad sayıldığı, təşəbbüslərin boğulduğu, bacarığın və istedadın ortaya qoyulmasına, inkişaf edilməsinə imkan verilmədiyi, bacarıq və istedadın cəzalandırıldığı, ağılın gülüş hədəfinə çevirildiyi cəmiyyətdə hər hansı həqiqi inkişafdan söhbət gedə bilməz. Düzdü, bəzi dostlar vəziyyətin hər yerdə belə olduğunu iddia edə bilərlər.

Əvvəllər mən də elə bilirdim ki, vağzal hər yerdə vağzaldı, sonralar başa düşdüm ki, xeyr, vağzal hər yerdə vağzal deyil. Vağzallar arasında da fərq var.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG