Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:53

Rəsul Cəfərovun məhkəməsində zərərçəkən: «İzah edin, niyə mən zərərçəkənəm?»


Rəsul Cəfərov
Rəsul Cəfərov

-

«Mənə maraqlıdır ki, niyə görə zərərçəkən kimi tanınmışam. Xahişim budur ki, mənə də izah edin».

Bunu deyən Nicat İmranlı hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesində zərərçəkən kimi ifadə verib. Proses fevralın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib.

Nicat İmranlı ifadəsində özünü zərərçəkən saymadığını bildirib. O, adının həmin siyahıdan çıxarılmasını istəyib. Nicat İmranlı layihə çərçivəsində gördüyü işə görə pulunu aldığını söyləyib. Bildirib ki, istintaq zamanı ifadə verərkən onun «hansı məbləğdə pul almağım dəqiq yadımda deyil» deməsi sonradan «heç nədən xəbərim yoxdur» kimi yozulub.

«PULUMU VAXTI-VAXTINDA ALMIŞAM»

Prosesdə digər zərərçəkən – Cahangir Əhmədov da ifadə verib. Bildirib ki, ona hər hansı maddi zərər dəyməyib, evini ofis kimi kirayələyən Rəsul Cəfərov ona çatacaq məbləği vaxtlı-vaxtında ödəyib. Cahangir Əhmədov ona mənəvi ziyan dəydiyini, onun adından bəzi mədaxil çeklərinə imza atıldığını söyləyib.

Dövlət ittihamçısının xahişi ilə prosesdə Cahangir Əhmədovun istintaqda verdiyi ifadə də oxunub. Orada qeyd olunduğuna görə, Cahangir Əhmədov 933 manatlıq məxaric ordenindəki imzanın ona aid olmadığını deyib. İfadəsinin sonunu isə belə bitirib:

«İstəyim odur ki, mənə maddi və mənəvi ziyan vurmuş Rəsul Cəfərov layiqli cəzasını alsın».

Müdafiə tərəfinin «son cümlə sizə aiddirmi» sualına «hə» deyə cavab verən zərərçəkən bir daha vurğulayıb ki, heç bir maddi zərərdən söhbət gedə bilməz. Sadəcə, Rəsul Cəfərovun onun adından mədaxil ordeninə imza atdığını düşünüb və ona görə ona mənəvi zərər dəydiyini iddia edir.

Daha sonra məhkəmə şahidlərin dindirilməsi ilə davam edib. Şahid kimi Günay İsmayılova, Azər Qasımov və Elnur Məmmədov ifadə verib.

Rəsul Cəfərovun işi üzrə məhkəmə martın 5-də davam edəcək.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG