Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:03

Qəzetlər qiymət artımı astanasında


Bakıda qəzet köşkü
Bakıda qəzet köşkü

-

«Azərbaycan» nəşriyyatının bu il martın 1-dən çap xərclərinin 20 faiz artırılacağı barədə media qurumlarına xəbərdarlığı qəzet rəhbərlərini əndişəyə salıb. Nəşriyyat hesab edir ki, ölkəyə gətirilən bütün növ poliqrafiya materiallarının qiymətlərində kəskin artım var. Çap xərcinin artması isə qəzetin maya dəyərini bahalaşdırır. Ölkədə qəzetlərin də qiyməti qalxacaqmı?

«Yeni Müsavat» qəzetinin baş direktoru Ələsgər Süleymanov AzadlıqRadiosuna müsahibəsində deyir ki, nəşriyyatın qərarı onlar üçün gözlənilməz olub: «Artıq fakt qarşısında qalmışıq, çünki martın 1-dən çap xərclərinin 20 faiz artırıldığı elan olunub».

«10-20 QƏPİK ARTIMLA YARA SAĞALMAZ»

Maya dəyəri artırsa, satış qiymətinin artırılması qaçılmaz görünür. Amma Ələsgər Süleymanov deyir ki, onlar qiymət artımını o qədər də məqbul saymırlar: «Çünki, artım olacaqsa, bu, əsaslı olmalıdır. Yəni 10-20 qəpik artım ciddi təsir etməyəcək. Burda məsələyə qəzetin qiymətinin artmasından daha çox, 40 qəpiyin dəyərdən düşməsi kimi yanaşmaq lazımdı. Artım olacaqsa, bu, 1 manat olmalıdır».

Baş direktor 1 manatın oxuculara böyük zərbə olacağını düşünür. O, qəzetlərin tirajına diqqət çəkir: «Qəzet sənayesində tiraj artdıqca, qəzetin maya dəyəri aşağı düşür. Tiraj düşdükcə isə, maya dəyəri artır. Bugünkü reallıq ondan ibarətdir ki, qəzetlər öz mövcudluğu tarixində ən az tirajlı dövrlərini yaşayırlar. Tiraj azdırsa, demək ki, avtomatik maya dəyəri artır və buna görə də pərakəndə satış qiyməti də artmalıdır».

«TƏKLİF ETDİM Kİ, QİYMƏTİ 1 MANAT EDƏK»

Ələsgər Süleymanovun dediyinə görə, tirajın aşağı düşməsinin bir neçə səbəbi var: «Ən başlıcası, qəzet satışına qeyri-münbit şəraitin yaradılmasıdır. Bundan başqa müasir texnologiyaların -internetin təsiri- filan var. Hələ il yarım əvvəl qəzet yayımında problemlər başlayanda- metroda qəzetləri yığışdıranda, qəzet rəhbərləri və yayımçıların «Zerkalo»nun redaksiyasında keçirilən ümumi toplantısında təklif irəli sürmüşdüm ki, satışı 1 manata qaldırmaq lazımdır. O zaman bu addıma gedilsəydi, indi qəzetlər bu duruma düşməzdilər. Əvvəla qəzetlərin gəlirləri artardı, onun hesabına müxtəlif cəlbedici layihələr reallaşdırıla bilərdi. Həm də maddi-texniki bazalarını möhkəmləndirərdilər, ehtiyatları olardı. Bir sözlə, ağaca quruyandan sonra su verməyin mənası yoxdur. Ona suyu qurumamış vermək lazım idi!».

QƏZETİN KAĞIZ FORMATI PRESTİJ OLSUN

Müsahibimiz əlavə edir ki, qəzetlər bu artım hesabına səhifələrinin sayını artıra, tam rəngli -Türkiyə, Avropa qəzetləri formatında çıxa bilərdilər: «Ümumiyyətlə, qəzeti kağız variantından oxumaq bir prestij sayılmalıdır. Yəni, qəzeti kağız variantından oxumaq imkanlı adamlar üçündür. Pulsuz isə internet versiyalar var. Qiymət artımı tirajı bir az da salacaq, amma o artım elə olmalıdır ki, itkiləri belə qarşılasın».

Rahim Hacıyev
Rahim Hacıyev

Nəşriyyatı dəyişmək imkanı necə, mümkündürmü? Ələsgər Süleymanov bu barədə düşündüklərini deyir, ancaq onu da bildirir ki, gündəlik qəzetləri böyük tirajlarla çap edəcək mətbəələr çox deyil: «Burda texniki imkanlardan və təchizat problemlərindən başqa problemlər də var. Müxalif mövqeli mətbuatı hər mətbəə çap edib özünü təhlükəyə salmaq istəmir».

«ƏN AĞIR VƏZİYYƏTDƏ BİZİK»

«Azadlıq» qəzetinin baş redaktorunun 1-ci müavini Rahim Hacıyev isə deyir ki, qiyməti qaldırmaq yeganə variant kimi görünür: «İndi ən ağır vəziyyətdə bizik».

Onun sözlərincə, Mətbuat Şurasında bu məsələ müzakirə olunarsa, qatılarlar, amma vəziyyətdən başqa çıxış yolları bilmirlər. Rahim Hacıyev nəşriyyatı dəyişməyi çıxış yolu kimi görmür: «Bəziləri qiyməti qaldırıb, digərləri də qaldıracaq».

QƏZETDƏN İMTİNA MÜMKÜNDÜRMÜ?

Həm «Yeni Müsavat», həm də «Azadlıq»ın saytı var. Çap xərclərinin artması kağız formatdan imtinaya gətirib çıxara bilərmi?

Ələsgər Süleymanov deyir ki, bu variantı gözdən keçiriblər: «Onsuz da qəzetin çap versiyası rentabelli deyil. Amma «Yeni Müsavat» qəzeti sıradan bir qəzet deyil. 25 il - Azərbaycanın müstəqillik tarixi qədər fəaliyyəti olan, bu tarixi gündəlik öz səhifələrinə yazan, bir sözlə tarix yazan bir qəzetdir. Onun çapını dayandırmaq çox ağırdır. Bu üzdən mümkün olan hər şeyi eləməyə hazırıq ki, onu yaşadaq».

Rahim Hacıyevin bildirdiyinə görə isə, sayta giriş göstəriciləri yaxşı olsa da, qəzet satışdan dolanır: «Hələlik kağız variantı olmadan saytın mövcudluğu mümkün deyil. Biz satışdan asılıyıq».​

XS
SM
MD
LG