Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Türkiyədə jurnalist hərbi çevriliş xəbərinə görə həbs olunur


Mehmet Baransu
Mehmet Baransu

-

Türkiyənin araşdırmaçı-jurnalisti Mehmet Baransu həbs olunub, o, dövlət sirri təşkil edən sənədlər əldə etməkdə ittiham olunur. «The Guardian» qəzeti yazır ki, bu ittihamlar qeyri-adi səslənir, çünki 2010-cu ildə «Taraf» qəzetində onun imzasıyla dərc olunmuş məqalələrə aiddir.

Baransu-ya anonim mənbələrin verdiyi sənədlər ordu zabitlərinin 2003-cü ildə Türkiyə hökumətinə qarşı çevriliş hazırladığını üzə çıxarıb. Baransu sonradan prokurorlara məxfi sənədləri və CD-ləri təqdim edib, ancaq mənbənin adını açıqlamayıb. Zabitlər onlara qarşı dəlilin saxta olduğunu desə də, bir neçəsi «Balyoz» («Gürz») əməliyyatında iştirakına görə 20 ilədək həbs cəzası alıb. Ancaq 2014-cü ildə Türkiyə Ali Məhkəməsi hakimiyyətin zabitlərin ədalətli mühakimə hüququnu pozması barədə qərar çıxarıb və yeni dinləmələr başlanıb.

Baransu-nun həbsi Türkiyənin hakim AK Partiyası ilə Gülen hərəkatı arasında gərginliyin artdığı bir dönəmə təsadüf edir. AKP «Balyoz» əməliyyatının təqibini dəstəkləsə də, sonradan Gülen hərəkatını dəlilləri saxtalaşdırmaqda ittiham edib.

Baransu-nun vəkili Sercan Sakallı Jurnalistləri Müdafiə Komitəsinə (CPJ) deyib ki, hakimiyyət daha çox «Suveren Hərəkət Planı» adlanan məxfi sənəddən narahatdır. Baransu həmin sənədi də 2010-cu ildə prokurorluğa təqdim edib. O vaxt sənədin necə əldə olunması sorğu-sual olunmayıb. Sakallı deyir ki, bu sənədin qanunsuz əldə edildiyi sübuta yetirilsə, Baransu 8 illik həbsə məhkum edilə bilər.

«Taraf» qəzetinin təsisçi redaktoru Ahmet Altan isə Baransu-nu müdafiə edir: «Nə vaxtdan çevriliş planları «dövlət təhlükəsizliyinə aid sənədlər» kimi məxfiləşdirilib? Mən «Balyoz» yazısının dərcinə qərar verən şəxsəm, bu yazının yayılmasının vacib olmasına qərar vermişəm, «Balyoz»un dövlət çevrilişi planı olmasına bircə an da şübhə etməmişəm».

RUSİYANIN QULAQ MUZEYİ STALİN DƏHŞƏTLƏRİNİ YADA SALMIR

Rusiyanın Mədəniyyət Nazirliyinin «Perm-36» düşərgəsinin idarəçiliyini yerli QHT-dən alması bu sahənin siyasi əhəmiyyətinin azaldılması iddialarını gücləndirib. «The Independent» qəzetində Emma Gatten xatırladır ki, Sovet İttifaqında minlərlə QULAQ- məcburi əmək düşərgəsi vardı, siyasi dissidentlər, cinayətkarlar burda saxlanardı. Onlardan bəziləri hələ də həbsxana kimi istifadə olunur, bəziləri isə bağlanıb.

«Perm-36»
«Perm-36»

Ancaq biri muzey kimi ictimaiyyətə açıq idi, Uzaq Uralda «Perm-36» düşərgəsini 1996-cı ildən yerli QHT «repressiyasının canlı qalığı» kimi qoruyurdu. İndi isə QHT Mədəniyyət Nazirliyinə məhkəmədə uduzub və buradan çıxarılıb.

«Hər il minlərlə adam buraya gəlir, dissidentlər, sovet repressiyasını əks etdirən sərgilərə tamaşa edirdi. Muzeyin yeni planında isə Stalin-in adı belə çəkilmir, sahənin siyasi əhəmiyyəti azaldılır», - həmin QHT bildirir.

«İndi sərgidə göstərilir ki, bu baraklarda məhbuslar yaşayıb, bura hamamxanadır. Ancaq siyasi repressiyadan danışılmır», - muzeyin direktoru Viktor Shmyrov «Associated Press» agentliyinə deyib. «Onlar muzeyin əsl mahiyyətini dəyişirlər».

Üstəlik, yeni rəhbərlik keçmiş həbsxana nəzarətçiləridir. Rusiyanın «Memorial» insan haqları qrupunun prezidenti Arseny Roginsky deyir ki, «sovet terroru muzeyinin cəza sistemi muzeyinə çevrilməsi bir faciədir».

1937-1938-ci illərdə Josef Stalin repressiyası zamanı 700 min nəfərin öldürüldüyü bildirilir. «Perm-36»da 1980-ci illərədək dissidentlər cəza çəkib. 1985-ci ildə ukraynalı şair, dissident Vasyl Stus aclıq aksiyası keçirərək bu düşərgədə həlak olub.

«Prezident Vladimir Putin-in məhv etmək istədiyi məhz bu yaxın keçmişdir», - jurnalist Ola Cichowlas deyir. O, 2010-cu ildə Permdə «Memorial» qrupu üçün işləyib. «Onlar 80-ci illərin dissidentlərinin xatirəsini heç cür əbədiləşdirmək istəmirlər».

QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ AYI PUTİN-İN YANAĞINI OPÜR

Rusiyada bir jurnal Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi buraxılış hazırlayıb. «Most» jurnalının üz qabığında bir ayı prezident Vladimir Putin-in yanağını yalayır. Putin fotoda gülümsəyir. Şəklin altında yazılıb: «8 Martınız mübarək, qızlar!».

«8 Martınız mübarək, qızlar!»
«8 Martınız mübarək, qızlar!»

«The Moscow Times» yazır ki, Putin-lə ayının bayrama nə dəxili olması izah edilmir, ancaq yerli medianın ehtimalına görə, ayının qulağı üstündəki gül onun zərif cinsə mənsub olduğunu göstərir.

Jurnalı hakim Vahid Rusiya Partiyasının gənclər fraksiyası buraxıb. Şəhərdə pulsuz paylanacağı gözlənir.​

İRAN SAZİŞİNİN «GÜNBATANI»

«İranın hazırlanan nüvə sazişinin qüsurları o qədərdir ki, nədən başlamağı bilmirsən. Ən böyük qüsuru isə, İsrail baş nazirinin bu həftə Konqresdə anlatdığı kimi, sazişin «günbatan» maddəsidir», - John Hannan «Foreign Policy»də belə yazır.

«Heyrətamiz məsələ odur ki, Obama administrasiyası 10 ildən sonra müddəti bitəcək sazişi imzalamağa hazırlaşır. Həmin anda sazişin İranın nüvə proqramı üzərinə qoyduğu məhdudiyyətlər yoxa çıxacaq. İran iqtisadiyyatı da nüvə fəaliyyətindən dolayı sanksiyalardan azad olacaq və bu hökumətə istənilən başqa nüvə silahsız ölkə kimi baxılacaq. Bu, İranı Hollandiyaya bənzədəcək. Hollandiya reaktor yanacağı hazırlamaq üçün yüz minlərlə qabaqcıl sentrifuqa istehsal edir. O, Yaponiyaya oxşayacaq. Yaponiya minlərlə nüvə başlığı üçün yetərli plutonium yığıb. Braziliya kimi olacaq. Braziliya nüvə sualtı qayıqları üçün uran istehsal edir».

«Ona görə də Netanyahu dedi ki, Obama-nın sazişi İranın bombaya yolunu bağlamır, bu yolu açır. O, haqlıydı», - müəllif yazır. ​

XS
SM
MD
LG