Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:57

Nils Muižnieks: “İntiqam Əliyev Avropa Məhkəməsinə 200-dən çox ərizə göndərib”


Nils Muiznieks
Nils Muiznieks

.

Martın 16-da Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks Avropa İnsan Haqları Məhkəməsinə hüquqşünas İntiqam Əliyevin işi üzrə qeydlərini göndərib. Qeydlər martın 18-də yayılıb. Xatırladaq ki, bu, komissarın Azərbaycanla bağlı Avropa Məhkəməsinin işinə ikinci müdaxiləsidir.

Fevralın 24-də Komissar Muižnieks «Tolişi sədo» qəzetinin həbsdə olan baş redaktoru Hilal Məmmədovun işi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə müşahidələrini təqdim etmişdi.

Bu təqdimat komissar tərəfindən atılan nadir addım, insan haqları problemlərinin yaratdığı ciddi durumun həllinə yönəlik «sonuncu silah» sayılır.

HÜQUQİ QISNAMA

Komissar 50 bənddən ibarət qeydlərində vurğulayır ki, Azərbaycanda insan haqları müdafiəçilərinin vəziyyətindən böyük narahatlıq keçirir. Belə ki, ölkədə tənqidi səslərə qarşı hüquqi qısnama geniş yayılmış fenomenə çevrilib. Komissar dəfələrlə hesabatlarında və müşahidələrində bu məsələni hakimiyyətin diqqətinə çatdırdığını yada salır.

Komissar ötən ilin oktyabrında hüquqşünas İntiqam Əliyevlə Kürdəxanı təcridxanasında görüşünü xatırladır. Cənab Muijnieks inanır ki, bu iş Azərbaycanda ciddi və sistematik insan haqları probleminin təcəssümüdür və bu problem Komissarın və digər beynəlxalq tərəflərin saysız cəhdlərinə baxmayaraq indiyədək həll olunmamış qalır:

“Azərbaycana səfərləri və davamlı monitorinq vasitəsilə Komissar Azərbaycanda ifadə, toplaşma və birləşmə azadlıqları sahəsində bir sıra qüsurlar üzə çıxarıb. Komissar belə bir qənaətə gəlib ki, Azərbaycan bu azadlıqların təminatını tələb edən beynəlxalq öhdəliklərinə əməl etmir. İfadə azadlığı ilə əlaqədar Komissar hakimiyyəti bu hüquqa hörmət etməyə və ifadə etdikləri fikirlərinə görə saxlananları azadlığa buraxmağa çağırıb”.

Qeydlərdə vurğulanır ki, Komissarın bu çağırışlarını müxtəlif qurumlar da ayrı-ayrı bəyanatlar, sənədlərlə təsdiqləyiblər.

QHT İŞİ

Birləşmə azadlığına gəlincə, özəlliklə insan haqları sahəsində işləyən, hökuməti açıq tənqid edən QHT-lər bir sıra maneələrlə üzləşib. Bir sıra QHT-lərin qeydiyyatı uzanıb. QHT qanunvericiliyinə dəyişikliklər isə onların Azərbaycanda işini daha da məhdudlaşdırır. Komissar QHT-lərin işi üzrə də detallı bilgi verir.

Daha sonra insan haqları müdafiəçilərinə təzyiqlərdən danışan Komissar İntiqam Əliyevin 2014-cü ilin avqustunda həbsinin daha böyük kampaniyanın bir hissəsi olduğunu vurğulayır.

Komissarın fikrincə, Avropa Şurası və ya digər təşkilatlarla əməkdaşlıq edən, ölkədə insan haqları pozuntularını pisləyən hüquq müdafiəçiləri və jurnalistlər təqib olunub. Həmin şəxslərin demək olar hamısı son illər Komissarın ofisinin təşkil etdiyi dəyirmi masalarda iştirak edib. Bəziləri bir sıra işləri Avropa Məhkəməsinə aparıb. Bəziləri ötən il AŞPA-nın sessiyaları çərçivəsində keçirilən tədbirlərə qatılıb və ya onları təşkil edib.

Komissar İntiqam Əliyevin Azərbaycanın ən tanınmış hüquq müdafiəçilərindən biri və Avropa Şurasının uzunmüddətli tərəfdaşı olduğunu vurğulayır. “O, son illər ərzində Avropa Şurasını Azərbaycanda insan haqlarının durumu barədə dəyərli informasiya ilə təmin edib,” Komissar qeyd edir.

AVROPA MƏHKƏMƏSİNƏ APARILAN İŞLƏR

“Hər şeydən öncə, Əliyev 2001-ci ildən bəri Avropa Məhkəməsinə Azərbaycana qarşı 200-dən artıq ərizə təqdim edib. Bəziləri ilə bağlı qərar çıxarılıb, qərarlarda Məhkəmə Konvensiyanın azı bir pozuntusunu aşkarlayıb. Bu yaxınlarda Məhkəmə 2010-cu il parlament seçkiləri ilə bağlı 40-dan çox ərizəçinin qaldırdığı 20-dən artıq işlə bağlı kommunikasiyaya başlayıb. İntiqam Əliyev həmçinin Avropa Şurası Nazirlər Komitəsini və Komissarın özünü Avropa Məhkəməsinin hökmlərinin icrası ilə bağlı mütəmadi məlumatlandırıb”.

Komissar Muijnieks İntiqam Əliyevə qarşı ittihamların digər insan haqları müdafiəçilərinə qaldırılan maddələrlə eyniliyinə diqqət çəkir.

Komissar həbs qətimkan tədbirinin Azərbaycanda qabaqlayıcı tədbir kimi tətbiqindən də ciddi narahatlığını bildirir. “Həbs qətimkan tədbiri narazı fikir bildirənlərə qarşı bir cəza alətidir”.

Nəhayət, Nils Muijnieks qeyd edir ki, Ofisinin vətəndaş cəmiyyəti tərəfdaşlarına repressiyalar Azərbaycanda insan haqları sahəsində işi çətinləşdirir. “Bu repressiyalar dərhal dayandırılmalı və baxışlarına və ya qanuni vətəndaş fəaliyyətinə görə həbs olunanlar azadlığa buraxılmalıdır,” Komissar vurğulayır. ​

Hələlik Azərbaycan rəsmilərinin bu məktubda səslənən tənqidlərlə bağlı fikirləri səslənməyib. Amma əksər hallarda Bakıda rəsmilər insan haqları ilə bağlı tənqidləri rədd edir, bir sıra ictimai fəalların konkret cinayət işlərinə görə görə həbs edildiklərini bildirir.

İntiqam Əliyev də vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq və mənimsəmə maddələri ilə ittiham olunur.

Özü ittihamları qəbul etmir. Beynəlxalq qurumlar bu həbsi siyasi motivli sayıb.

XS
SM
MD
LG