Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:01

İqtisadçı: «Büdcəni qayçılamaqla böhrandan yaxa qurtara bilməyəcəklər»


Milli Məclis
Milli Məclis

-

«Bu gün Azərbaycan hətta corabı, «mayka»nı da ya İran, ya da Çindən alır: Amma imkanımız var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin».

Bunu martın 17-də parlamentdə deputat Səyavuş Novruzov hökumətin hesabatını dinləyəndən sonra deyib.

Baş nazir Artur Rasizadə bildirib ki, əsas kapitala yönəldilən 17,6 milyard manatlıq vəsaitin 66 faizdən çoxu qeyri-neft sektorunun payına düşüb. O deyib ki, orta aylıq əməkhaqqı 4,5 faiz, əhalinin gəlirləri 4,8 faiz, banklardakı əmanətləri 12,4 faiz artıb:

«İllik inflyasiya isə 1,4 faiz səviyyəsində saxlanılıb».

Artur Rasizadə hesabatında vurğulayıb ki, «qarşıya qoyulan bütün məqsədlərə nail olunub, iqtisadiyyat şaxələndirilib, xalqın rifahı üçün əhəmiyyətli addımlar atılıb».

Kənd təsərrüfatına yönəldilən vəsaitlərə toxunan baş nazir deyib ki, 2014-cü ildə bu sahəyə xüsusi diqqət ayrılıb, kənd təsərrüfatı 5 il müddətinə bütün vergilərdən azad edilib. İri fermer təsərrüfatının yaradılmasına nəzərdə tutulan layihələrə 47 milyon manat ayrılıb, -baş nazir hesabatında bildirib.

2014-cü ilin büdcə icrasının ölkə iqtisadiyyatının inkişafına hansı təsirləri olub?

«Aldığım 30 məhsuldan yalnız 4-ü yerli məhsul idi»

Keçmiş millət vəkili Nazim Məmmədov AzadlıqRadiosuna müsahibəsində deyir ki, baş nazirin çıxışına qulaq asandan sonra marketə gedib bazarlıq edib:

«30 adda məhsul aldım. Aldığım məhsulun yalnız dördü -yumurta, Masazır duzu, «Sun peçete», lavaş Azərbaycanda istehsal olunub, qalanı yaxın və uzaq ölkələrin məhsuludur».

İqtisadçı Nazim Məmmədov deyir ki, əgər rəsmi rəqəmlərdə olduğu kimi 17 milyarddan çox vəsait investisiyaya yönəldilibsə, qeyri-neft sektoru neft sektorunu üstələyibsə, bu, ondan xəbər verir ki, hökumətin iqtisadiyyatın diversifikasiyası ilə bağlı ötən ilki gözləntiləri özünü doğruldub:

Nazim Məmmədov
Nazim Məmmədov

«Əgər bu səslənən fikirlərin, rəqəmlərin arxasında real işlər dayanırsa, hökuməti təbrik etmək olar. Ancaq təəssüf ki, reallıq başqa mənzərə göstərir: bazar və marketlərdəki malların orta hesabla 70 faizdən çoxu yaxın və uzaq ölkələrdə istehsal olunan məhsullardır. Biz 2014-cü ildə istehlak etdiyimiz gündəlik tələbat mallarının idxalı üçün xaricə 8 milyarddan çox vəsait göndərmişik. İndi təsəvvür edin ki, bizim istehsalçılarımız bu bazarı təmin etsələr, büdcə nə qədər qazanar, xaricə valyuta axını necə azalar».

«İqtisadi monopoliya ləğv edilməlidir»​

Sabiq deputat əlavə edir ki, iqtisadi fəallığın artırılması üçün monopoliya tam ləğv edilməlidir:

«Biznesin ucuz və uzunmüddətli maliyyə resurslarına çıxışını asanlaşdırmalı, dövlət xərclərini azaltmaq üçün struktur, institusional islahatlar aparmalı, məmur özbaşınalığına son qoymalıdır. Bir sözlə, məmurun bizneslə məşğul olmağının qarşısını almaq üçün şəffaflıq artırılmalı, məsuliyyət tələb olunmalıdır, vergi bazasını artırmaq üçün islahatlar dərinləşməlidir, inzibatçılığı artırmaqla yanaşı, iqtisadiyyatın liberallaşması daha da sürətləndirilməlidir. Nazirlər Kabineti dinamik olmalı, iqtisadi proseslərin arxasında deyil, önündə olmalı, bunun üçün köklü kadr islahatları da aparılmalı, lazımsız, bir-birini təkrar edən nazirliklər, komitələr, xidmətlər birləşdirilməli, ixtisarlar olmalı, əsassız xərcləmələrin qarşısı alınmalıdır».

Nazim Məmmədov hesab edir ki, son illərdə dövlətin investisiya xərcləri ildə 7 milyard manat ətrafında olur:

Bu investisiyaların əhəmiyyətli bir hissəsi korrupsiyanın yemi olur, səmərəsiz xərcləmələr KİV-in gündəmindən düşmür, tenderlər keçirən nazirliklərin xərclərinə nəzarət çox zəifdir, bəzi hallarda heç bir nəzarət yoxdur...

«Bu investisiyaların əhəmiyyətli bir hissəsi korrupsiyanın yemi olur, səmərəsiz xərcləmələr KİV-in gündəmindən düşmür, tenderlər keçirən nazirliklərin xərclərinə nəzarət çox zəifdir, bəzi hallarda heç bir nəzarət yoxdur. Bütün bu neqativlərin qarşısını almaq üçün Hesablama Palatası, Maliyyə və Vergilər Nazirliyi çox ciddi işlər görməlidir, ancaq biz bunu da hələlik müşahidə edə bilmirik. Fikrimcə, hökumətin iqtisadi komandası tamam yenilənməli və yeni çağırışlara cavab verə biləcək fəaliyyət göstərməlidir».

2015-ci ilin büdcəsinin «qayçılanması»​ çıxış yoludurmu?

Hökumət bu ilin büdcəsini deyəsən, ötən ilki kimi əliaçıqlıqla xərcləyə bilməyəcək.

Elman Rüstəmov
Elman Rüstəmov

Mərkəzi Bankın sədri Elman Rüstəmov martın 17-dəki parlament çıxışında deyib ki, Maliyyə Nazirliyi neftin ucuzlaşmasının hələ uzun müddət davam edəcəyini nəzərə alaraq büdcə xərclərini neft qiymətləri nəzərə almaqla həyata keçirir.

Nazim Məmmədov hesab edir ki, Maliyyə Nazirliyi belə də etməlidir: “Çünki Neft Fondundan nəzərdə tutulan transferlər olmaya da bilər. Belə ki, il ərzində daxil olan vəsaitin 25 faizi gələcək nəsillərə saxlanılmaq şərti ilə fonddan transfertə baş tutmalıdır. Mümkündür ki, Neft Fondunun 2015- ci ildə proqnoz gəlirləri dövlət büdcəsinə transfer olunacaq 11 milyard manatdan bir qədər az olsun, onda da hökumət ciddi maliyyə sıxıntısına düşə bilər. İqtisadiyyatın liberallaşdırılması zəruriyyətini bir daha vurğulayır. Populist yol çıxış yolu deyil, bu, ancaq vəziyyətimizi daha da mürəkkəbləşdirər”.

İslahat, islahat, yenə də islahat…

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev də Facebook profilində yazıb ki, hökumət neft pulu «fontan vuranda yanlış düşüncədə» idi: «Elə bilirdi ki, nəhəng pullar xərcləməklə bütün problemləri həll etmək olur - heç bir islahat aparmadan.

Yalnız büdcəni qayçılamaqla böhrandan yaxa qurtara bilməyəcəklər

Pul kəskin azalanda da yanlış düşüncədədi: yenə də fikirləşirlər ki, heç bir idarəetmə islahatı aparmadan yalnız büdcəni qayçılamaqla böhrandan yaxa qurtara bilməyəcəklər».

Rövşən Ağayev yazır ki, büdcə islahatları aparılmalıdır:

«Büdcə xərclərinin büdcə proqramlarına, nəticəlilik və effektivlik göstəricilərinə, ictimai nəzarət mexanizmlərinin tətbiqinə əsaslanan idarəçiliyinə keçid təmin olunmalıdır. Dövlət idarəetmə aparatı yenidən təşkil edilməlidir. Qərb ölkələrindəki müqavilə sisteminə üstünlük verilməlidir. Bu sistemə əsasən büdcədən maliyyə alan hər bir dövlət qurumu mərkəzi hökumətlə öz funksiyalarına və proqram öhdəliklərinə uyğun müqavilə bağlayır, onların hər biri üçün çox konkret məsuliyyət mexanizmləri müəyyənləşdirilir, müqavilə şərtlərinin icrasına sərt nəzarət sistemi qurulur, müqavilələrin icrası keyfiyyət və kəmiyyət göstəriciləri əsasında monitorinq edilir, vətəndaş cəmiyyətinin bu monitorinqdə əlahiddə rolu təmin olunur».

XS
SM
MD
LG