Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:23

Kosa bayramın qurtarmasını istəmir


Kosa
Kosa

.


“Kosa kimi böyükləri də, uşaqları da şənləndirirəm, bayramlarını təbrik edirəm. Özüm də sevinə bilirəmmi, bax, onu bilmirəm”...

Hamı onu deyib-gülən, zarafatcıl, baməzə, bir az da arsız-qayğısız Kosa kimi tanıyır. Novruz bayramının əsas qəhrəmanlarındandır. Məzəli papağı, çiynində xurcunu, bəzəkli paltarı... Oynayır, uşaqlarla atılıb-düşür.

Axşam düşür, yorulur. Ancaq biruzə vermir, yenə adamlarla zarafatlaşır, şəkil çəkdirir, pay istəyir. Bu, onun roludur, Kosa rolu. Ancaq o, bütün bu oyunlardan iki balasına çörək aparmaq üçün çıxır. Çünki Kosa – 30 yaşlı İlkin işsizdir, neçə vaxtdır iş axtarıb, tapa bilməyib. Bu Novruz günlərində Kosa roluna girməklə özünə 9 günlük iş tapıb:

“İşsizəm, işləmirəm. Burda günə nə versələr, şükr eləyirəm. Bayram başlayandan 28-ə qədər burdayıq. Səhər saat 9-dan axşam 11-ə, 12-yə qədər burda oluram”.

Övladının bağçaya yazılmasına da ondan rüşvət istəyirlər

Kosa deyir indiyə qədər günəmuzd nə iş olsa görüb. Ancaq günəmuzd. Ailəsini dolandırmaq üçün daimi bir işinin olmasını istəyib. Ancaq hara müraciət eləyibsə, hər yerdən ümidsiz qayıdıb. İşə götürülməsi, övladının bağçaya yazılması üçün ondan rüşvət istəyiblər:

“Fəhləliyə də adamı pulla götürürlər. Pulun var, götürürəm, yoxdursa, götürmürəm. İş üçün o qədər müraciət eləmişəm ki. Nömrəni götürürlər, deyirlər zəng vuracağıq, ancaq vurmular. Qarovulçu da işləmişəm. Səhərə kimi qalırdım, günə 4 manat pul verirdilər. Uşaqlarımın birinin 5 yaşı var, birinin 3.

Dünən bağçaya aparmışdıq, bağçanın rəhbəri uşağı bağçaya götürmək üçün 300 manat istədi. 15 manat da versələr, 10 manat da versələr, gəlirəm Kosalıq eləyirəm ki, uşağın bağça pulunu düzəldə bilim”.

Kosa bayramın qurtarmasını istəmir. Çünki yenə işsiz günləri başlayacaq. Yenə iki uşağının üzünə baxa bilməyəcək. Ancaq indiliksə hələ bayram günləri davam edir, hələ bir-iki gün də işi var.

Bahar Qız daha ümidlidir

Bahar qızı
Bahar qızı

Bir də Bahar Qız var. 25 yaşlı Səadət Cəbrayılova. Kosadan fərqli, o, işsiz deyil. Satıcı işləyir. Ancaq aldığı qəpik-quruşdur. Heç əyin-başına da çatmır. Bayram günləri işlədiyi mağaza istirahətdə olduğundan o da bu 9 gündə əlavə pul qazanmaq qərarına gəlib. Səhər saat 11-dən axşam 9-a qədər işləyir:

“İstəyirəm ki, öz ayaqlarım üstündə durum. Uşaqlar gəlir, onları əyləndirirəm. Oynayırıq, şer deyirik, şəkil çəkdiririk. Nə qədər çox şəkil çəkdirsək, xeyirdir. Çünki əsas gəlirimiz şəkillərdəndir. Pul qazanıram, deyib-gülürk, vaxt gedir. Görürsən ki, kiməsə lazımsan”.

Bahar Qız deyəsən baharın sərin havasında üşüyür. Ancaq üzə vurmur:

“Altdan qalın geyinmişəm, üstdən bu nazik Bahar Qız paltarını. Təkcə bu olsaydı, üşüyərdim, indi üşümürəm,” deyib onu gözləyən uşaqların yanına qaçır.

Novruzun Kosası, Bahar Qızı işsizlikdən, rüşvətxorluqdan, güzəranın ağırlığından əziyyət çəkir. Ancaq yenə ümidlidirlər. Ümidləri özlərinə, bir də qışın sərt soyuğundan sonra canlarını qızdıran yazadır.

XS
SM
MD
LG