Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:33

Rəsul Cəfərov: «Heç yerə qaçmaq fikrim yoxdur»- [video]


Rəsul Cəfərov Rəsul Cəfərova dedi ki...
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Rəsul Cəfərov Rəsul Cəfərova dedi ki...

-

«Heç yerə qaçmaq və gizlənmək fikrim yoxdur, heç əvvəldən də olmayıb. Bank hesablarıma həbs qoyulanda xaricdə səfərdə idim. Səfərim başa çatan kimi qayıtdım».

Bunu hüquq müdafiəçisi Rəsul Cəfərov martın 31-də keçirilən məhkəmə prosesində deyib.

Rəsul Cəfərovun işi üzrə növbəti proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Prosesdə əvvəlcə ittiham tərəfinin dindirilməli olan sonuncu şahidi Rəşad Şirinovun istintaq zamanı verdiyi ifadə elan olundu. Rəşad Şirinov hazırda ölkə xaricindədir və prosesdə iştirak edə bilməyəcəyi, istintaqa verdiyi ifadənin nəzərə alınması ilə bağlı məhkəməyə məktub ünvanlayıb.

İstintaqa verdiyi ifadəsində Rəşad Şirinov deyib ki, Rəsul Cəfərovla iki layihə çərçivəsində əməkdaşlıq edib, tərcüməçi kimi fəaliyyət göstərib. İki tərəf arasında müqavilə bağlanıb və Rəşad Şirinov həm müqavilələrdəki, həm də mədaxil qəbzlərindəki imzaların ona məxsus olduğunu bildirib.

Bununla da prosesdə ittiham tərəfinin şahidlərinin dindirilməsi başa çatıb, dövlət ittihamçısı əlavə şahidlərinin olmadığını bildirib.

«ƏLAVƏ ŞAHİDLƏR DİNDİRİLSİN»

Müdafiə tərəfi isə əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırıblar. Vəkil Fariz Namazlı İlkin Rüstəmzadənin anası Atlas Hüseynova və Yusif İlkinin əlavə şahid kimi dindirilməsini istəyib. Amerika fondlarından birinin Rüstəmzadələr ailəsinə göndərdiyi maliyyə yardımı Rəsul Cəfərovun bank hesabına gəlibmiş. Yusif İlkin isə «Art for Democracy» layihəsi çərçivəsində film çəkib və Rəsul Cəfərovun bank hesabına gələn maliyyənin bir hissəsi ona xidmət haqqı kimi verilib.

Həm dövlət ittihamçısı, həm də hakim istintaq zamanı və indiyədək müdafiə tərəfinin bu şahidlərin vacibliyi ilə bağlı hər hansı qeydlərinin olmamasını irad kimi bildiriblər.

Hakim bu vəsatəti əsassız saydığından təmin etməyib.

«SONRADAN DÜZƏLDİLMƏ» SƏNƏDLƏR

Vəkillərin növbəti vəsatəti əlavə sənədlərlə bağlı olub. Onlar məhkəməyə qrantlar çərçivəsində maliyyə vəsaitlərinin hansı təyinatlar üzrə xərclənməsinə dair sənədlər və donor təşkilatlardan alınan məktubları təqdim ediblər. Həmin məktublarda donor təşkilatlar Rəsul Cəfərovla bağlı heç bir şikayətlərinin olmamasını, maliyyənin təyinatı üzrə xərcləndiyini qeyd edirlər.

Daha bir vəsatət zərərçəkənlər Nicat İmranov və Anar Cəbiyevin mədaxil qəbzlərindəki imzalarının onlara məxsus olmasının təsdiqlənməsi üçün alternativ ekspertizanın keçirilməsi ilə bağlı olub. Cinayət işindəki yerli ekspertiza rəyində həmin imzaların adıçəkilən şəxslərə aid olmadığı iddia olunur.

Dövlət ittihamçısı müdafiə tərəfinin təqdim etdiyi sənədlərin saxta olması ehtimalını istisna etmədi. Bildirdi ki, bu sənədlər «sonradan düzəltmə» sənədlər də ola bilər və təqsirləndirilən şəxsin məsuliyyətdən yayınması məqsədilə hazırlana bilər.

Hakim vəsatətləri təmin etdi, əlavə sənədlərin tədqiq olunub qiymət veriləcəyini bildirdi.

Fariz Namazlı
Fariz Namazlı

«ALTERNATİK EKSPERTİZA KEÇİRİLSİN»

Fariz Namazlı növbəti vəsatət qaldıraraq alternativ ekspertizanın keçirilməsi üçün cinayət işinin içindən Nicat İmranov və Anar Cəbiyevə məxsus mədaxil qəbzlərinin əslinin onlara verilməsini istədi.

Hakim əsassız saydığı üçün bu vəsatəti təmin etmədi.

Müdafiə tərəfinin daha bir vəsatəti Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının eksperti Təranə Abdullayevanın məhkəməyə çağırılması ilə bağlı oldu.

Bu vəsatət ekspert rəyi məhkəmədə tədqiq olunanadək təxirə salındı.

Vəkillər daha sonra bildirdilər ki, cinayət işində mənimsənildiyi iddia olunan Açıq Cəmiyyət İnstitutunun maliyyə vəsaitləri ilə bağlı sənədlər təşkilatın özündə olub. Amma həmin təşkilatın Bakı ofisində də axtarış aparan istintaq orqanı həmin sənədləri də götürüb. Vəkillər həmin sənədləri məhkəmənin istintaq orqanından istəməsi məsələsini qaldırıblar.

Bundan başqa qeyd ediblər ki, Norveç Krallığının Bakıdakı səfirliyindən də Rəsul Cəfərovun bank hesabına səfər xərcləri köçürülüb. Səfirlik bu vəsaitin məhz səfər üçün olduğu və təyinatı üzrə xərcləndiyini bildirən məktub göndərsə də, bunu həm də sənədlərlə sübut edə bilər. Amma həmin sənədlərin təqdim olunması üçün məhkəmənin müraciəti olmalıdır. Vəkillər məhkəmədən səfirliyə sorğu göndərməyi xahiş etdilər.

Hakim bu vəsatətlərin heç birini təmin etmədi.

«QAÇMAQ EHTİMALI İNDİ YOX, ƏVVƏLDƏN VAR İDİ»

Növbəti vəsatət Rəsul Cəfərov haqqında seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə oldu. Vəkil Fariz Namazlı bildirdi ki, artıq indiki mərhələdə Rəsul Cəfərovun zərərçəkən və şahidlərə təsir və ya təzyiq göstərmə ehtimalı da aradan qalxıb. Onlar artıq dindirilib.

Bu vəsatətlə bağlı Rəsul Cəfərov da danışıb:

Rəsul Cəfərovun həbsi - 2 avqust 2014
Rəsul Cəfərovun həbsi - 2 avqust 2014

«Heç vaxt heç yerə qaçmaq və gizlənmək fikrim olmayıb. Bank hesabıma həbs qoyulanda mən xaricdə səfərdə idim. Buna baxmayaraq səfər bitən kimi qayıtdım. Bundan sonra da əvvəlcədən müəyyənləşdirilmiş səfərim var idi, mənə bildirildi ki, ölkəni tərk edə bilmərəm, çıxışıma qadağa qoyulub. Bu zaman istəsəydim, ölkədən qeyri-qanuni yolla çıxmağa ən azından cəhd edərdim və ya gizlənərdim. İstintaqa dəvət olunandan dərhal sonra vaxtlı-vaxtında gedib ifadə vermişəm, bütün sənədləri təqdim etmişəm. Yəni, qaçmaq ehtimalı indi yox, elə əvvəldən var idi. Belə bir şey olsaydı, indiyədək olardı».

Rəsul Cəfərov bütün sənədlərin istintaq orqanında olduğundan sənədləri saxtalaşdırma ehtimalının da olmadığını bildirdi. Onu da dedi ki, burada söhbət elə bir cinayət işindən gedir ki, bunu təkrar törətmək də mümkün deyil, çünki bunun üçün ən azından bank hesabı lazımdır.

«RƏSUL CƏFƏROVUN ÇOX GENİŞ ƏLAQƏLƏRİ VAR»

Dövlət ittihamçısı bu arqumentlərlə razılaşmadı:

«Rəsul Cəfərovun çox geniş əlaqələri var. Formal cəhətdən hesab edirəm ki, bundan istifadə edə bilər. İstintaqdan qaçıb gizlənmə ehtimalı olduğuna görə bu vəsatətin təmin olunmamasını istəyirəm. Həm də zərərçəkən və şahidlərə təzyiq ehtimalları da hələ ki, aradan qalxmayıb».

Hakimlərin müşavirəsindən sonra bu vəsatətin də təmin olunmadığı elan edildi.

Vəkil Əlibaba Rzayev bildirdi ki, ittihamda külli miqdarda vəsaitin mənimsənildiyi iddia olunur. Amma bu mənimsəməni göstərən dəlillər ortada yoxdur. Vəkil vəsatət qaldıraraq tələb etdi ki, yoxlama aktını tərtib edənlər məhkəməyə çağırılsın və onlardan izahat alınsın.

Hakim sənədlər tədqiq olunanadək bu vəsatəti təxirə saldı.

Növbəti proses aprelin 9-a təyin olundu. Gələn prosesdə sənədlərin tədqiqinə başlanacaq.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG