Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:53

Giorgi Gogia: «Sonucda siyasi qərar verdilər»


Giorgi Gogia
Giorgi Gogia

-

«Human Rights Watch» hüquq-müdafiə təşkilatının Cənubi Qafqaz üzrə tədqiqatçısı Giorgi Gogia martın 30-da Bakıya buraxılmayıb. O, iki hüquq müdafiəçisinin məhkəməsində iştirak etməyi planlaşdırırdı.

«Human Rights Watch» martın 31-də yaydığı bəyanatda bildirir ki, immiqrasiya rəsmiləri Gogia-nın pasportunu alıb, onu pasport zalında saxlayıb, 31 saatdan sonra pasportu Gogia-nı geriyə – Tbilisiyə aparan təyyarənin ekipajına təqdim ediblər. Heç bir izahat verilməyib.

ŞAHİDSİZ

«Giorgi Gogia-nın məhkəmələrdə iştirakını əngəlləmək hakimiyyətin insan haqları pozuntuları sahəsində necə irəli getdiyini göstərir», - qurumun Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyir. «Onlar ölkə daxilində tənqidi səsləri qəddarcasına susdurublar və indi də heç kəsi ölkəyə buraxmırlar ki, etdiklərinin şahidi olmasın».

Birinci dəfədir ki, Azərbaycan hakimiyyəti «Human Rights Watch»un əməkdaşını ölkəyə buraxmır. Qurum son bir ildə insan haqları fəallarının saxta ittihamlarla həbs olunduğunu, bir sıra müstəqil qrupların susdurulduğunu qeyd edir.

Gogia hüquqşünas İntiqam Əliyev və ictimai fəal Rəsul Cəfərovun məhkəmələrində iştirak etməyi planlaşdırırdı.

«Avropa Oyunlarına 3 ay qalmış, hökumətin dünyanı Bakıda qonaqladığı bir vaxtda ölkənin kənar tənqidi baxışlara bağlanması sarsıdıcıdır», - Williamson deyib.

RƏSMİ ORQANLAR SUSUR

AzadlıqRadiosu martın 31-də gün ərzində rəsmi orqanlardan –Bakı Hava Limanından, Sərhəd Xidmətindən Gogia-nın saxlanması barədə məlumat ala bilməyib. Sərhəd Xidmətindən məsələyə münasibət bildirməkdən imtina etdilər. Xarici İşlər Nazirliyindən də şərh almaq mümkün olmayıb.

Giorgi Gogia-nın Azərbaycandan deportasiyasına bir sıra xarici media orqanları da diqqət ayırıb. eurasianet.org-da Giorgi Lomsadze yazır ki, «Human Rights Watch» və Gogia Azərbaycanda avtoritar idarəçiliyi kəskin tənqid edib. eurasianet.org da Xarici İşlər Nazirliyindən şərh ala bilməyib.

«The New York Times» qəzetində David M.Herszenhorn isə yazır ki, Azərbaycanın veteran insan haqları işçisini ölkəyə buraxmaması artan siyasi repressiyasının son nümunəsidir.

Yazıda Azərbaycanda ötən ilki həbslər dalğası narazılara təzyiqlər kimi qiymətləndirilir. Jurnalist Xədicə İsmayılın həbsi, dekabrda AzadlıqRadiosunun Bakı bürosunun möhürlənməsi xatırlanır.

SİYASİ QƏRAR

Gürcüstana çatan Gogia qəzetə deyib ki, o, əvvəllər Azərbaycana daxil olmaqla bağlı problem yaşamayıb, eləcə də heç vaxt mübahisəli Dağlıq Qarabağ bölgəsinə getməyib.

Müxbir xatırladır ki, Dağlıq Qarabağa gedənlərin Azərbaycana gəlməsinə qadağa qoyulur.

«Aydındır ki, məni sonucda ölkəyə buraxmamaqla bağlı siyasi qərarlar veriblər», - Gogia söyləyib.

«Human Rights Watch» son bir ildə Azərbaycanda azı 35 nəfərin məhz hakimiyyəti tənqid etdiyi üçün həbsə atıldığını bildirir. Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi motivli həbslərin olmadığını, həmin şəxslərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir. Hökumət «Human Rights Watch», «Amnesty International» kimi beynəlxalq qurumların Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv mövqe sərgilədiyini vurğulayır. ​

XS
SM
MD
LG