Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:05

İlk Avropa Oyunlarının keçiriləcəyi məkanlarda qızğın iş gedir- [fotolar]


Koroğlu metrostansiyasının ətrafındakı çoxmərtəbəli Olimpiya kənd​i
Koroğlu metrostansiyasının ətrafındakı çoxmərtəbəli Olimpiya kənd​i

-

Koroğlu metrostansiyasının ətrafı - Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası və Atletlər Kəndinin yerləşdiyi ərazinin bir neçə il əvvəlki görünüşündən əsər-əlamət yoxdur. İndi burda iki il əvvəlki görünüşə xas olmayan park da salınıb, bulvardakı bahalı ağaclardan da əkilib.

Çoxmərtəbəli «kənd»​, 83 min kvadratlıq yaşıllıq

Metrodan çıxmamışdan işarələr Milli Gimnastika Arenasına gedən yolu göstərir.

Milli Olimpiya Komitəsindən AzadlıqRadiosuna bildiriblər ki, Milli Gimnastika Arenasında 5 displin üzrə - bədii gimnastika, idman gimnastikası, tramplin və iki nümayiş - aerobika və atrobatika yarışları keçiriləcək. Gimnastika üzrə yarışlar 4 gün davam edəcək.

Arena 7 minə yaxın tamaşaçı tutur.

68 minlik Bakı Olimpiya Stadionun ətrafında da qızğın iş gedir. Baxmayaraq ki, burda əsas işlər tamamlanıb. Fəhlələr deyir ki, son tamamlama işlərini görürlər. Martın 18-də prezident İlham Əliyev stadionun açılışını edib. Bu stadionda ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimi olacaq, atletika yarışları keçiriləcək.

Tamamlanma işləri aparılır
Tamamlanma işləri aparılır

Bakı Olimpiya Stadionunun təməli 2011-ci il iyununda FİFA prezidenti Jozef Blatterin və UEFA prezidenti Mishel Platini iştirakı ilə qoyulub. Stadionun ətrafında 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınıb. Təxminən 50 hektar ərazidə tikilən stadionun hündürlüyü 62 metrdir və 6 mərtəbədən ibarətdir.
Elə Olimpiya Stadionunun və Milli Gimnastika Arenasının yaxınlığında çoxmərtəbəli Atletlər Kəndi salınıb. 13 yaşayış binası, yardımçı binalardan ibarət kompleksdə 2 - 3 və 4 otaqlı olmaqla, ümumilikdə 1161 mənzil var. Eyni vaxtda 7500 adam qala bilər.

Ərazidə işləyən fəhlələr, təmizlikçilər, bağbanlar deyir ki, «bir dəqiqə də olsun işdən ayrıla bilmərik, çünki vaxta az qalıb».

Adını deməyən bağbanlardan biri, özü demiş burda can qoyanlardandır:
«Kompleks burdadır, stadion da biraz o tərəfdə. Biz də buralara nəzarət edirik. Yarışların yüksək səviyyədə keçməsində bizim də payımız olmalıdır».

Şevardnadzenin Heydər Əliyevə bağışladığı at heykəli də bərpa edilir

Ötən əsrin 80-ci illərində tikilmiş Heydər Əliyev adına İdman Arenasında da bərpa işləri gedib. Hazırda fasad işləri görülür. Adının çəkilməsini istəməyən fəhlələrdən biri deyir ki, «işləməkdən gecəmiz-gündüzümüz yoxdur». Arenanın yaxınlığındakı parkın da üzünə gün doğub. Keçən ilə qədər bu park baxımsız vəziyyətdə idi. Parkın mərkəzində Gürcüstanın keçmiş prezidenti Eduard Shevardnadzenin Heydər Əliyevə 75 illiyi münasibətilə bağışladığı at heykəlinin ətrafı da bərpa edilir. Bərpa işlərinə qədər buralar baxımsız vəziyyətdə idi.

Ümumilikdə isə Avropa Oyunları 21 yerdə keçiriləcək

Azad Rəhimov
Azad Rəhimov

Martın 31-də gənclər və idman naziri Azad Rəhimov deyib ki, aprel ayında Avropa Oyunlarının keçiriləcəyi bütün idman qurğuları istifadəyə veriləcək. Aprelin 10-a qədər Su Hovuz Mərkəzi təhvil veriləcək. Avropa Parkı, Heydər Əliyev adına İdman və Konsert Kompleksi, Bakı Əl Oyunları Sarayı, Bakı Bulvar Arenasının açılışları da bu aya nəzərdə tutulub.

Nazir bildirib ki, «bundan sonra biz deyə bilərik ki, Bakı böyük və möhtəşəm yarışları qəbul etməyə tam hazırdır».

Bakı 2015 Avropa Oyunları iyunun 12-dən 28-ə qədər 20 idman növü üzrə keçiriləcək. Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının bütün xərclərini Azərbaycan ödəyəcək.

Avropa Oyunlarının xərcləri Eurovision xərclərindən 10-15 dəfə çoxdur

Ekspertlər Avropa Oyunlarına ən azı 4 milyard xərc çəkiləcəyini bildirir.

İqtisadçı Məhəmməd Talıblı deyir ki, Avropa Oyunlarının smeta xərcləri 2012-ci ildə Bakıda keçirilmiş Eurovision Mahnı Müsabiqəsinin xərclərindən 10-15 dəfə çoxdur. İqtisadçı ölkədə sosial problemlərin həllini gözlədiyi indiki vaxtda bu cür yarışlar keçirib küllü miqdarda pul xərcləməyin yerinə düşmədiyi qənaətindədir:

Bu vəsaitə ölkədə çox ciddi sosial proqramları həyata keçirmək olardı. 5 min idmançının 12 gün ərzində gündəlik xərci 39 min manat edir. Bunu da yuvarlaq olaraq 100 min manat götürsək, bu 195 milyon manat edir...

«Bu vəsaitə ölkədə çox ciddi sosial proqramları həyata keçirmək olardı. 5 min idmançının 12 gün ərzində gündəlik xərci 39 min manat edir. Bunu da yuvarlaq olaraq 100 min manat götürsək, bu 195 milyon manat edir. Bu vəsait ölkədəki elm xərclərindən 50 milyon manat çoxdur, 1 illik səhiyyə xərclərinin 30 faizi həcmindədir. Azərbaycandakı 1 milyon 200 min pensiyaçının aylıq pensiyasını bir il ərzində 15 faiz artırmağa imkan verir və s.»

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, idmançıların, nümayəndə heyətlərinin gəlib-getmək xərclərini bir qayda olaraq ya ev sahibi olan ölkə, ya da Beynəlxalq Olimpiya Komitəsi ödəyir. Bu oyunlarda xərcləri Azərbaycan öz üzərinə götürüb.

MOK-un vitse-prezidenti onu da deyib ki, Azərbaycan yarışlarda maliyyə cəhətdən dünyanın bir çox ölkələrinə translyasiya olunacaq televiziya yayımlarından gəlir götürəcək.

Milli Gimnastika Arenası
Milli Gimnastika Arenası

Ötən əsrin 80-ci illərində tikilmiş Heydər Əliyev adına İdman Arenası
Ötən əsrin 80-ci illərində tikilmiş Heydər Əliyev adına İdman Arenası

XS
SM
MD
LG