Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:44

Avropa Oyunlarına görə iş vaxtı da dəyişir...


Bakının mərkəzi küçələrinin birisində tıxac (Arxiv fotosu)
Bakının mərkəzi küçələrinin birisində tıxac (Arxiv fotosu)

-

Hökumət Bakıdakı tıxacların qarşısını almaq üçün yol tapıb.

Nazirlər Kabineti birinci Avropa Oyunları ilə bağlı Bakıda iş vaxtı rejiminin dəyişdirilməsi haqqında aprelin 1-də sərəncam verib.

İş rejiminin dəyişdirilməsi nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin (metro və avtobus) mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçündür. Buna görə də mayın 1-dən iyulun 1-dək paytaxtda fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatlarında çalısan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) iş rejimi pilləli şəkildə olacaq.

İşçilərin 25 faizi saat 8:00-dan saat 17:00-dək, 25 faizi saat 8:30-dan saat 17:30-dək, 25 faizi saat 9:00-dan saat 18:00-dək, qalan 25 faizi saat 9:30-dan saat 18:30-ə qədər işləyəcək. Sərəncamda qeyri-dövlət müəssisə və təşkilatlarında çalışan işçilər üçün isə (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) iş vaxtı işçilərin 50 faizi üçün saat 8:00-dan saat 17:00-dək, qalan 50 faizi üçün isə saat 8:30-dan saat 17:30-ə qədər tövsiyə edilir.

SƏRƏNCAM ÜNVANLARA ÇATDIRILIB

Akif Əli
Akif Əli

Nazirlər Kabinetinin sözçüsü Akif Əli AzadlıqRadiosuna bildirib ki, sərəncam artıq ünvanlara çatdırılıb:

“Həmin sərəncam dövlət qurumlarına göndərilib. Özəl təşkilatlara isə həmin vaxt iş rejimini necə tənzimləmələri haqda tövsiyə olunur”.

EFFEKTLİ OLMAYACAQ

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyir ki, bu addın səmərəli olmayacaq. Həm də müəyyən iş rejiminə öyrəşmiş adamlarda narahatlıq yaradacaq:

Bu da əsas dövlət qulluqçularına aid olacaq. Həm də bu, rejim dəyişikliyidir. Ancaq bundan böyük effekt də gözləmirəm. Həm də bu sərəncamın mövcud problemin həllinə kömək edəcəyini gözləmirəm. Çünki bizdə qeyri-formal məşğulluq çox geniş yayılıb

«Əvvəlki iş saatına adət eləmiş şəxslər üçün diskomfort olacaq. Bu da əsas dövlət qulluqçularına aid olacaq. Həm də bu, rejim dəyişikliyidir. Ancaq bundan böyük effekt də gözləmirəm. Həm də bu sərəncamın mövcud problemin həllinə kömək edəcəyini gözləmirəm. Çünki bizdə qeyri-formal məşğulluq çox geniş yayılıb. Minlərlə iş yerinin rejimini kontrol etmək mümkün olmayacaq. Kiçik təşkilatlar bu cür qaydanın olmasını belə yaddan çıxaracaqlar. Buna da heç bir nəzarət yoxdur. Bu ən yaxşı halda dövlət sektorunu əhatə edəcək. Özəl sektora dəxli olmayacaq. Qaydaların pozulması ilə bağlı bilmirəm İnzibati Xətalar Məcəlləsinə bundan ötrü dəyişiklik eədəcəklər, yoxsa, yox?»

“ÖZLƏRİNİ XARİCİLƏRƏ GÖSTƏRMƏK İSTƏYİRLƏR”

Olimpiya kəndi
Olimpiya kəndi

Elə kiçik sahibkar Samir Babayev də Sahib Məmmədovun dediyini təsdiqləyir. Deyir ki, yarım saat da olsa iş rejimini dəyişmək ona və bir neçə işçisinə narahatlıq gətirəcək:

“Həmişə eyni saata öyrəşmiş adamlarıq. Bir də ki, guya rejimi dəyişməklə tıxac problemini aradan qaldırmaq mümkün olacaq? Yaxşı, tutaq ki, Avropa Oyunlarını yola verdilər, bəs sonra? Xaricilərə özlərini yaxşı göstərmək üçün eləyirlər. Elə deyilsə, həm də guya bununla tıxac aradan qalxacaqsa, onda həmişə belə olsun”.

ZİBİL MAŞINLARI GECƏ REJİMİNƏ KEÇƏCƏK

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzadlıqRadiosuna bildirib ki, Avropa Oyunları müddətində şəhərdəki tıxacların qarşının alınması üçün müxtəlif planlar hazırlanır:

Vaqif Əsədov
Vaqif Əsədov

“Yük maşınlarının hərəkətinə konkret qadağa qoyulacaq. Bu sahə üzrə artıq məlumatımız var. İkincisi Bakı şəhər ərazisində yükgötürmə qabiliyyəti 3 tondan artıq olan nəqliyyat vasitələrinin hərəkəti də yalnız günün qaranlıq vaxtı olacaq. Bundan başqa xüsusi təyinatlı, kommunal təyinatlı avtomobillərin – yəni zibil daşıyan, ərzaq daşıyan və. maşınların istismar edilməsi yalnız gecə saat 12-dən səhər saat 7-ə qədər olacaq”.

Tıxacların aradan qaldırılması üçün Avropa Oyunlarının keçirildiyi günlərdə toyların keçirilməməsi də tövsiyə olunub. Hərəkəti məhdudlaşdıran yas çadırlarının qurulması isə qanunla qadağan edilib.

2012-ci ildə Bakıda Eurovision Mahnı Müsabiqəsi keçirildiyi dövrdə də tıxac problemi müvəqqəti aradan qaldırılmışdı. Həmin vaxt dilənçilər də küçələrdən yığışdırılmışdı.

Birinci Avropa Oyunları iyunun 12-dən 28-dək keçiriləcək.

XS
SM
MD
LG