Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:27

Adı it dəftərində omayanlar...


Ayxan Ayvaz
Ayxan Ayvaz

-

Qrafomaniyanın mənasız, şit, bayağı kitab təqdimetmə mərasimləri, yubiley keçirmə tədbirləri, davranışları, orada söylənilən və heç vaxt həqiqət ifadə etməyən – axşam restoran qonaqlığına hesablanmış tərif yağışı adamın ürəyini bulandırır...

Ayxan Ayvaz

ADI İT DƏFTƏRİNDƏ OLMAYANLAR...

Qrafomaniya bütün dövrlərdə olub və olacaq. Bunu inkar etmirəm. Ancaq bugünkü Azərbaycanda qrafomaniya miqyasına görə heyrətamiz dərəcədə geniş yayılıb.

Vaxtı ilə adı it dəftərində olmayan adamların indi cild-cild kitabları çap olunur, onların təqdimat mərasimləri keçrilir, həmin şəxslər şair, yazıçı kimi televizorda şeir oxuyur, sənət, ədəbiyyat haqqında mühakimə yürüdür və onlar durmadan gizli bir əl tərəfindən təbliğ olunur.

Guya onlar ədəbiyyatımızın sifətidi. Bir-iki həqiqəti bilən varsa, onlar da abrına qısılıb susur, ədəbiyyat naminə danışmaqdansa, özünə düşmən qazanmamağa üstünlük verir.

Hamı “Düzünü deyən düzdə qalar” prinsipinə ciddi-cəhdlə əməl edir. Onları bəlkə də başa düşmək olar. Ona görə ki, bu gün düzünü demək təkcə cəsarət tələb etmir, həm də düzünü deyən adama cəmiyyətdə ehtiyac duyulmur, belələrinin fikri düşmənçilik kimi qarşılanır və qəbul edilmir.

Yarımçıq həqiqətsə hamıya sərf edir. Bu da Azərbaycan reallığında qrafomaniyanın çiçəklənməsi, geniş yayılması üçün münbit şərait yaradır.

Azərbaycanda xorla oxumaq dəb olmasa da, bu gün qrafomaniya böyük bir xor oluşdurub, cır səsi ilə öz varlığını aləmə sübut eləməklə məşğuldur.

Bu işdə savadsız jurnalistlər ordusu onlara əvəzsiz xidmət edir. Özlərinin seçmək və bilmək qabiliyyəti olmadığı üçün onlar özünü təqdim edən qrafomaniya ilə kifayətlənir və bilərəkdənmi, bilməyərəkdənmi onların təbliğatçısına çevilirlər.

Yazıçı, şairmi istəyirsiniz? Buyurun, bu da arzuladığınız. Bədii zövqü toy kralı və meyxana yarışmalarına “esemes” göndərməklə məhdudlaşmış “obıvatel” isə ona təqdim ediləni ağına-bozuna baxmadan quzu balası kimi yeyir. Əttökən mənzərə olsa da gerçəklikdir. Azərbaycanda intellektual və bədii yaradıcılığın heç bir mənfəət gətirmədiyi halda bu qədər adamın qələmə sarılmağı absurd və təhlili müşkül olan bir haldır.

İş o yerə çatıb ki, bu gün qrafomaniya rəyasət heyətinə dırmaşaraq münsif mantiyası geyərək orda özünə rahat yer eləyib və dəyərlərin necə olması etalonu hazırlayır, özünün uydurduğu ölçüyə uyğun gəlməyənləri amansızcasına söyüş atəşləri ilə susdurmaqla meydanda şəriksiz qalmağa cəhd edir və əslində xırda istisnaları nəzərə almasaq buna da nail olub. Qrafomaniya gündə kitab təqdimatı mərasimi keçirir, ardınca da restoran qonaqlığı, tərif yağışı, pulla yazılmış resenziyalar, düşük şeylərin sənət nümunəsi kimi təqdimatı—qısa ssenari, standart budur.

Hər şey Şura hökumətinin dağılmasından, ardınca da senzuranın ləğv olunmasından sonra başladı. Ciddi təlatümlərdən, hadisələrin başgicəlləndirici sürətindən çaşıb qalmış və bunların nə vaxt dinc axara düşməsini gözləyən ciddi ədəbiyyat geri çəkilib suyun durulmasını gözləyəndə bu vaxta qədər qapı dalında qalan qrafomaniya meydanı boş görüb canlandı, qəddini düzəltdi və irəli atıldı, nə atıldı.

Bu vaxtacan qapı dalında pay-pürüşlə hərdən çap olunub ümumi mənzərəyə xələl gətirməyən qrafomaniyanı indi şöbə müdirləri, redaktorlar özləri axtarıb tapmağa başladı.Sonra elmlər namizədləri, professorlar, hətta akademiklər bu işə qoşuldu. Hamı yaxşı dolanışıq, nəsə qoparmaq, yararlanmaq naminə şeytanın qulluğuna can atan kimi qrafomaniyanın ağuşuna atıldı.

Dövran, zaman dəyişmişdi. İctimai rəy, qınaq yoxdu. Hər şey vicdanın umuduna qalırdı. Bu sahədə də Azərbaycan ziyalılığı başdan abort olunmuşdu. Əlavə vicdan ağrısı-zad olmayacaqdı. Çünki Azərbaycan yazıçısı heç vaxt özünü və yaratdıqlarını tarixə hesablamırdı. Onlar üçün bu gün var. Yazdıqları da ümumişlək istehlak malı kimi bir şeydi. Oxuyursan, sabah da unudulur.

Qrafomaniya özündən yuxarının qarşısında müti, yaltaqdır; daim quyruq bulayır. Özündən zəiflərinsə qənimidir, onları basıb əzməkdən, təhqir edib alçaltmaqdan həzz alır və bununla da yuxarılar qarşısında əyilməyini özü üçün kompensasiya etmiş olur. Qrafomaniya çox yazır, çox çap olunur. O, başqa ədəbiyyatlardan mövzu, stil çırpışdırır, “kapirovka” edir, öz yazısını calaq, oğurluq cümlələrlə doldurur. Ona təpinən, yerini göstərən olmadığından qrafomaniya oğurluğunu, təqlidini, tutuquşu kimi yamsılamağını cəmiyyətə orijinallıq, novatorluq kimi sırımağa çalışır. Kirayələdiyi və tuluğunu araq və kababla doldurduğu “tənqidçi”-ni onun sözünə, şanına züy tutması üçün yanı ilə hərləyir, ona özünü və yazısını təriflətdirməkdən usanmır. Qrafoman bu tərifə get-gedə alışıb özü də öz dahiliyinə inanmağa başlayır.

Qrafomaniya təklikdə heç kimdi, şəxsiyyət kimi xarakteri, fərdi siması yoxdur. Ona görə də özü kimilərini başına yığır, ədəbiyyata fərdi yox, sürü halında gəlməyə üstünlük verir. Tünlük həm də daldehlikdir, burada o özünü rahat hiss edir, başa düşür ki, lap tənqidi, həqiqi sözü xorun uğultusuyla batırmaq olar.

Qrafoman zəif və istedadsız olduğundan daim ədəbiyyatın fəhləsi yox, məmuru olmağa can atır. Çünki ona ədəbiyyatın əzab-əziyyətindən, yaradıcılılq prosesindən çox, kiməsə əmr vermək, kimisə danlamaq, buyurub-sayırmaq ona xoş gəlir. Ona yaradıcılıq prosesi yox, bu prosesin sonuna hesablanmış şöhrət xoş gəlir.

Ədəbiyyatda daim iki dalaşanın olması qrafomaniyanının işinə yarayır. O, gah o biri cəbhəyə, gah digər tərəfə cumur, daha güclünün cinahında dayanmaqla öz varlığını, movcud olduğunu nümayiş etdirir. Qrafomaniyaya elə gəlir ki, hər şeyə münasibət bildirməsə cəmiyyətdə fikir qıtlığı yaranır. Ona görə də mətbuatda, televiziyada bildi-bilmədi hər şeyə məmuniyyətlə fikir bildirmək üçün dürtülür.

Qrafomaniya daldada istedadı söysə, yamanlasa da həqiqətdə ondan it kimi qorxur, istedadı öz urvatına salmaq üçün çəlləşib-çabalayar, hətta onlara məsləhət verməkdən çəkinmir. Qrafomaniya söz gəzdirən, qeybətcil xarakterə malikdir. Onlar daim istedadlı adamların sağında-solunda gəzir, onun sözündən nəsə tutub digərinə daşıyır, çuğulluqla məşğul olur.

Bu gün Azərbaycanda ədəbi prosesdən çox ədəbiyyatətrafı dedi-qodudan danışılır. Çünki ədəbiyyatı onlar istedadlıların SUSMASI sayəsində öldürüblər. Lap əla! Ədəbiyyat yoxdursa, boş dəmir çəlləklərini dınqıldadıb səs çıxarmaq olar.Qrafomaniyanın yaratığında özü yoxdu, öz daxili aləmi yoxdu, ona görə də onun doğduğu ölüdü və əslində qrafomaniya anadangəlmə qısırdı. Ona görə də qeybətlə, dedi-qodu ilə məşğuldur, ara vurur.

Ədəbiyyat məbədini bu gün qrafomaniya işğal edib, köhnə klassik şəkilləri atıb ora öz məzhəbləri ilə “modern” şəkillərini asmağa hazırlaşırlar. Qrafomaniyanın mənasız, şit, bayağı kitab təqdimetmə mərasimləri, yubiley keçirmə tədbirləri, davranışları, orada söylənilən və heç vaxt həqiqət ifadə etməyən – axşam restoran qonaqlığına hesablanmış tərif yağışı adamın ürəyini bulandırır.

Ən acısı, ağrılısı odur ki, qrafomaniya hamını aldatdığını, öz böyüklüyünə inandırdığını düşünür. Əslində qrafomaniya hər gün özünü, yaxınlarını aldatmaqla məşğuldur. Bu aldanışın ömrü isə çürük cövüz kimidir, yumruq vursan içindən çürük ləpənin tozu qalxar…

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG