Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:01

Ərəb şeyxlərinin Azərbaycan üçün kredit şərtləri


.

Azərbaycanda bu bahar ərəblər mövzusu yenidən gündəmə gəldi - ötən həftə Birləşmiş Ərəb Əmirliklərinin şahzadələri, ardınca BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Sheikh Muhammad bin-Rashid Al-Maktum Azərbaycana səfərə gəlib Muğan düzündə ova çıxdılar. Aprelin 5-də, Azərbaycan prezidenti İlham Əliyev xanımı üç övladı ilə birlikdə başqa bir ərəb ölkəsinə - Səudiyyə Ərəbistanına səfər etdi. Dünən Səudiyyə kralı Salman İlham Əliyevi paytaxt Ər-Riyaddakı sarayında qarşıladı..

Nədir bu bahar Azərbaycan – Ərəb münasibətlərini çiçəkləndirən?

Azərbaycanda siyasi və iqtisadi şərhçilərin əksəriyyəti rəsmi məlumatın qıt olması səbəbindən vəziyyəti analiz etməkdə çətinlik çəkdiklərini deyirlər.

Ən çox müzakirə olunan versiyalardan biri budur ki, maliyyə durumu çətinləşən Azərbaycan hökuməti yeni kredit mənbələri axtarır və Qərb mənbələrindən fərqli olaraq Ərəb ölkələri demokratikləşmə ilə bağlı tələblər qoymurlar və daha sərfəlidirlər.

ReAl İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı AzadlıqRadiosuna deyir ki, indiki məqamda Azərbaycan üçün Qərb qurumlarından, məsələn, Beynəlxalq Valyuta Fondu kimi təşkilatlardan kredit alması müşkül işdir, çünki bu qurumlar şəffaflıq, azad iqtisadi bazar münasibətləri tələbləri qoyurlar, odur ki, əlac ərəb dövlətlərinə qalır.

Azər Qasımlı: “Əliyevin kredit axtarışı Azərbaycanın İranla münasibətlərini pisləşdirə bilər”

Əl-Ərəbiyyə telekanalına müsahibəsində Ər-Riyad mənzilli İran məsələləri üzrə araşdırmaçı Mohamad Al Salami deyir:

“İlham Əliyevin səfəri ona işarədir ki, Körfəz Əməkdaşlıq Şurası Orta Asiya, xüsusilə də Azərbaycanla münasibətləri yaxınlaşdırmaq istəyir. Orta Asiya ölkələri ilə iqtisadi, mədəni və siyasi əlaqələri gücləndirməklə Körfəz Əməkdaşlıq Şurası İranı məcbur edəcək ki, bölgədəki siyasi durumunu yenidən qiymətləndirsin”.

Bənzər fikri ReAl İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlı da səsləndirir. O, deyir ki, Azərbaycan hökuməti mövcudluğunu qorumaq üçün Ərəb ölkələrindən borclanmaya girsə, Yəməndə baş verən sünni-şiə qarşıdurmasının fonunda, bu yaxınlaşma İranı qəzəbləndirəcək. Qasımlının fikrincə, Səudiyyə Ərəbistanın məqsədi İranı zəiflətmək və bu ölkənin bölgəyə təsirini azaltmaqdır. Buna nail olmaq üçün Səudiyyə müsəlman ölkələrində öz təsir imkanlarını genişləndirmək istəyir. Bunun üçün isə onlar ilk növbədə məzhəblərini yaymaq, sələfiliyi bölgəyə salmaq istəyəcəklər:

“Azərbaycan iqtidarı çox qorxulu oyunlara girir, hansılar ki, ölkəmizi böyük güclərin, geopolitik oyunların mərkəzinə, sonuc etibarilə də müharibə xaosuna sürükləyə bilər”.

Azər Qasımlı iddia edir ki, prezident Əliyevin kredit axtarışı Azərbaycanın qonşu İranla münasibətlərini pisləşdirə bilər.

AzərTac Dövlət Agentliyinin aprelin 6-a olan məlumatında deyilir ki, İlham Əliyev Ciddə şəhərində İslam İnkişaf Bankı Qrupunun prezidenti Əhməd Məhəmməd Əli ilə gdə örüşüb. Amma bu görüşdə yeni kredit anlaşmasının olub-olmaması haqda məlumat yoxdur.

“Mehriban Əliyeva ilk həcc ziyarəti edə bilər”

Əsasən hakimiyyətyönümlü şərhlərlə tanınan politoloq Mübariz Əhmədoğlu hesab edir ki, prezidentin səfərində xüsusi səbəb axtarmağa dəyməz, bu səfər İran-ABŞ açılımından əvvəl planlaşdırılmışdı və iki ölkə arasında münasibətləri yaxşılaşdırmağa yönəlmiş bir səfərdir. Politoloq ehtimal edir ki, bu səfərin nəticəsində Mehriban Əliyeva ilk dəfə Həcc ziyarəti edəcək:

"Bilirsiz ki, bu ailə milli, dini dəyərlərə sadiq ailədir. İndi ailə səfərdədir. Birinci məsələ yəqin ki, həcc ziyarəti olacaq. İkinci məsələ budur ki, prezident İlham Əliyev yeni Səudiyyə kralı ilə şəxsən tanış olmaq istəyir”.

Mübariz Əhmədoğlu bildirir ki, gündəlikdəki daha bir önəmli vəziyyət İran –ABŞ açılımından sonrakı vəziyyətdir, amma o da detallardan danışmır.

XS
SM
MD
LG