Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:54

ÇANAQQALA-100: «Bu savaşa Azərbaycan qadınları da öz cehizi, qır-qızılıyla qatılmışdılar...»


Əkbər Qoşalı
Əkbər Qoşalı

-

«Çanaqqalaya hücum edənlər bir şeyi gözdən qaçırmışdılar...».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Çanaqqala zəfərinin 100 illiyinə həsr edilmiş «Savaşdan barışa»fotosərgisinin açılışında Azərbaycanda Atatürk Mərkəzinin ictimai-siyasi şöbəsinin müdiri Əkbər Qoşalı söylədi.

«AVROPANIN XƏSTƏ ADAMI»

Onun dediyinə görə, o dövrdə Osmanlının üstünə hücuma keçən ixtilaf qüvvələri türkün Vətənə, torpağa bağlılıq cövhərini tuta bilməmişdilər: «Osmanlı dövləti zəifləməkdə, hərbçisi öz əvvəlki qüvvəsini itirməkdə, mərkəzdənqaçma meylləri güclənməkdə idi. Və belə bir zamanda türk xalqı öz dövlətinə, ordusuna sahib çıxmaq üçün əlində-ovcunda-əynində-başında-cibində olanı, canını-qanını verməyə başladı... Bunu Osmanlıya hücum edənlər hesablamamışdılar. Bax, Çanaqqala zəfərinin özəlliyi bundaydı ki, ixtilaf gücləri yıpranmış, ömrünün son illərini yaşayan və onların sözüylə desək, «Avropanın xəstə adamı»nın üzərinə getdiklərini düşünürdülər. Təminatı çox zəif olan ölkə üzərinə getdiklərini fikirləşirdilər. Onlar Osmanlıdakı vəziyyəti araşdırmışdılar, öyrənmişdilər və doğrudan da beləydi... Amma onlar bir şeyi hesablaya bilməmişdilər. Maddiyyatı, hərbi gücü nə qədər dəqiq hesablasalar da, türkün ruhunu, vətənpərvərliyini, yenilməzlik iksirini, türkün Vətənə, torpağa bağlılıq cövhərini tuta bilməmişdilər».

«ALLAHIN TA KƏNDİSİ İLƏ MÜBARİZƏ»

Əkbər Qoşalı ixtilaf güclərinin sonralar bunu etiraf etdiyini bildirdi: «Onlar məğlubiyyətlərinə bu sözlərlə haqq qazandırırdılar ki, biz Avropanın xəstə adamı ilə deyil, əstəğfürullah, «Allahın ta kəndisi ilə» (özü ilə) mübarizə aparırdıq. Səhv etmirəmsə, bu, Churchill-in sözləridir.O dövrdə Çanaqqalada döyüşlərə rəhbərlik edən qüdrətli zabitlərdən olan Atatürk əsgərlərinə deyirdi: Əgər ölməkdirsə, mən sizə ölməyi əmr edirəm. Sizin ölmənizə sərf olunan zaman zərfində digər qoşun qüvvələri gəlib yerinizi tutacaq. Geriyə yol yox idi - ölümə atılacaqdın...».

«TÜRK ƏSGƏRİNİN QIZIL LƏYAQƏTİ»

Əkbər Qoşalı bu savaşın bir özəlliyini də qabartdı: «Türk əsgəri Çanaqqala savaşında «müharibədə qızıl ləyaqət nədir» anlayışını da gətirdi. Təsəvvür et ki, sənin torpağına hücum edələr, səni öldürməyə, torpağını tutmağa gələlər, amma sən düşmən ordunun bir əsgərini kimsəsiz, yalnız görəndə, onu öldürməyəsən... Ordu ilə döyüşürsən, torpağını müdafiə edirsən, amma susuz qalan bir düşmən əsgərinə su verməyə ürəyin var... Ömrünün son anlarını yaşayan bir düşmən əsgərinin aralıq yerdən - atışma nöqtəsindən götürülməsinə müsaidə edirsən... Və yaxud nəzarət etdiyin ərazidən düşmənin su götürməsinə icazə verirsən... Bax, bunlar türk əsgərinin müharibədə göstərdiyi qızıl ləyaqət idi».

«Savaşdan barışa» fotosərgisi
«Savaşdan barışa» fotosərgisi

AZƏRBAYCAN QADINI...

Əkbər Qoşalı Türkiyə-Azərbaycan münasibətlərinin tarixdən qaynaqlandığını dedi: «100 il öncə baş vermiş Çanaqqala savaşında özü də çox təbəddülatlı bir dövr yaşayan Azərbaycan insanının - qadının öz cehizini, qulağındakı sırğasını, barmağındakı nişan üzüyünü belə göndərəcək comərdliklə türk qardaşlarına kömək etməsi, onlara könül verməsi, onların haqlı davasında yanlarında olması tarixdəbizimmünasibətlərin sarsılmaz olmasının ifadəsi idi».

AZƏRBAYCAN KİŞİSİ...

Əkbər Qoşalı bu savaşa Azərbaycan kişisinin də qatıldığını bildirdi: «Bizim kişilərimiz gedib orada döyüşürdülər. Bu gün Çanaqqala şəhidliyində onlarla azərbaycanlının rəmzi və uyuduğu məzarlar var... Biz onları yüz il sonra da minnətdarlıqla yad edirik. Onlar haqqın yanında olduqlarının, təkcə din bağlılığı ilə deyil, öz soylarının yanında olduqlarının fərqindəydilər».

«QARDAŞDAN-QARDAŞA BORC OLMAZ!»

Əkbər bəy onların bu savaşı öz savaşı kimi dərk etdiyini vurğuladı: «Çanaqqala savaşından üç il sonra Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi, torpaqlarımızı,Bakını bolşevik-daşnak işğalından azad etməsi göstərir ki, bu münasibətlər qarşılıqlı olub, könüldən gəlib, qardaşlıq borcu olub. Bir qədər sonra İstiqlal Savaşı verən Türkiyəyə kerosin, neft, benzin,qızılvə s. göndərən N.Nərimanov Atatürkün: «Biz sizdən borc istəyirik» mesajlı məktubuna: «Qardaşdan-qardaşa borc olmaz. Biz sizə borc vermirik» yazması da təsadüfi deyildi. Elə sonrakı dönəmlərin hadisələri də göstərdi ki, türk insanı köküylə, ruhuyla, canıyla, qanıyla haradan gəldiyini, bugün harada olduğunu və hara getdiyini anlayan insandır. Və mən bu insanlığı, bu qardaşlığı bir yazar, bir Azərbaycan vətəndaşı olaraq alqışlamaqdan çox məmnunam».

-100 illiyi qeyd olunan Çanaqqala savaşı dünyaya hansı mesajları verir?

Verilişdə bu sualın cavabını Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səlahiyyətli səfiri Alper Coşkun, səfirliyin mətbuat katibi Hamid Karadeniz və kültür və tanıtma müşaviri Seyid Ahmet Aslan cavablandırır.

«İz»i buradan dinlə.

İz - Çanaqqala-100: Bir imperiyanın sonuncu hərbi zəfəri...
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

Çanaqqala savaşından bir xatirə:
General Guro-nun xatirələrindən:

«Bir gün, növbəti döyüşdən sonra cəbhəni dolaşırdım. Yaralı bir fransız zabitini görüncə əlini sıxmaq istədim. Əlimi sıxmadı və «mənim yox, bax o türk zabitinin əlini sıxın, o olmasaydı, mən indi ölmüşdüm» deyərək bir az irəlidə bayğın yatan türk zabitini göstərdi. Səbəbini soruşanda, fransız zabiti bunları dedi:

«İkimiz də ağır yaralıydıq. O, öz yarasını düşünmədən sarğı paketini çıxardı və mənim çaşqın baxışlarım altında boynumdakı yaranı sardı. Rica edirəm, yalvarıram, onu qurtarın!».

Generalı maraq götürüb ki, axı bu türk əsgəri – bu mehmetcik nədən öz yarasına baxmadan düşmənini sağaltmağa çalışıb? Beləcə, işin əslini soruşub-öyrənir.

Sən demə, o fransız zabiti yaralanarkən, bir qırağa çəkilir və əlini cibinə ataraq, oradan bir yaşlı qadının fotoşəklini çıxarır. Sonra da baxır, baxmaqdan doymur, öpür, üzünə-gözünə sürtür... Türk əsgər – mehmetcik anlayır ki, şəkildəki fransızın anasıdır, ona görə deyir: «Məni gözləyən nə anam var, nə də atam... Mən ölsəm, arxamdan ağlayan kimsəm olmayacaq... Amma bunu anası gözləyir. Mən heç, barı o, sağalsın və anasına qovuşsun...».

XS
SM
MD
LG