Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 17:33

Rəsmi qəzet: «John Kerry hər zaman antiazərbaycançı mövqedə olub»


John Kerry
John Kerry

-

«Azərbaycan» qəzetinin hədəfində yenə də ABŞ və dövlət katibidir: «John Kerry hər zaman antiazərbaycançı mövqedə olub».

Qəzetə danışan Milli Məclisin deputatı İlham Məmmədov Avropa Oyunları ərəfəsində Azərbaycanda qarışıqlıq yaratmaq üçün ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ayrılması haqda mətbuatda yazılanlara münasibət bildirib: «Qərbin Azərbaycana qarşı qarayaxma kampaniyasına xərclədiyi güc və vəsait münaqişələrin nizamlanmasına yönəldilsəydi, təkcə Dağlıq Qarabağ yox, postsovet məkanındakı bütün münaqişələr həllini tapardı».

«Azərbaycan» yazır ki, John Kerry-nin bu işlərin başında dayanan bir şəxs olması deputatı təəccübləndirmir: «Bütün mənalarda John Kerry hər zaman antiazərbaycançı mövqe sərgiləyib və bu gün də Azərbaycana qarşı aparılan kampaniyaların əksəriyyəti həm də onun birbaşa fəaliyyətinin nəticəsidir.

Deputat hesab edir ki, ABŞ kimi nəhəng bir dövlət J.Kerry-nin əlində qalıbsa və özünün siyasətini J.Kerry vasitəsilə reallaşdırırsa, bu, artıq ABŞ-ın imicinə böyük zərbədir, beynəlxalq aləmdə ABŞ-a etimadı zəiflədən bir hadisədir».

«Vətəndaşların əmək hüquqları Liqası»nın sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun üzvü Sahib Məmmədov isə düşünür ki, antiazərbaycançı şəbəkənin çirkin kampaniyası, əslində, Azərbaycanda insan hüquqlarının pozulması ilə bağlı narahatlıqdan irəli gəlmir. Hüquq müdafiəçisinin fikrincə, Azərbaycana qarşı belə kampaniyalar bəzi dövlətlər və onların hakimiyyət orqanları tərəfindən təşkil edilir: «Azərbaycana qarşı kampaniya aparan xarici QHT-lər də birbaşa xarici dövlətlərin vəsaiti ilə işləyən, onlardan 100 faiz subsidiya alıb fəaliyyət göstərən və sifarişlərini həyata keçirən təşkilatlardır».

JOHN KERRY HAKİMİYYƏTİ PARÇALADI

«Azadlıq» qəzeti də ABŞ-Azərbaycan münasibətlərinə toxunub: «Əliyev rejiminin ABŞ siyasətində kəskin ziddiyyət».

Qəzet son günlərdə hakimiyyət təmsilçilərindən ABŞ-la bağlı ziddiyyətli açıqlamaların gəlməsinə diqqət çəkir:

«YAP-çı deputat Siyavuş Novruzov a24.az-a müsahibəsində aprelin 30-da ABŞ-ın ölkəmizdəki səfiri Robert Cekuta ilə hakim partiyanın qərargahında keçirilən görüş və ABŞ-Azərbaycan münasibətləri barədə maraqlı açıqlamalar verib. Siyavuş Novruzov bildirib ki, görüşdə John Kerry ilə bağlı məsələyə toxunulmayıb».

İlham Əliyev, John Kerry və Serzh Sargsyan Uelsdə - 5 sentyabr 2014
İlham Əliyev, John Kerry və Serzh Sargsyan Uelsdə - 5 sentyabr 2014

Qəzet yazır ki, məntiqlə Robert Cekuta ilə bu məsələ də müzakirə olunmalı idi və ya səfir baş verənlərlə bağlı mövqeyini açıqlamalı idi. Çünki John Kerry ABŞ-ın dövlət katibidir və Azərbaycan hakimiyyəti onu dövlət çevrilişi hazırlamaqda ittiham edir.

Siyavuş Novruzov daha sonra deyib: «Azərbaycan mətbuatında da ayrı-ayrı deputatlar, siyasətçilər, yaxud mətbuat qrupu, özəl şirkətlər, təşkilatlar bəyanat verirsə, bu da Azərbaycan dövlətinin adından deyil. Azərbaycan dövləti hər zaman ABŞ-la strateji tərəfdaş olub, bundan sonra da bu tərəfdaşlığını davam etdirəcək. Hazırda ABŞ-la münasibətlərimiz tam normaldır».

«Azadlıq» yazır ki, Siyavuş Novruzov ABŞ-a qarşı səsləndirilən ittihamların hakimiyyətin mövqeyi olmadığını əsaslandırmağa çalışır: «Məsuliyyəti ayrı-ayrı deputatların, mətbuatın, şirkətlərin üzərinə atır. Amma Prezident Administrasiyası (PA) rəhbərinin müavini Novruz Məmmədovun iki gün əvvəlki açıqlamalarını unudur».

Yekunda qəzet bu qənaətə gəlir ki, ABŞ-a münasibətdə hakimiyyətdə fərqli mövqelər var və ya hakimiyyət ABŞ-a hücumların əks-effekt verdiyini görüb geri çəkilməyi düşünür. «Azadlıq»ın üçüncü variantısa budur: «Hökumət, sadəcə, ənənəvi olaraq bəsit oyun oynayır. Bir tərəfdən ABŞ-ın demokratiya çağırışlarını cavabsız qoymaq istəməyən hakimiyyət isterik kampaniyaya start verir, digər tərəfdən qarşıdurmanın onun əleyhinə işləcəyindən ehtiyat edərək strateji tərəfdaşlıqdan danışmaqla və baş verənlərə görə məsuliyyəti məchul qüvvələrin üzərinə yıxmaqla özünü sığortalamağa çalışır».

PUTIN-İN BAKIDAN İNTİQAMI...

«Yeni Müsavat»ın manşeti belədir: «Putin-in Bakıdan intiqamı: 500 milyonluq müqavilə pozulur».

Qəzet yazır: «Kremllə son aylar ciddi anlaşma içərisində olan Yunanıstan hökuməti ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin 66 faizinin SOCAR-a satışına dair 2013-cü ildə bağlanmış müqaviləni pozmağa qərar verib. SOCAR tərəfindən DESFA-nın səhmlərinin üçdə ikisinin 500 milyon dollara alınmasına dair müqaviləyə bir neçə aydır ki, Avropa Komissiyasının antiinhisar komitəsində ləngidilirdi və Azərbaycan tərəfi bununla bağlı bir neçə dəfə etirazını bildirib. Bəzi müşahidəçilər bunu Avropa Birliyinin Azərbaycana qarşı sanksiya təhdidi kimi qiymətləndirirdi. İddia edilirdi ki, bu, «Şərq Tərəfdaşlıq» Proqramının assosiativ sazişini imzalamadığı üçün Avropa Birliyinin rəsmi Bakıya «yumşaq sanksiyasıdır».

Alexis Tsipras və Vladimir Putin - 8 aprel 2015
Alexis Tsipras və Vladimir Putin - 8 aprel 2015

Avropa Komissiyası «fikirləşərkən» isə Rusiya Yunanıstanın solçu hakimiyyəti vasitəsilə bu müqaviləni, ümumiyyətlə, pozmaq niyyətini ortaya qoyub. Yunanıstanda radikal solçu «Syriza» Partiyasının rəhbərlik etdiyi yeni kabinet yanvarda işə başladıqdan sonra baş nazir Alexis Tsipras Avropa Birliyi liderlərinin iradəsinə zidd olaraq Moskvaya səfər edərək Vladimir Putin-lə görüşdü. Tsipras maddi çətinlik çəkən Yunanıstana Putin-dən kredit, həmçinin Rusiyanın Avropa Birliyi ölkələrinə tətbiq etdiyi sanksiyanın Afina üçün götürülməsini istəyirdi. Tsipras eyni zamanda qaz tədarükündə Afinaya endirim edilməsini də arzulayırdı. Hələ o vaxt belə ehtimallar vardı ki, Putin bu «parçalanmadan» Avropa Birliyi ölkələrinə qarşı istifadə edəcək. Amma necə?».

Qəzet iddia edir ki, Rusiya prezidenti Avropa Birliyi və Azərbaycana bir neçə ay əvvəlki məğlubiyyətinin əvəzini çıxmaq üçün baş nazirdən «Qazprom» şirkətinin Yunanıstanın əsas təbii qaz tədarükçüsü olan DEPA şirkətini almaq təklifinə yenidən baxılmasını şərt kimi qoyub!

«Amma təəssüf ki, nə rəsmi Bakı, nə Brüssel Putin-in bu istəyinə qarşı hərəkətə keçmədi, bəlkə də ciddiyə almadı. Putin üçün isə bu, prinsipial məsələ idi və bəlkə də Avropadan çox Azərbaycana gözdağı vermək üçün tarixi fürsət idi... Avropa Birliyindən maliyyə və borc məsələlərinə görə küsən Yunanıstanın baş nazirinin Putin-in qapısına gəlməsindən də istifadə edərək Kreml Azərbaycanı ciddi bir strateji qaz kartından məhrum etdi», - deyə yazıda qeyd olunur.

XS
SM
MD
LG