Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:45

İlham Əliyev: «1 manat 1 avroya bərabər oldu, çətin vəziyyətə düşdük»


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycanda bütün azadlıqlar təmin edilib. Sərbəst toplaşma azadlığı təmin edilib, əhalinin 75 faizi internet istifadəçisidir. Biz genişzolaqlı interneti ölkənin ən ucqar nöqtələrinə belə çəkirik. Biz dərk edirik ki, müasir idarəçilik, siyasi transformasiya olmasa, uğura nail ola bilmərik».

Bunu prezident İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankı (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı deyib.

«DİNİ VƏ İRQİ AYRI-SEÇKİLİKLƏ BİRGƏ MÜBARİZƏ APARMALIYIQ»

Dövlət başçısı qeyd edib ki, AİB ilə səmərəli əməkdaşlığın davam edəcəyinə əmindir. O, dini və irqi ayrı-seçkiliklə birgə mübarizə aparmağın vacibliyini də vurğulayıb:

«Azərbaycanın Şərqlə Qərb arasında yerləşdiyi üçün multikultural dəyərlərdən bəhrələnib. Biz multikultural tarix və ənənəmizlə fəxr edirik. Azərbaycanın tolerant ölkə kimi inkişafına sadiqik. Biz bir neçə il əvvəl Beynəlxalq Multikulturalizm Mərkəzini təsis etmişik. Dini və irqi ayrı-seçkiliklə birgə mübarizə aparmalıyıq. Bizim səylərimizlə artıq Azərbaycan dünyada multikulturalizm mərkəzi hesab olunur».

«ENERJİ RESURSLARI ƏHALİNİN SOSİAL RİFAHININ YAXŞILAŞMASINA YÖNƏLİB»

«Azərbaycanın enerji resursları əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib» – deyən İlham Əliyev bildirib ki, bu islahatlar Ermənistanın təcavüzü fonunda həyata keçirilir:

«1 milyon soydaşımız qaçqın və məcburi köçkündür, etnik təmizləmədən əziyyət çəkmişik. Ermənistan qoşunları Azərbaycanda etnik təmizləmə həyata keçirib. 20 ildən artıqdır sülh danışıqları nəticə vermir. 21-ci əsrdə işğala görə bir dövlətin cəzalandırılmaması təəccüb doğurur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi illərdir masa üzərindədir, əməl olunmur. Bu da göstərir ki, beynəlxalq hüquq müəyyən maraqlar, müəyyən ölkələrin təsiri nəticəsində tətbiq edilir».

«AZƏRBAYCAN ENERJİ XƏRİTƏSİNİ DƏYİŞDİRDİ»

Dövlət başçısı bildirib ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında beynəlxalq hüquq və ədaləti qoruyub:

«Dostlarımız və tərəfdaşlarımızın sayəsində Azərbaycan uğurlu enerji siyasəti yürüdüb. Bizim nəhəng sərvətlərimiz olsa da, sərmayəyə, infrastruktura ehtiyacımız vardı. Azərbaycanın açıq dənizə çıxışı yoxdur, ona görə də borular çəkməli idik. Biz tarixdə ilk dəfə Xəzər dənizini Aralıq və Qara dənizlə birləşdirdik, Azərbaycan enerji xəritəsini ilk dəfə dəyişdirdi».

Prezident bəyan edib ki, enerji təhlükəsizliyi bu gün təbii qaz sərvətləri ilə bağlıdır və Azərbaycan bu prosesdə aparıcı ölkədir:

«Biz TANAR və TAP-ın təşəbbüskarı olmuşuq. Cənub Qaz Dəhlizi ən böyük infrastruktur layihəsidir, 45 milyard dollar tələb olunur. Cənub Qaz Dəhlizinin inşası başa çatdıqdan sonra 100 il Avropanın, qonşularımızın enerji təchizatçısı olacağıq. Siyasətimiz regional əməkdaşlığın təşviqinə yönəlib. Biz qarşılıqlı faydalı prinsiplərlə əməkdaşlığa üstünlük veririk. Biz heç vaxt enerji resurslarımızdan təzyiq vasitəsi kimi istifadə etməmişik, tranzit və istehlakçı ölkələri dəstəkləmişik».

«DEVALVASİYAYA GETMƏLİ OLDUQ»

Devalvasiya məsələsinə toxunan İlham Əliyev onu da deyib ki, Azərbaycan kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edəcək:

Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq...

«Milli valyutamız çox gücləndiyi üçün devalvasiyaya getməli olduq. 1 manat 1 avroya bərabər oldu və çətin vəziyyətə düşdük. Qonşu ölkələrdə devalvasiya yaşandı və biz də milli valyutanı 35 faiz devalvasiya etməli olduq. Bu gün valyuta ehtiyatlarımız ümumdaxili məhsulun 70 faizinə bərabərdir. Biz özəl sektorun inkişafını üçün aşağı faizlə özəl sektora kreditlər verilməsini diqqət mərkəzində saxlayacağıq. Həmçinin xarici borcumuzu aşağı səviyyədə saxlayacağıq. Bu gün xarici borcumuz 9.8 faiz həcmindədir və bunu nəzarətdə saxlamalıyıq».

«BU BİR ÇAĞIRIŞDIR Kİ…»

Azərbaycan prezidenti qeyd edib ki, ölkədə turizmin inkişafına xüsusi diqqət yetiriləcək:

«Hər zaman iqtisadiyyatımızın neft və qazdan asılılığının azaldılmasına çalışmışıq və davamlı inkişafı əsas götürmüşük. İqtisadiyyatımızın 70 faizi qeyri-neft sektorundan ibarətdir. İxracımızda isə neft və qaz əsas yer tutur. Bu da təbiidir».

Dövlət başçısı bildirib ki, yaxın illərdə qazın ixracatda çəkisi artacaq:

«Biz yerli və xarici sərmayəçilərin qeyri-neft sektoruna sərmayə qoymasını təşviq edirik. Neft və qaz istehsalçısı olan ölkə kimi neft və qazın qiymətində radikal dəyişiklik narahatlıq doğurur. Ancaq bu, bir çağırışdır ki, büdcəni konsolidasiya edək, lazım olmayan xərcləri azaldaq, səmərəli idarəçilik tətbiq edək. «Qara qızıl»ın insan kapitalına çevrilməsi bizim üçün əsasdır. Neft Fondunda toplanan vəsaitlər gələcəkdə arzu olunmaz hadisələrdən sığortalanmaq üçün vacibdir».

««HOLLAND SİNDROMU»NA MƏRUZ QALMADIQ»

İlham Əliyevin fikrincə, Azərbaycan xarici sərmayə üçün cəlbedici ölkə olaraq qalmaqdadır:

«Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir. Ən böyük uğurumuz yoxsulluğu 5 faizə qədər salmağımızdır. Bu göstərir ki, biz «Holland sindromu»na məruz qalmadıq. Bəzi ölkələrdə neftlə bağlı zənginlər daha da zənginləşir, yoxsullar daha yoxsullaşır. Bizim məqsədimiz bu gəlirlərdən hər kəsin bəhrələnməsi idi. Bu gün vətəndaşlar yeni iş yerlərinin yaradılmasının, infrastruktur layihələrin həyata keçirilməsinin şahidi olurlar».

XS
SM
MD
LG