Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:42

Krediti qaytarmamaq ittiham ilə saxlanan iş adamlarından yalnız birinin adı açıqlanır


Arxiv fotosu
Arxiv fotosu

.


Mayın 11-də mediada xəbər yayıldı ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi xeyli sayda iş adamını saxlayıb. Onların Beynəlxalq Bankdan kredit kimi götürdükləri milyardlarla manat pulu mənimsədikləri deyilir. Məlumatda konkret iş adamlarının adı da sadalanır. Yada salaq ki, adıçəkilən bankın rəhbəri Cahangir Hacıyev bir qədər öncə “səhhətinə görə” istefa verib.

RƏSMİ QURUMLAR NƏ TƏSDİQLƏYİR, NƏ DƏ TƏKZİB EDİR

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna məlumatı təsdiqləməsələr də, təkzib də etmədilər. Mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə bildirdi ki, bu haqda onda məlumat yoxdur, axşam saatlarında nəsə deyə bilər.

Baş Prokurorluğun mətbuat xidmətiylə danışmaq cəhdlərimizsə uğursuzluqla nəticələndi. “Turan”ın məlumatına görə, Baş Prokurorluq da günün birinci yarısında məlumatı nə təsdiq edib, nə də təkzib edib.

Nizami Piriyev
Nizami Piriyev

Az sonra APA xəbər agentliyi məlumat yayıb ki, adı hallanan iş adamlarından yalnız biri Nizami Piriyev həqiqətən də həbs edilib. Onun dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirildiyi və haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçildiyi bildirilir.

Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir. “PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesi və metanol istehsalı sahəsində fəaliyyət göstərən “AzMeCo” şirkətindədir. “PNN Group” “De Beers” və “Hamley's” brendlərinin tərəfdaşıdır. Nizami Piriyev Azərbaycanda “KFC” restoranlar şəbəkəsinin də qurucularındandır.

“PNN Group”un digər sahibi onun oğlu Nəsib Piriyevdir.

BEYNƏLXALQ BANK DA SUSUR

“Virtualaz.org” yazır ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcmi 6 milyard manata yaxındır. Bu vəsaitlərin müxtəlif illərdə Cahangir Hacıyevlə bağlı olan iş adamlarına, yerli və xarici şirkətlərə kredit şəklində verildiyi, yaxud kommersiya perspektivi şübhəli olan layihələrə yatırıldığı iddia edilir.

AzadlıqRadiosu günboyu cəhd etsə də, Beynəlxalq Bankdan bu deyilənlərə şərh ala bilməyib. Məsələ bundadır ki, bəzi iqtisadçılar geri qaytarılmayan kredit məbləğinin - 6 milyard manatın çox olduğunu düşünürlər.

ORTADA ÇOX CİDDİ İDDİALAR VAR

İqtisadçı Natiq Cəfərli isə deyir ki, bu ranqda səviyyədə iş adamlarının saxlanması onu göstərir ki, neftdən gələn pul azaldıqca ciddi vəsait problemi yaşanır:

“2 il qabaq neftin qiyməti çox yüksək olanda kreditlə bağlı hər hansı problemə bir o qədər önəm vermirdilər. Beynəlxalq Bank dövlətin əlindədir. Təbii ki, dövlət bankından yüksək məbləğdə kredit verilməsi bir nəfərin – o vaxtkı bank rəhbərliyinin iradəsinə bağlı deyildi. Çox güman ki, həmin iş adamlarına hakimiyyətdə ciddi dəstək vardı. Görünən odur ki, bankda dəyişiklikdən sonra bu rəqəmlər ortaya çıxıb. Rəsmi açıqlama olmasa da, hər halda yüz milyonlarla vəsaitin geri qaytarılmaması ilə bağlı ortalıqda çox ciddi iddialar var”.

Natiq Cəfərli
Natiq Cəfərli

“PULLARINI ALIB BURAXACAQLAR?”

Natiq Cəfərli deyir ki, ola bilsin hakimiyyət bu yolla həmin iş adamlarıyla yanaşı onların qəyyumlarına - rəsmi şəxslərə, oliqarxlara mesaj verir: “Bundan sonra daha səs-küylü həbslərin də şahidi ola bilərik”. Ancaq iqtisadçı bunu zəif ehtimal sayır.

O, güman edir ki, saxlanan şəxslərin işi məhkəməyə qədər gedib çıxmayacaq:

“Qazandıqlarını əllərindən alacaqlar və səs-küysüz məsələ qapanacaq. Hökumətə belə qalmaqallı, səsli-küylü, çoxsaylı insanın həbsiylə yadda qalacaq böyük məhkəmə prosesi sərf etmir. Hamıya məlumdur ki, o kreditlərin alınmasında, mənimsənməsində iş adamları özbaşına olmayıblar, qəyyumluq institutu vasitəsilə ediblər. Bunlar kimdir, kimlərə bağlıdır – məhkəmədə üzə çıxa bilər. Sadəcə, vəsait çatışmazlığına görə pul yığmağa qərar veriblər, büdcədən, vergidən yayınan vəsaitin böyük hissəsini qaytaranlar məsuliyyətdən azad oluna bilərlər”.

Yeri gəlmişkən, “Turan” informasiya agentliyi də bu ehtimala toxunub:

"Müşahidəçilər hesab edirlər ki, söhbət həbsdən deyil, kreditlərin qaytarılması tələbindən gedir. Görünür, C.Hacıyevin vaxtında borclular özlərini çox rahat hiss edirmişlər, lakin bank rəhbərliyi dəyişdikdən sonra borcların ödənilməsi tələb olunub. Ola bilsin ki, pullar qaytarıldıqdan sonra saxlanılanlar buraxılsın və cinayət işi olmasın. Bunun nə qədər real olduğunu yaxın gələcək göstərəcək”.

“Turan” yazır ki, bu, son günlərin ilk korrupsiya qalmaqalı deyil. Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin direktoru Rəşad Məmmədov səbəb göstərilmədən vəzifəsindən çıxarılandan sonra mətbuatda onun və tərəfdaşlarının müxtəlif obyektlərin yenidən qurulması və inşası zamanı külli miqdarda mənimsəməyə yol verdikləri haqda məlumatlar yayılıb.

XS
SM
MD
LG