Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:47

Yanan binanın sakinlərinin kirayə pulu yubadılır


Yanan bina təmir olunur
Yanan bina təmir olunur

-

Aprelin 10-da Bakıda yanan binada – Zığ şosesi 16-da təmir işləri gedir. Mərtəbələrdə ayrı-ayrı briqadalar işləyir, səs-küydən qulaq batır, ustalar iş başındadır, elə sakinlər də, – onlar da ustalara göz ustalığı, yəni nəzarət edirlər. Bunun səbəbi haqda az sonra.

İŞ İCRAÇISI: «10-15 GÜNƏ SAKİNLƏRİ KÖÇÜRƏCƏYİK MƏNZİLLƏRİNƏ»

İş icraçısı Cavanşir Vəliyev AzadlıqRadiosuna deyir ki, yanan binanın sakinləri təxminən 10-15 günə evlərinə köçəcəklər:

«Aprelin 19-da söküntü işlərinə başlamışıq. Ayın 23-dənsə təmir gedir. 60 mənzil pis vəziyyətdəydi. Mənzillərdən 55-nə divar kağızı vurula bilər artıq. Yerdə qalan 4-5 mənzildəsə vəziyyət o birilərdən çox pisiydi. Orda divarı qaşıyıb tökmüşük, suvaq işləri görülüb, rəngsaz işləri tamamlanmaqdadır. Bir həftəyə onlara da divar kağızı vurula bilər».

O, binanın vaxtlı-vaxtında tikinti materialı ilə təmin olunduğunu söyləyir: «Bütün mənzillərə nə lazımdır verilir, işimiz də vaxtlı-vaxtında gedir, yenə deyirəm 10-15 günə camaatı köçürəcəyik».

Binanın üzlənməsinə gəlincə, Cavanşir Vəliyev deyir ki, bu dəfə binaya sadəcə suvaq, daha sonra boya vurulacaq. Yəni üzlənməyəcək. Yada salaq ki, sakinlərin və mütəxəssislərin bildirdiyinə görə, binada yanğının yayılmasına səbəb fasada vurulan penoplastdan hazırlanan üzlük olub. Hərçənd bu haqda hələlik rəsmi açıqlama yoxdur. Üzlüyün tezalışan materialdan hazırlandığı bildirilir və buna görə də bir çox ölkələrdə istifadəsi qadağandır. Yanmış binanın təmirində ondan istifadə edilməsə də, ətrafdakı bir neçə binada həmin üzlüklər hələ də qalmaqdadır.

Mənzillərdən 55-nə divar kağızı vurula bilər artıq.
Mənzillərdən 55-nə divar kağızı vurula bilər artıq.

«FƏHLƏ DƏ DEYİR Kİ, SƏN DƏ MƏNƏ HÖRMƏT ELƏ»

Qayıdaq binadakı təmirə. Hələlik divarlara suvaq vurulub, yaş olduğu gözə çarpır. Döşəmələr sökülüb, yenisi vurulmayıb. Bəzi mənzillərdə plastik pəncərələrin dəyişdirilməsi davam edir. Yəni, iş icraçısının dediyi kimi, 10-15 günə sakinlərin köçməsi real görünmür, deyəsən. Bu şübhəmizi sakinlər də bölüşür.

Aqşin də bu binada yaşayanlardandı. Deyir ki, yanğından sonra bütün işini-gücünü atıb, ancaq təmirə nəzarət edir: «İşləyirlər. Ancaq gərək özün də baxasan. Fəhləyə də söz deyəndə qayıdır ki, «kvadratmetrinə 1 manat 50 qəpik alıram, imkan varsa, siz də hörmət edin». Mən də deyirəm, «2 manat verirəm, düz əməlli işlə». Neyləyək? Ev bizimkidir. Təmir edən çıxıb gedəcək, biz yaşayacağıq... Söz veriblər ki, yaxşı olacaq, hər şeyi düzəldəcəklər. Guya 40 günə iş bitməliydi. Artıq bir ay gedib. İnanmıram çatsın. Çünki suvağın, boyanın qurumağı var. Hələ döşəmə vurulmayıb. Şəxsən mənim evimdə döşəmə parket olub, özü də mozaika. Ancaq indi laminat vuracaqlar. Nə deyim?».

Aqşinin qonşuları da burdadırlar, binada mənzilləri dolaşır, bir-birindən hal-əhval tuturlar. Feyruz Həsənov: «Bəladır başımıza gəlib. İşimi atmışam, bütün gün burdayam, deyirəm nəyəsə lazım olaram. Təmir də yavaş-yavaş gedir. Özümüz də iş görürük, onlar da».

Mənzillərdə plastik pəncərələrin dəyişdirilməsi davam edir.
Mənzillərdə plastik pəncərələrin dəyişdirilməsi davam edir.

KİRAYƏ PULUNU YUBADIRLAR

Başqa bir qonşu - Fərrux Səmədov yaxınlaşır. O, təmirdən şikayətçi olmadığını deyir.

- Yanmaq təbii fəlakətdir. Sunami olur bir saniyəyə, bərpası illər aparır. İndi fəhlələr də çalışırlar, bacardıqları işi görürlər. Hər mənzildə bir briqada işləyir. Maliyyə nə qədər çox olsa, o qədər yaxşıdır.

- Siz də başqaları kimi fəhlələrə pul verirsinizmi?

- Nə pul verəcəyəm? Mən özüm kirayədə qalıram. Gözləyirəm ki, sabah 500 manat kirayə pulunu versinlər, mən də kirayə pulunu ödəyim. Amma insafla bunlar da işləyirlər, aprelin 10-da ev yanıb, 80 faiz iş görülüb.

Pilləkənləri tələsik enən başqa sakin jurnalist olduğumuzu görüb, adını söyləmədən ancaq bunları bildirir: «Nə keyfiyyət? Bu dəqiqə istədiyimiz odur ki, təmir qurtarsın, birtəhər evimizə yığışaq. Kirayədə qalırıq. Kirayə pulunu da vermirlər. Get-gələ salıblar: «Bu gün get, sabah gəl». Materialı da vaxtında çatdırmırlar. Material gəlsə, tez bitərdi, yığışardıq».

«Materialı da vaxtında çatdırmırlar. Material gəlsə, tez bitərdi, yığışardıq».
«Materialı da vaxtında çatdırmırlar. Material gəlsə, tez bitərdi, yığışardıq».

KOMPENSASİYADAN XƏBƏR YOXDUR

Bir ay öncə bura baş çəkəndə, mənzillərdəki bütün avadanlıqların, mebellərin, televizor, kompüterin də yararsız hala düşməsinə şahid olmuşduq. Sakinlərin dediyinə görə, artıq siyahı tutulub. Dəyən ziyana görə mənzilbaşına kompensasiya ödənəcək. Ancaq nə şəkildə, necə, bunu bilən yoxdur. «Nə verərlər verərlər də. Narazı salmazlar yəqin» - deyir Fərrux Səmədov.

Firuz dayı zarafata salır: «Elə adam var deyir ki, kilo yarım qızılım əriyib burda. Ekspert də dartır ki, «gəl görüm harada yanıb, yanıbsa, yerə yapışmalıdır». Gərək şişirtməyəsən, nə yanıb onu deyəsən...».

Xətai rayon İcra Hakimiyyətindən bildirdilər ki, onlar dəyən ziyanı hesablayıb hökumətə təqdim ediblər, onun nə vaxt və hansı şəkildə ödəniləcəyindən məlumatsızdırlar. Kirayə haqqını da, onların yox, 1 saylı Xüsusitəyinatlı Kommunal Təsərrüfat Birliyinin ödəməli olduğunu bildirdilər. Ancaq sakinlər bizimlə söhbətdə dəfələrlə təkrar etdilər ki, kirayə haqqını onlara ötən ay icra hakimiyyətinin işçiləri veriblər. 1 saylı XKTB-dənsə bu haqda heç nə öyrənə bilmədik.

XS
SM
MD
LG