Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:28

Həbsdə olan Nizami Piriyevin oğlu «Azərbaycana borcu» qaytarmağa çalışır


Nəsib Piriyev
Nəsib Piriyev

“Azerbaijan Methanol Company” (Azmeco) şirkəti 1 milyard dollarlıq bond buraxır

-

energyglobal.com internet saytı xəbər verir ki, Azərbaycanda mənzillənmiş aparıcı neft-kimya şirkəti "Azmeco" (Azerbaijan Methanol Company LLC) London birjasında satışa 1 milyard dollarlıq bond çıxarır.

Şirkətin rəhbəri Nəsib Piriyev bildirib ki, “11 aylıq uğurlu fəaliyyətdən sonra Azmeco beynəlxalq maliyyə qurumları ilə şirkətin maliyyələşdirilməsinə dair sazişləri “prinsipcə” yerinə yetirib”.

Onun sözlərinə görə, “bonddan əldə olunan vəsait biznesin inkişaf etdirilməsinə və Azərbaycan Beynəlxalq Bankından götürülmüş kreditin ödənməsinə istifadə olunacaq”.

Nəsib Piriyev deyib ki, “yerli (ölkə səviyyəsində) maliyyə dəstəyi şirkətin ərsəyə gəlməsində həlledici rol oynayıb və indi, mənfəətli və davamlı biznes qurulduqdan sonra müstəqil olmağın və kapitalı Azərbaycanda başqa layihələr üçün azad etməyin vaxtı çatıb”.

BP-nin partnyoru

Cənab Piriyevin bəyanatında "Azmeco"nun BP şirkəti ilə uğurlu əməkdaşlığı vurğulanır və bildirilir ki, BP 2014-cü ilin sentyabrından 2015-ci ilin martınadək “Azmeco”dan 130 min ton metanol alıb və bu əməkdaşlığa Azərbaycanla biznesinin mühüm hissəsi kimi baxır.

Bu da qeyd edilib ki, BP-“Azmeco” əməkdaşlığı qarşıdan gələn illərdə də davam etdiriləcək.

Energyglobal.com saytındakı xəbərdə “BP sözçüsünə” istinadən bildirilir ki, “Azmeco” istehsalatın başlanğıcından etibarlı və sabitqədəm partnyor olub”.

Eyni xəbərdə həmçinin “Baker Botts” hüquq şirkətinin nümayəndələrindən Rubin Weston-un adından deyilir ki, "Azmeco" “sağlam müştəri xidməti və şəffaf kommersiya reputasiyasına malikdir, habelə Azərbaycanın zəngin mədəni irsinin təbliğatı üçün beynəlxalq festivallar, təhsil və idman mübadilələri keçirib”.

“Bond”un bir tərcüməsi də “borc”dur

Əslində bu xəbəri Azərbaycanda hazırda baş verən dramatik hadisələrin inkişafında növbəti mərhələ adlandırmaq olar.

Bundan əvvəl, mayın 12-də Azərbaycanlı iş adamı Nizami Piriyev həbs olunub. Rəsmi məlumata görə o, dələduzluq və ictimai əmlakın talanması maddələri ilə təqsirləndirilir və onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Nizami Piriyev “PNN Group” şirkətinin təsisçilərindəndir və yuxarıdakı xəbərdə adı çəkilən Nəsib Piriyevin atasıdır. Sözü gedən “Azmeco” isə “PNNG”-nin bir hissəsidir.

Beləliklə, Piriyevlər “borclarını qaytarmaq” üçün işə başlayıblar.

Ata Piriyevin xilası üçün

Sadə dildə bond o deməkdir ki, Piriyevlər əslində mülkiyyətlərini borc üçün girova qoyub borc qaytarmaq istəyirlər.

Lakin iqtisadçı dilində məsələ bu qədər də bəsit səslənmir.

REAL Hərəkatının icra katibi, iqtisadiyyat eksperti Natiq Cəfərli bildirir ki, bügünkü şəraitdə heç bir investor Azərbaycana, ən əsası da bu şirkətə pul qoymaz, borc verməz. Bu qiymətli kağızlar buraxılsa belə alıcısı olmayacaq.

Onda niyə belə bir elan verilib?

“Sadəcə Nizami Piriyevin oğlu Azərbaycan hökumətinə mesaj verir ki, “pul tapıb qaytaracağıq, atamı buraxın”. Həm də mesaj verilir ki, əks halda ölkənin reputasiyası bərbad günə qalacaq” – deyir Natiq Cəfərli.

Ekspertin fikrincə, burada BP-nin adının çəkilməsi ilə onun da potensial olaraq bu məsələyə müdaxilə edə biləcəyi mesajı verilir.

Var-yoxlarını alıb buraxacaqlar

Natiq Cəfərli düşünür ki, böyük bir ehtimalla, Piriyevlər Azərbaycan, Rusiya və Avropadakı aktivlərini satıb canlarını qurtarmağa çalışacaqlar:

“Sərvətlərinin 650 milyon dollar olduğu deyilir. Hamısını alıb buraxacaqlar. İş heç gedib məhkəməyə çaxmayacaq – deyir Natiq Cəfərli, - Amma bu, ölkədə investisiya mühitini tamamilə məhv edəcək”.

Siyasi təhliçilər bildirirlər ki, Azərbaycan hökuməti Avropa Oyunları ərəfəsində ağır maliyyə çətinlikləri ilə üzləşib.

Manatın devalvasiyası, neft qiymətlərinin ucuzşlaşması və beynəlxalq arenada getdikcə artan tənqidlər hökuməti “boş qalan kisəni” ekstremal tədbirlərlə doldurmağa məcbur edir.

Saxlanıblar, həbs ediliblər, yoxsa girov götürülüblər?

Azərbaycandan verilən xəbərlərdə onlarca biznesmenin ölkə banklarına, ən ümdəsi isə Azərbaycan Beynəlxalq Bankına borclu qaldıqlarına görə həbs olunduğu xəbər verilir.

Bu xəbərlər olduqca ziddiyyətlidir. Media konkret “iş adamlarının”, “biznesmenlərin”, “obyektlərin” adlarını çəkir və bu zaman “DİN-dəki mənbələrə”, ən yaxşı halda isə vəkillərə əsaslanır. Adları çəkilənlərin rəsmən həbs olunduqları, yoxsa, rəsmiləşdirilmədən girov saxlandıqları bəlli olmur.

Hələlik, rəsmən yalnız Nizami Piriyevin həbs olunduğu təsdiqlənib.

Sözü gedən “bond əməliyyatının” uğurlu olub-olmadığını həbsdə olan Nizami Nəsibovun yaxın taleyi göstərəcək.

XS
SM
MD
LG