Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:55

Gözüyumulu ağlamaq...


-

Ürəyimdə düşündüm ki, sən hələ dayan, mən nənəmə deyim, sonrasına baxarsan. Yerimdən qalxıb tarımı götürdüm və həyətimizə keçdim.

Tərslikdən evdə də bir Allahın bəndəsi yox idi ki, bütün hikkəmi, acığımı onun üstünə töküm...

Ağarəsul Məmmədli

MƏNİM TAR MÜƏLLİMİM

(Hekayə)

Qapıbir qonşu idik. Əyalət şəhərinin mərkəzində dar bir küçənin bir tərəfindəki taxta darvaza bizim, onunla üzbəüz kiçik taxta qapı isə onlarınkıydı. Həftədə üç gün tar dərsinə gedirdim.

Tək deyildim, rayonun dördbir yanından yaşıdlarım onun yanına dərsə gəlirdilər. Yaşıdlarım deyəndə, onda mən dördüncü sinifdə oxuyurdum. Altı yaşımda birinci sinfə getdiyimi nəzərə alsaq, demək on yaşım vardı.

Birinci sinfə gedəndə o qədər balaca və cansız olmuşam ki, deyirlər atamın nənəsi, Mövlanə Məhəmmədin gəlini Qönçə nənə məni belinə şəlləyib məktəbə aparırmış, sinfə salandan sonra da məktəbimizin idman meydançasında oturub böyük tənəffüsü gözləyər, iyirmi dəqiqəlik tənəffüsdə mürəbbəli çay içirdib sonra evə gedərmiş.

Dərslər qurtaranda da məni məktəbdən alıb geri gətirərmiş. Bir müddət sonra uşaqlar məni nənəmin dalında görüb gülüşdülər. Utandım. Sonradan özüm gəlib-getməyə başladım.

Çantamı çox da ağır etmirdilər ki, gücüm çatsın. Amma nənəm yenə arxayın olmurdu, çox vaxt arxamca gəlir, məni tək qoymurdu, müşayiət edirdi. Məktəblə evin arası isə yeddi yüz metr ola ya olmazdı. Nənəm həmişə deyirdi ki, sən istəkli nəvəmin yadigarısan, ona görə də gözümdən kənara qoya bilmərəm.

Həə, mənə tar alınanda 1959-cu il idi. Bazardakı oyuncaq dükanından aldıq, özü də yüz yeddi manata. Tut tarı idi. Tut ağacından düzəldilən tar keyfiyyətli sayılırdı. Əsl tar idi. Uşaq tarı deyildi (Tələbə vaxtı bir kirayə evdən başqasına köçəndə itdi. Günah özümdə oldu, heç tar yada düşmürdü. Altı ayda bir ev dəyışəndə belə olar də).

Doğrudur, mənə çox gözəl bir tar almışdılar, amma bir iş vardı ki, tar özümdən böyük, həm də ağır idi. İlk gün dar küçəni keçib, qonşuya tar dərsinə getdim və müəllimlə üz-üzə oturdum. Müəllim tarıma baxıb “hımm” elədi və mən başa düşdüm ki, tarı bəyənib. Dərsə başladıq və mənə dedi:

- Qonşu, barmaqlarınla tarın qolunu tut.

O, sol əlində olan üç barmağı ilə öz tarının qolunu tutaraq mənə göstərirdi. Həmin əlindəki baş barmağın və kiçik barmağın ucları yox idi. Mən də bir xeyli əlləşəndən sonra tarımı sinəmə qaldırıb müəllimin tutduğu kimi tutmağa çalışdım, amma barmaqlarım çatmırdı.

- Qonşu, sənə hələ tezdi tar çalmaq, gələn il gələrsən”, - dedi. Bu sözləri elə söylədi ki, sanki mən ucqar dağ kəndindən gəlmişəm, bir də bir ildən sonra görüşəcəyik.

Ürəyimdə düşündüm ki, sən hələ dayan, mən nənəmə deyim, sonrasına baxarsan. Yerimdən qalxıb tarımı götürdüm və həyətimizə keçdim. Tərslikdən evdə də bir Allahın bəndəsi yox idi ki, bütün hikkəmi, acığımı onun üstünə töküm. Valideynlər işə, nənəm isə kəndə getmişdi. Kənd yaxın idi. Cəmi beş kilometrlikdə.

Axşam nənəm gəldi, gələn kimi də məndən kefimi soruşdu. Mən də gündüz olanları danışdım və təbii ki, özümü saxlaya bilməyib ağladım.

Daha bundan sonrasından xəbərim olmadı, nənəm hara getdi, kimə nə dedi, bilmirəm. Amma səhərisi günü evdə oturub dərslərimi hazırlayırdım ki, qapı döyüldü. Qonşu Badam xala idi. Əslində mən yaşıma görə ona “nənə” deməli idim. Amma hamı kimi, mən də eləcə “Badam xala” deyirdim. Badam xala Ələddin müəllimin, yəni məni dünən dərsdən qaytaran və “gələn il gələrsən” deyən tar müəlliminin anası idi.

- Ay Nacı, tarını da götür, gəl, - Badam xala dedi. Qonşular mənə nənəmin dilindən “Nacı” deyərdilər. Nənəm mənə gözəl mənasında “Laçın” ləqəbi qoyubmuş, amma bu ad dilinə yatmadığından “Nacı” deyərmiş, hamı da onun dilindən məni elə çağırırdı.

- Ələddini biabır eləmişəm ki, uşağı niyə qaytarmısan. Tarı da var. Uşaqlar tarsız-zadsız gəlib gedirlər. Gəl-gəl”, - deyərək təkrarladı. Tarı iki əlimlə götürdüm. Yerə qoyanda tar məndən hündür idi. Ələddin müəllim neynəsin?! Heç torbası da yox idi. Sonradan nənəm torba tikdirdi, yaşıl rəngdə.

Birinci dərsimizdə Ələddin müəllim: “Yüz bir” öyrənəcəyik”, - dedi, - sonra “Ay Çiçək”, “Lalələr”... və s. və ilaxır. Beləcə, mən tar öyrənməyə başladım. Amma bir ciddi problemim vardı, özü də böyük, utanırdım.

Dərsdə nə öyrənirdiksə gəlib evdə, lap içəri otaqda, özü də qapıları bağlayıb dərsimi çalırdım. Sonra qapıları açıb, o biri dərslərimlə məşğul olurdum. Bu dərslərimə valideynlərimlə hazırlaşırdım. Tar dərsimizə gələn uşaqlar evlərində bacı-qardaşlarını, qonşu uşaqlarını da yığıb tar dərslərini çalardılar. Mən isə tək və gizlincə.

Qonşu olsa da, müəllimə pul verməliydik. Valideynlərim danışıbmış. İlk dəfə dərs pulunu aparırdım. İri, palazqulaq yüzlüyü əlimdə bərk-bərk sıxımışdım, üzərində on beş dildə “yüz manat” yazılmışdı.

İlk dəfə əlimdə yüz manat küçəni keçəcəkdim. Başımı darvazadan çıxarıb, sağa-sola baxdım. Küçədə kimsə yox idi. Kölgədə 40-45 dərəcə istidə, günorta saat üçdə küçədə kim olacaqdı ki?! Bu vaxtlar hamı yatırdı, ya da valideynləri döyə-döyə yatızdırırdılar. Qaçıb yolu keçdim. Müəllimin həyətinə girdim. Qapıları elə cırıldadı ki, qorxudan diksindim. Elə bil hər gün açdığım qapı deyildi. Həyət, əlbəttə, bu gün boş idi.

Adətən, ucqar rayonlardan aşıqlar, musiqiçilər Ələddin müəllimin yanına dərs almağa gələrdilər. Bazar günündən başqa. Bazar günü onlar toylarda olardılar. Hər gün həyətdə beş-altı adam olardı. Badam xalanın da işi onlara çay süzmək idi. Sarı samovar sönmürdü. Samovarın üstündə metal pul şəkli vardı, onun da üstündə saqqallı bir rusun şəkli. Böyüyəndə bildim ki, keçmiş rus çarı Nikolayın şəkli imiş. Hələ deyirdilər ki, 1898-ci ildə rayon mərkəzindəki dəmiryol vağzalını da o tikdiribmiş.

Həyətin ortasında idim. Tar çalınırdı, Ələddin müəllim idi, özü də sarı simdə çalırdı. O qədər həzin, o qədər qəmgin bir musiqi idi ki, üstündən əlli il keçməsinə baxmayaraq, mən indi də o musiqinin təsirindəyəm. O istidə üşüyürdüm. Deyirlər, Azərbaycanın ən məşhur xanəndələri, Sara Qədimova, Hacıbaba Hüseynov, tanınmış aşıqlar Aşıq Şakir, Aşıq Məmmədağa və b. məşq etməyə, muğamın ayrı-ayrı hissələrini öyrənməyə onun yanına gəlirdilər.

Musiqi məni valeh etmişdi. Həyətdə tut ağacının dibindəki iri çay daşının üstündə oturub dinləməyə davam etdim. Bu tar nə imiş, ilahi! Ələddin müəllimin sol əlini mən sizlərə təsvir etdim. Sağ əlində isə cəmi ikicə barmağı vardı, baş və şəhadət barmağı.

O, iki barmaqla da mizrab tuta bilirdi. Kaş onun kimi mizrab tutub, tar çala biləydim. Amma hələ nə yaşım vardı ki?! Bəlkə elə o tarın, Ələddin müəllimin tarının səsi məni yaşımdan tez böyütdü. Çalırdı. Gözləri yumulu. Ələddin müəllimin ayaqları yox idi. Deyirdilər ki, dəmir yolunu keçəndə qatar gəlib onun üstündən keçib. Ayaq yerinə protez ayaqları bağlayırdı. Protez baha imiş. Tələbələri, tanınmış aşıqlar pul yığıb, ona ayaq düzəltdiriblərmiş.

Həə, Ələddin müəllim gözlərini yumub həzin-həzin çalırdı, mən də taxta darvazadan girib, çay daşının üstündə oturmuş, lal-dinməz qulaq asırdım. Deyəsən, nə Ələddin müəllim, nə də Badam xala mənim gəlişimdən xəbər tutmuşdular. Hər biri öz aləmindəydi. Aradabir yüngülcə tərpənməsəydi, torpağın üstünə atdığı döşəkçənin üstündə oturmuş Badam xalanı donmuş kimi təsəvvür edəcəkdim.

Amma Badam xala ağlayırdı, için-için ağlayırdı, ağladıqca da hərdən çiyinləri qalxıb-enirdi. Uzaqdan da olsa görürdüm. Elə müəllim də ağlayırdı. Gözlərini yummuşdu. Amma ağlayırdı. Gözündə yaş yox idi. İndi başa düşürəm ki, ağlayırdı. Ağlamasa, ağlamasan, o möhtəşəmlikdə ifanı yaşaya, çatdıra bilməzsən, mümkünsüzdü. Bəlkə ürəyində ağlayırmış, qəlbi sökülürmüş.

Əlim tərləmişdi. Pul islanmışdı. Cibim də yox idi ki, ora qoyum, əlim azad olsun. Kaş ki onun həmin anda ifa etdiyi musiqini sizlərə çatdıra biləydim. Melodiyanı xatırlaya bilmirəm, lirik bir musiqi idi.

Ələddin müəllim çalğısını bitirdi. Mizrabı tarın qolunun başında ağ simin altına keçirdi. Sağa əyilib anasını bağrına basdı, gözlərindən öpdü. Ana-bala qucaqlaşıb ağlaşdılar. Bu elə bir mənzərə idi ki, sözlə göstərmək mümkün deyil. Bəlkə də onlar ağlaşaraq bir-biri ilə halallaşırdılar.

Bütün dərdlərinin, bütün ağrılarının gözünü o çalğı ilə deşib qanını yerə axıdır, axıtdıqca da yüngülləşir, azad olurdular. Səslərini də eşidirdim. Yerdə oturmuşdular. Mən ayağa qalxdım. Utanırdım. Gizlincə həyətə girdiyimdən utanırdım.

Bir xeyli keçmiş balkona tərəf yaxınlaşdım. Ələddin müəllim elə oturduğu yerdə oturmuşdu, amma protezlərini açıb yanına qoymuşdu. Sağ əlimdəki islanmış pulu ona uzatdım. Pula baxdı:- Badam, - deyə qışqırdı, - Qönçə nənəyə deyərsən ki, mən Mövlana nəvəsindən dərs pulu almayacam. Bu da mənim payım olsun. İstəyir, beş il öyrənsin, istəyir, on il”. Sonra da sağ əli ilə mənə “get” işarəsi verdi.

***

İki il sonra biz yeni ev tikib o məhlədən köçdük. Yeni evimiz şəhərin yeni salınan məhəllələrindən birində idi və əvvəlki evimizdən çox aralı idi.

Tar dərslərimə davam etmədim.

İllər keçdi, orta məktəbi qurtarıb instituta qəbul olundum, oranı da qurtarıb, işləmək üçün Bakıda qalmalı oldum. Ailə qurdum. Elmi işlə məşğul olurdum. Bir müddət sonra mənə rayonda rəhbər vəzifə təklif olundu və mən bu təklifi məmnuniyyətlə qəbul elədim.

Onsuz da Bakıda evimiz yox idi, iki uşaqla kirayələrdə qalmaq da lap ürəyimi sıxırdı. Beləcə, yenidən doğma rayonumuza qayıtmalı oldum. Yeni işim əvvəlcə bir xeyli həyəcanlı, məsuliyyətli gəlirdi mənə. Amma bir müddətdən sonra hər şey qaydasına düşdü və mən getdiyim hər yerdə özümü doğmalarımın, yaxınlarımın arasında hiss edirdim.

Amma mən ən çox iki müəllimimi axtarırdım, onlarla oturub dərdləşmək, olub-keçənlərdən danışıb yüngülləşmək, bəlkə də baş-başa verib ağlaşmaq istəyirdim, bizə kimyanı öyrədən Səftər müəllimi və Ələddin müəllimi. Səftər müəllim dərs deməkdə davam edirdi, “Əməkdar müəllim” fəxri adı da almışdı. Ələddin müəllim isə dünyadan köçmüşdü. Doğrusu bu xəbəri eşidəndə çox üzüldüm, içimdə böyük bir boşluq, heç zaman doldura bilməyəcəyim bir yarğanın açıldığını hiss elədim.

Çünki ona deməyə o qədər söz hazırlamışdım, təsəlli vermək, hər şeyin ötəri olduğunu, dünyanın imtahandan başqa bir məna daşımadığını deyəcəkdim, amma olmadı, hamısı ürəyimdə qaldı.

Amma öyrəndim ki, evlənibmiş. İki uşağı var, onlar da atalarının yolu ilə gedib, tarı seçiblər. İndi də rayon mərkəzində yenicə açılmış musiqi məktəbində oxuyurlar.

XS
SM
MD
LG