Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:31

Günel Mövlud. Bir təhqirin tarixçəsi


Günel Mövlud
Günel Mövlud

-

O, tamaşaçıya “sən” deyə müraciət edir. Soruşan lazımdır ki, niyə?

Niyə universitet bitirmiş, ali təhsilli, ömrünün iyirmi ilini sənət, mədəniyyət adamları arasında, teatrda, sənət məbədində keçirən adam adi etik qaydalarını bilmir?..

Günel Mövlud

BİR TƏHQİRİN TARİXÇƏSİ...

Əslində, mən televiziyalarımızdan daha ciddi deqradasiya gözləyirdim.

Məsələn, canlı efirdə adam kəsib, ətini yesələr, reytinq xətrinə efirdə kimisə öldürməyini, aparıcının tamaşaçını (ya da əksinə) döyməyini, bir sözlə, doğrudan şokedici nəsə görsəm, bizim yerli kanallar üçün normal olduğunu düşünərdim.

Son günlərdəki efirdə ürəkgetmələr, şpaqatlar, söyüşlər məhz belə bir şey gözləməyə kökləyir adamı.

Dünən efirə zəng eləyən bir tamaşaçının verilişdə ekspert qismində oturmuş aktrisanı təhqir elədiyinin şahidi olduq. Bir aktrisa, bir sənət adamı, bir qadın, bir insan kimi həzm olunmayacaq təhqir eşitdi o. Əlbəttə, kimliyindən asılı olmayaraq, təhqir qəbuledilməzdir və kimsə təhqirə əl atırsa, özünün o qədər də yüksək mədəniyyət sahibi olmadığını bildrimiş olur.

Amma məsələyə başqa tərəfdən baxaq. Tamaşaçını bu günə kim qoydu? Kim onun mədəni səviyyəsini aşağı salmaq, kütləşdirmək, zövqsüzləşdirmək üçün əlindən gələni elədi. Kim efirdə Azərbaycan dilini bərbad günə qoydu, efirdə küçə dilini kim dəbə saldı? Konkret olaraq, bu hadisədə birinci olaraq tanımadığı, yad adama “sən” müraciətini kim başladı?

Ekspert, ağılverən, mənəvi dəyərlərdən danışanlar efirdə kimlərdi? Tamaşaçı efirdə ona ağıl verənin, ailə, böyük-kiçik dəyərlərindən danışanların kim olduğunu bilmirmi? O, mənəviyyatdan danışan adamların hərəkətlərindən, mədəniyyətindən xəbərsizdirmi?

Siz kimi aldadırsız? Bizim tamaşaçını aldatmaq olar? Özü iki kitab oxumayan, özü ailə dəyərlərinə tüpürən, özü gündə müxtəlif ucuz qalmaqallarla “şöhrət”ini qoruyub saxlayan adamları ona ailə, cəmiyyət dəyərləri sahəsində ekspert kimi sırımaq olar?

Yox. Tamaşaçı heç vaxt onları avtoritet kimi qəbul etmir. Tamaşaçı sadəcə efirdəki oyunla, hoqqa ilə əylənir. Bizim ironiya, kinayə, sinizm məsələsində zəngin tamaşaçını belə şeylərlə aldatmaq olmaz.

Bax, elə buna görə də, illərlə efirə ailə eksperti kimi çıxan aktrisanı tamaşaçı asanlıqla, rahatca təhqir edə bilir. Çünki, onu heç vaxt ciddi adam, nüfuz sahibi, ekspert kimi qəbul etməyib.

Ikincisi, deyək ki, tamaşaçı savadsız, davranış qaydalarından çox da xəbərdar olmayan bir adamdı. Axı onun belə bir öhdəliyi də yoxdur. O, mədəni olmağa, etik qaydaları gözləməyə məcbur hiss eləmir özünü. Çünki o efirdə mədəniyyətdən, ailədən, dəyərlərdən danışmır, özünü ekspert kimi təqdim eləmir. Buna görə də, elə bir məsuliyyət hiss eləmir, özünü mədəni olmağa borclu hiss eləmir...

Aktrisa isə efirə ekspert qismində çıxır. Insanlara ağıl öyrədir. Mədəniyyətdən, səviyyədən, dəyərlərdən, ailədən danışır. Onu efirə nümunə kimi dəvət ediblər. O, nümunəvi, mədəni olmağa, davranışlarda etikanı gözləməyə borcludur. Amma o nə edir? Tamaşaçıya “sən” deyə müraciət edir. Soruşan lazımdır ki, niyə? Niyə universitet bitirmiş, ali təhsilli, ömrünün iyirmi ilini sənət, mədəniyyət adamları arasında, teatrda, sənət məbədində keçirən adam adi etik qaydalarını bilmir? Əgər iyirmi ilini sənət məbədində keçirmiş, ali təhsilli, efirə ekspert qismində çıxarılan aktrisa etik qaydalardan xəbərsizdirsə, onda sadə tamaşaçıdan niyə inciyirlər?

Nəticə necə olmalı idi ki? Sadə etik qaydalardan xəbərsiz olan adamları illərlə efirə çağırıb, onların vasitəsilə tamaşaçıya ağıl öyrətsən, o tamaşaçı axırda efirdə ekpsetin özünü təhqir edəcək. Olacağı budur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG