Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:52

«The Washington Post»un yazdığı sürpriz deyil


Azərbaycana səfər etmiş konqresmenlər.
Azərbaycana səfər etmiş konqresmenlər.

-

Bu günlərdə «The Washington Post» qəzeti ABŞ Konqresinin 10 üzvünün Bakıya səfərini Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyələşdirməsindən, konqresmenlərə hədiyyələr verilməsindən yazırdı. Sonradan Konqres üzvləri qatıldıqları konfransı SOCAR-ın sponsorluq etməsindən xəbərsiz olduqlarını dedilər. Nick Cunningham oilprice.com saytında yazır ki, əslində qəzetin yazdıqları sürpriz deyildi. Belə ki, ABŞ hökuməti korrupsiyaya uğramış bir ailənin idarə etdiyi Azərbaycanı uzun müddət xarici siyasət pazlının əsas elementi hesab edib.

1990-cı illərdə Clinton administrasiyası Bakı-Tbilisi-Ceyhan kəmərini dəstəkləyib. Bu, Qafqaz ölkələrini Rusiyanın boyunduruğundan xilas etməklə izah olunurdu. Müəllif yazır ki,bütün bunlar korrupsioner hökumətə yaltaqlanmaq hesabına başa gəlirdi və həm də Azərbaycana qucaq açan təkcə Clinton administrasiya deyildi. 2008-ci ildə, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra keçmiş vitse-prezident Dick Cheney Azərbaycana səfər etdi, Qafqaza dəstək vəd olundu. Ancaq çoxları düşünürdü ki, səfərin əsl səbəbi ABŞ-ın Xəzərdən daha bir kəmər tikintisinə dəstək alması idi. Həmin kəmər sonradan iflasa uğramış «Nabucco» oldu.

Səfir Morningstar Obama administrasiya zamanı Avrasiya regionunda enerji məsələləri üzrə xüsusi elçi, daha sonra Azərbaycana səfir təyin olundu. O da «Nabucco» kəmərini güclü şəkildə irəlilətməyə çalışırdı. Bu kəmər heç vaxt reallığa çevrilmədi, ancaq ömrünü başqa bir kəmərə bağışladı – bu, reallığa daha çox yaxındır.

«Obama administrasiyası üçün prioritet təşkil etməsə də, Azərbaycan hələ də regionda təhlükəsizlik müttəfiqidir. Hökumət Dövlət Departamentinin xüsusi elçisi Amos Hochstein-i mayın əvvəlində Yunanıstana göndərib ki, yunan hökumətini Azərbaycandan təbii qazı Qərbi Avropaya daşıyacaq kəməri dəstəkləmək üçün dilə tutsun. Amerikanın dəstəklədiyi bu kəmər Rusiyanın «Türk Axını» kəmərinə rəqibdir. «Türk Axını» Rusiya qazını Qara Dəniz, Türkiyə və Yunanıstan vasitəsilə Qərbi Avropaya daşıyacaq».

«Qərbin dəstəklədiyi layihə isə iki kəmərdən ibarətdir, biri Azərbaycan və Türkiyə ərazisindən keçir, digəri Yunanıstandan başlayır və İtaliyanın cənubundan keçir. SOCAR hər ikisində əsas payçıdır».

Luise Goilabieva və Nazhud Guchigov - 16 may 2015
Luise Goilabieva və Nazhud Guchigov - 16 may 2015

«Hətta Konqres üzvləri, «The Washington Post»un yazdığı kimi, hansısa səhv hərəkət etməyibsə belə, bu yazılanlar təəccüblü deyil. Nəzərə almaq lazımdır ki, uzun illər ABŞ Azərbaycanda korrupsiya məsələsini gözardı edib, çünki ABŞ Xəzərin enerjisindən yararlanmaq istəyir», - müəllif yazır.

MƏCBURİ NİKAH PUTIN-İN DOSTLARININ NƏZARƏTDƏN ÇIXDIĞINI GÖSTƏRİR

Anna Nemtsova thedailybeast.com-da bu günlərdə Çeçenistanda 47 yaşlı polis rəisi ilə 17 yaşlı qızın nikaha girməsindən yazır.

Bu hadisə Rusiya qanunlarının qadağan etdiyi çoxarvadlılığa diqqət çəkib. «Ancaq kimsə deyə bilər ki, Çeçenistan Rusiya deyil, öz qanunları var və bossu Ramzan Kadyrov-a tabedir», - müəllif yazır. Kadyrov bu nikahı «minilliyin toyu» adlandırıb. Ancaq gəlin Louisa Goilabiyeva mərasim zamanı bircə dəfə də olsun gülümsəməyib.

Polis polkovniki Nazhud Guchigov-un qızın ailəsinə təzyiq göstərdiyi bildirilir. Gəlinin 17 yaşı mayın 1-də tamam olub. Guchigov-un ailəsi, uşaqları var.

Bu nikah sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. Bəziləri çeçen qadının gücsüzlüyündən yazır. Kheda (Louisa-nı belə çağırırlar) oğlan dostunun olduğunu desə də, onun sözlərinə əhəmiyyət verən tapılmayıb.

«Kadyrov-un dostları ilə bağlı məsələlərdə Çeçenistanda hüququn aliliyi mövcud deyil», - bunu Çeçenistanda insan haqları fəallarının təşkilatı olan Birgə Mobil Qrupun üzvü Sergei Babinets deyir. «Əminəm ki, Kadyrov-un törətdiyi bir çox cinayətlərlə bağlı FSB-də məlumatlar var. Bir gün səbir kasası daşacaq, ancaq indilik Kadyrov Putin-in Çeçenistanda inamından istifadə edir».

Türkmənistanda qaz kəmərinin istismara verilməsi - 2010
Türkmənistanda qaz kəmərinin istismara verilməsi - 2010

AVROPAYLA TÜRKMƏNİSTAN ARANI DÜZƏLDİR

Şərq-Qərb kəmərinin tamamlanması türkmən qazının yaxın gələcəkdə Avropaya çatdırılmasına şərait yaradacaq. Paolo Sorbello thediplomat.com-da yazır ki, son illər Avropa liderləri Türkmənistana ard-arda səfərlər edirlər və yeganə məqsəd də Qərbə təbii qaz gətizdirməkdir.

«Rusiya ilə böhran Brüsseli enerji mənbələrini şaxələndirməyə sövq edir. Türkmənistan prezidenti Gurbanguly Berdimuhamedov-un Avstriyaya səfəri də danışıqları faydalı mərhələyə çıxarıb. AB-nin enerji komissarı Maroš Šefčovič mayın əvvəlində Türkmənistana səfəri zamanı deyib ki, «Avropa 2019-cu ilədək türkmən qazını gözləyir». İlk dəfədir ki, Brüssel kəmər üçün belə bir tarix qoyur».

«Berdimuhamedov, təəccüblü olsa da, Şərq-Qərb kəmərinin tikintisini elan edib. Bu addım transxəzər layihəsinə doğru bir addım olar. Türkmənistan indi qərarlar ərəfəsindədir. Šefčovič-in dediyindən belə çıxır ki, top Berdimuhamedov tərəfdədir və ölkə təbii qazının Avropaya çatdırılması üçün gərəkən siyasi qərarlar verməlidir. AB 2020-ci ilədək bütün kəmərlərin sərhədlərinə birləşdirmək istəyir. Avropanın bu addımı digərlərini də Türkmənistan qazına çıxış əldə etməyə sövq edəcək», - müəllif yazır.

XS
SM
MD
LG