Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:52

Elmar Hüseynovun qətlinin istintaqı ilə bağlı müəmmalar artır


Elmar Hüseynovun qatilləri 182 ölkədə axtarılır
Elmar Hüseynovun qatilləri 182 ölkədə axtarılır

Nəşri dayanan «Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev və Elmar Hüseynovun qətlində təqsirləndirilən Teymuraz Əliyevlə görüşdüklərini deyən bir neçə jurnalistin Milli Təhlükəsizlik Nazirliyində (MTN) dindirilməsi noyabrın 8-də davam edib. Cənab Fətullayev deyir ki, nazirlikdə onlara Teymuraz Əliyevin şəklini göstəriblər. Həmin şəkildəki adam onların noyabrın 4-də Tbilisidə görüşdükləri və özünü Teymuraz Əliyev kimi təqdim edən şəxs olmayıb: «Balaca boylu, keçəl, xırda gözlü, bığlı bir adam idi. Dedik, bəs bizim şəklini çəkdiymiz adam kimdir? Dedilər ki, onun şəxsiyyəti müəyyən edilməyib».


Eynulla Fətullayev, «Gündəlik Azərbaycan» qəzetinin keçmiş müxbiri Çingiz Sultansoy, «Ayna» qəzetinin əməkdaşları Kənan Quluzadə və İbrahim Bayandurlu noyabrın 6-da bəyan etmişdilər ki, ötən həftə Gürcüstanda olarkən Elmar Hüseynovun qətlində şübhəli bilinən Teymuraz Əliyevlə görüşüblər. Jurnalistlərin sözlərinə görə, özünü Teymuraz Əliyev kimi təqdim edən şəxs onlara bildirmişdi ki, Elmar Hüseynovun qətli ilə bağlı ifadə verməkdən cana doyub. Həmin şəxsin sözlərinə görə, jurnalist qətlə yetirilən zaman həqiqətən Bakıda olsa da, bu cinayətlə heç bir bağlılığı yoxdur.



«Balaca boylu, keçəl, xırda gözlü, bığlı bir adam idi. Dedik, bəs bizim şəklini çəkdiymiz adam kimdir? Dedilər ki, onun şəxsiyyəti müəyyən edilməyib»
MTN Teymuraz Əliyev, Tahir Xubanov və şəxsiyyəti tam dəqiqləşdirilməyən daha bir Gürcüstan vətəndaşının Elmar Hüseynovun qətli ilə bağlı axtarışını elan etmişdi. Jurnalistlərin açıqlamalarından isə belə çıxırdı ki, Tbilisidə özünü Teymuraz Əliyev kimi təqdim edən adamla görüşmək onlara o qədər də çətin başa gəlməyib. Eynulla Fətullayev bildirir ki, Milli Təhlükəsizlik Nazirliyində onlara Teymuraz Əliyev adı altında heç görüşmədikləri adamın şəklini göstərmələri bu məsələ ətrafında müəmmaları bir qədər də artırıb: «Mən müstəntiqlərdən soruşdum ki, bəs orada qadınlar var idi, biri özünü Teymurazın yoldaşı, digəri də onun anası kimi təqdim edirdi. Dedilər ki, ola bilsin, həmin qadınlar elə Teymurazın anası və yoldaşı olublar».

MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Arif Babayev də bildirir ki, jurnalistlərin Tbilisidə görüşdükləri şəxs heç də Teymuraz Əliyev olmayıb: «Hazırda özünü jurnalistlərə Teymuraz Əliyev kimi təqdim edən adamın şəxsiyyəti araşdırılır». Cənab Babayev deyir ki, Elmar Hüseynovun qətlində təqsirləndirilən istər Teymuraz Əliyevin, istərsə də, Tahir Xubanovun axtarışı davam edir. «İnterpol» onları dünyanın 182 ölkəsində axtarır.


Noyabrın 7-də prezident İlham Əliyev də Brüsseldə jurnalistlərin suallarını cavablandırarkən bildirmişdi ki, Elmar Hüseynovun qatillərinin axtarışı davam edir. Onun sözlərinə görə, qatillər xaricdə gizləndiklərindən, onların tapılıb istintaqa gətirilməsi hələ ki, mümkün olmayıb.


«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevsə bildirir ki, prezidentin bu fikirləri çoxsaylı qətllər və adam oğurluğunda ittiham edilən Daxili İşlər Nazirliyinin yüksək rütbəli zabiti Hacı Məmmədovun Elmar Hüseynovun qətlini öz üzərinə götürməsi ilə bağlı dediklərini rədd edir. Onun sözlərinə görə, hökumətdəki bəzi qüvvələr jurnalistin qətlindən öz məqsədləri üçün istifadə etmək istədiklərindən, bu işin istintaqında belə ziddiyyətli məqamlar üzə çıxıb. Son hadisələr də bu ziddiyyətlərin bir qədər də artmasına xidmət edir…


XS
SM
MD
LG