Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:48

Stratfor: «Azərbaycan xarici əlaqələrinə yenidən baxır»


Elmat Məmmədyarov və Sergei Lavrov - Moskva, 25 may 2015
Elmat Məmmədyarov və Sergei Lavrov - Moskva, 25 may 2015

-

«Əsas medianın diqqətindən yayınsa da, Azərbaycan son vaxtlar diplomatik isteriya içində olub. Azərbaycan rəsmiləri bütün günü Rusiya və avropalı həmkarları ilə görüşlər keçiriblər». Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır.

Məqalədə xarici işlər naziri Elmar Məmmədyarovun Riqa sammiti çərçivəsində, daha sonra Rusiyada mayın 24-26-da keçirdiyi görüşlər sadalanır.

«Azərbaycan uzun müddət Avropa və Avrasiya sərhədində nüfuz rəqabətində həm məkan, həm də enerji resursları baxımından əsas «oynayan» ölkə hesab olunub. Ukraynaya görə Moskvayla Qərbin münasibətləri pisləşəndən Bakının əhəmiyyəti xeyli artıb. Bu münaqişə dövründə Azərbaycan Şərqi Avropa və Qafqazda neytrallığını saxlayan yeganə ölkədir. Ukrayna, Moldova və Gürcüstan Qərbə inteqrasiya istəyir, Belarusla Azərbaycan Rusiyaya yaxınlaşır. Şərqi Avropa da bölündüyündən, Bakı hər iki tərəfin intensiv təqib hədəfinə çevrilib».

RUSİYAYA MEYLLƏNMƏK?

«Azərbaycan uzun müddət Rusiya və Qərb rəsmiləri ilə fəal danışıqlar apararaq hər iki tərəf arasında balans saxlamağa çalışıb. Ancaq son görüşlərin tonu və xarakteri ölkəni Rusiyaya doğru meyllənmiş kimi göstərir. Bu meylin bir indikatoru Azərbaycan prezidenti İlham Əliyevin Moskvada Qələbə paradına qatılması oldu. Həmin mərasimi bir sıra Qərb liderləri boykot etdi və tədbir Rusiyanın sadiq müttəfiqlərinin yığıncağı kimi qələbə verildi. Rusiya prezidenti də dərhal reaksiya verərək iyunda Avropa Oyunlarının açılışına qatılacağını bildirdi. Bundan başqa, Putin Azərbaycanın səfiri Polad Bülbüloğluna «Rusiya və Azərbaycan arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə töhfəsinə görə» «Şərəf» ordeni ilə təltif etdi».

«Azərbaycanla Rusiya arasında sevginin belə açıq nümayişinə baxmayaraq, Azərbaycanla Avropa arasında tam əks proses gedir. Prezident Əliyev Riqa «Şərq Tərəfdaşlığı» sammitində iştirakdan imtina etdi, bunu Avropa Oyunlarına hazırlıqla əlaqələndirdi. Maraqlı səbəb idi, çünki Avropa Oyunlarına bir neçə həftə qalır. Bunu hörmətsizlik adlandırmaq olar, axı Əliyevin adı AB-nin pres-relizində sammit iştirakçıları siyahısında göstərilmişdi».

SƏBƏBLƏR

«Diplomatik incəlikləri gözləyən Azərbaycan üçün bu qeyri-xarakterik davranışın bir neçə mümkün səbəbləri ola bilər. Biri Qərbin media və qeyri-hökumət təşkilatlarının insan haqları, media azadlığı və demokratiyayla bağlı son tənqidləridir. Əvvəllər də hökumət tənqidlərə məruz qalıb, ancaq Avropa Oyunları qabağı Bakı, görünür, belə tənqidlərə daha həssasdır. Bəzi rəsmilər bildiriblər ki, Qərb təşkilatları ölkəyə zərbə vurmaq, onu devirmək istəyir. Hətta ABŞ Dövlət katibi John Kerry-nin adı da çəkilib. Dövlət Departamenti bu ittihamları rədd etsə də, Bakıyla Qərb arasında insan haqları məsələsində uçurum dərinləşməkdədir, Məmmədyarov Qərbi «Soyuq müharibə dövrünə xas təbliğat»da ittiham edib».

Yazıda daha sonra vurğulanır ki, Azərbaycan diplomatiyasında dəyişikliyin daha bir səbəbi Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ola bilər. Son bir ildə münaqişə yenidən alovlanmaqdadır, sərhəddə atışmalar baş verir. Azərbaycan daha çox hərbi yoldan danışır, Ermənistan isə, nə qədər təəccüblü də olsa, təmas xəttində özünü daha təmkinli aparır.

ORTADA ENERJİ SÖHBƏTİ VAR

Ermənistanda 5 min əsgər saxlayan Rusiya da təmkinli davranıb, tərəfləri sakitliyə çağırıb. «Stratfor» bunu Rusiyanın diqqətini Ukrayna böhranına yönəltməsiylə izah edir. Daha bir səbəb isə bu ola bilər ki, Moskva hər iki ölkəyə təsir rıçaqlarını saxlamaq üçün münaqişənin davam etməsinə çalışır.

«Yenə də, Azərbaycanın diplomatik davranışı Qərbin hesabına Rusiyaya strateji re-oriyentasiya ilə qarışdırılmamalıdır – azından indilik bu, belə deyil. Azərbaycan hələ də enerji resursları hesabına Moskva ilə Qərb arasında balans yaratmaqda maraqlıdır, Ukrayna böhranı isə onun avropalılar üçün cazibəsini daha da artırıb, təbii qaz mənbəyi kimi Rusiyaya alternativ ola bilər. Bakını Cənub Dəhlizi enerji layihələrinə, özəlliklə də Transxəzər kəmərinə qoşulmaq üçün dilə tuturlar. Bu kəmərlər Azərbaycanı Türkmənistan, İran kimi daha böyük təbii qaz mənbələrinə birləşdirə bilər. «Şərq Tərəfdaşlığı» sammitində daha aşağı səviyyəli iştirakına baxmayaraq, Azərbaycan gələcək enerji münasibətlərinin müzakirəsində xeyli fəaldır. Belə layihələr təkcə ölkənin iqtisadiyyatına deyil, diplomatik və geosiyasi mövqeyinə də münasibdir».

BƏYANAT VƏ QƏRARLARI İZLƏMƏK LAZIMDIR

«Avropanın enerji müzakirələri ilə eyni vaxtda Rusiya rəsmiləri bildiriblər ki, Moskva Xəzər dənizində sərhədlərin müəyyənləşdirilməsi üzrə hüquqi fikir ayrılıqlarının həllinə daha açıqdır. Bu məsələ Transxəzər kəməri kimi layihələrə əsas əngəldir. Bu bəyanatlar bir daha göstərir ki, Rusiya Dağlıq Qarabağ kimi daha bir həssas məsələdə ziddiyyətləri yumşaltmaqla Azərbaycanı öz orbitinə daha da yaxınlaşdırmaq istəyir. Yaxud Moskva bu layihəyə hələ də təsir göstərməyə çalışa bilər. Transxəzər Rusiyadan yan keçəcək. Bakı da Qərbi narazı salaraq, azından qismən həmin variantla əylənmək istəyə bilər».

«Əlbəttə, nə barədəsə danışmaq ona əməl etmək demək deyil və Azərbaycan balans strategiyasından əl çəkdiyini göstərən hər hansı konkret qərar verməyib. Ancaq Bakı və Moskvanın qərarlar və bəyanatlarını diqqətlə izləmək lazımdır. Çünki bu bəyanat və qərarlartəkcə Azərbaycana deyil, Rusiya ilə Qərb arasında daha geniş regional və qlobal qarşıdurmalara təsir göstərir».

XS
SM
MD
LG