Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:50

Qazaxın kiçik bir kəndində böyük kredit qalmaqalı


Qazax rayonunda kredit qalmaqalına görə 100-dən çox sakinin aclıq aksiyası keçirdiyi xəbər verilib. Onlar bağça müdirinin toruna düşdüklərini deyirlər.

Qazaxın Xanlıqlar kəndində 100-dən çox sakinin 3 gündür aclıq aksiyası keçirdiyi bildirilir. Bu haqda AzadlıqRadiosuna məlumat verən kənd sakinlərinin sözlərinə görə, aksiya keçirmələrinə səbəb aldadılaraq kredit borcuna salınmalarıdır.

Gözlə

No media source currently available

0:00 0:03:44 0:00
Direct-ə keçid

Onların bildirdiyinə görə, kəndin bağça müdiri Xatirə Əsgərova 120 nəfərdən çox sakinin adına geri qaytaracağı şərtilə müxtəlif məbləğlərdə kreditlər götürüb. Sakinlər deyirlər ki, bağça müdiri kreditləri vaxtında qaytarmadığından banklar məhkəməyə müraciət edib. Məhkəmə isə kreditlərin məcburi qaytarılması ilə bağlı qərar çıxarıb.

Sakinlər deyirlər ki, bağça müdiri borcları ödəməkdən imtina etdiyindən, qərarın icrası onların üzərində qalıb. Onların sözlərinə görə, aldadılmaları ilə bağlı rayon rəhbərliyinə dəfələrlə müraciət ediblər, müsbət nəticə əldə edə bilmədikdə isə aksiyaya qərar veriblər.

Məlumata görə, aksiya hazırda kəndin mərkəzində keçirilir və aldadılan şəxslər pullarının geri qaytarılmasını tələb edirlər.

“BAĞÇA MÜDİRİ BANKLARLA ƏLBİR OLUB”

Müsavat Partiyası Qazax Rayon Təşkilatının sədri İlqar Mustafayev deyir ki, bağça müdiri sakinlərin adına kredit götürərkən saxta arayışlardan istifadə edib:

“Bağça müdiri bank müdirləri ilə əlbir olub, camaatın adına yüksək məbləğli saxta maaş arayışları yazıb və pullar götürüb. Kənddə kreditə ehtiyacı olanlar bağça müdirinə müraciət edirmiş, o da məsələni özünün də xeyri olduğu şəkildə həll edirmiş. Deyək ki, birinə 3 min manat lazım olanda, bankdan onun adına 5 min götürürmüş. Deyirmiş ki, sən öz payına düşəni ödə, gerisini özüm ödəyəcəm. Ancaq, pulu ödəmək lazım gələndə imtina edib. Bu yolla 120-dən çox şəxsin pullarını mənimsəyib. Camaat bununla bağlı müvafiq qurumlara müraciət edib. Nəticə olmadıqda isə, kütləvi aclıq aksiyasına qərar veriblər. Bundan sonra rayon rəhbərliyi tökülüşüb gəlib”.

İlqar Mustafayev deyir ki, rayon prokurorunun köməkçisi və müstəntiqlər hazırda kənddədirlər və məsələ ilə maraqlanırlar:

“Camaatdan izahat alırlar. Hadisənin necə olduğu ilə maraqlanırlar. Deyilənə görə, sənədləşdirildikdən sonra bağça müdiri haqda cinayət işi açılacaq. Əsas məsələ budur ki, əvvəldən hamısının xəbəri olub, maraqlanan olmayıb. Aksiyadan sonra maraqlanmağa başlayıblar”.

“HƏBS OLUNARAM, KREDİTLƏRİ QAYTARMARAM”

Kənd sakini Nazilə Həşimova deyir ki, mayın 2-də aclıq keçirən bir neçə nəfərin səhhəti pisləşib və hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb:
“Tələblərimiz yerinə yetirilməzsə, aksiyanı dayandırmayacağıq. Xatirə Əsgərova deyib ki, həbs olunmağa razıyam, amma kreditləri qaytarmayacağam. Məhkəmə bizim iştirakımız olmadan kreditlərin ödənilməsinə dair qərar çıxarıb. O, mənim adıma “Kapitalbank”dan 2200,

Tələblərimiz yerinə yetirilməzsə, aksiyanı dayandırmayacağıq. Xatirə Əsgərova deyib ki, həbs olunmağa razıyam, amma kreditləri qaytarmayacağam. Məhkəmə bizim iştirakımız olmadan kreditlərin ödənilməsinə dair qərar çıxarıb.

“Zaminbank”dan isə 2 min manat götürmüşdü. “Zaminbank”a olan borcdan 840 manat qalmışdı. Məhkəmənin qərarı ilə indi faizlər də daxil olmaqla 2300 manat ödənilməlidir. Borcun ödənilməsi üçün kiminin məvacibindən, kiminin təqaüdündən pul tutulur. Tam müflis olmuşuq. Artıq bir parça çörək almağa da gücümüz çatmır.”

İCRA NÜMAYƏNDƏLİYİ: “AKSİYA DAYANDIRILIB”

Xanlıqlar kənd icra nümayəndəliyindən aclıq aksiyasının dayandırıldığını bildirsələr də hadisə ilə bağlı əlavə məlumat vermək istəmədilər.

Qazax rayon prokurorunun müavini Ərəstun Məmmədov Xanlıqlar kəndindəki kredit qalmaqalı ilə bağlı cinayət işi açılıb açılmaması ilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırmaq istəmədi. O, həmçinin kənd sakinlərinin aclıq aksiyası keçirməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirdi.

Deyilənlərə aydınlıq gətirmək üçün kredit qalmaqalında adı çəkilən Xanlıqlar kənd bağçasının müdiri Xatirə Əsgərova ilə əlaqə saxlamaq mümkün olmayıb. Onun, yaxud vəkilinin məsələ ilə bağlı fikirləri hələlik mətbuatda da yayımlanmayıb. İddialara cavab verilən kimi AzadlıqRadiosu diqqətinizə çatdıracaq.

XS
SM
MD
LG