Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:25

«İdman insan haqlarını gözardı edə bilməz»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«İyunun 12-də Azərbaycan paytaxtı Bakıda ilk Avropa Oyunları start götürəcək. 50 ölkədən 6 mindən çox atlet medal uğrunda qaçacaq, tullanacaq, mübarizə aparacaq, milyonlarla avropalını cuşa gətirəcək. Ümid edirik ki, onlar bu ölkədə insan haqları müdafiəçilərinə qarşı təzyiqlərin dayandırılması üçün də ayağa qalxacaqlar».

Bunu BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Michel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatović və Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks yazır. Onların imzasıyla iyunun 3-də OpenDemocracy portalında Azərbaycanda Avropa Oyunlarına dair birgə məqalə yayılıb.

REPRESSİYANIN MİQYASI

«Son illər, özəlliklə, son 12 ayda narazılıq bildirmək və güclüləri təftiş etmək Azərbaycanda çox riskli bir işə çevrilib. Xeyli sayda jurnalist və insan haqları fəalına güclü təzyiq olunub, tənqidə dözümsüz siyasi sistemin əlində azadlıqlarını itiriblər».

Müəlliflər repressiyanın miqyasını göstərmək üçün hüquq müdafiəçiləri Rəsul Cəfərov və Leyla Yunus, eləcə də araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı cinayət işlərini təsvir edirlər.

«Xaricilər də repressiya dalğasından yayına bilməyib. Jurnalistlər, qeyri-hökumət təşkilatlarının üzvləri, BMT rəsmiləri qorxudulma, qısnama, hakimiyyətin maneəsi ilə üzləşiblər».

«Azərbaycan hökuməti öz siyasətini müdafiə edir, iddia edir ki, bütün cinayət işləri fərdlər tərəfindən törədilmiş qanunsuz hərəkətlərlə bağlıdır. Onlar insan haqları fəallarının həbsi arxasında siyasi motiv axtarmağın yanlış olduğunu vurğulayırlar».

ONLAR CİNAYƏTKAR DEYİLLƏR

«Razı deyilik. İllər boyu bu fəallar və jurnalistlərlə əməkdaşlıq etmişik və onları yaxşı tanıyırıq. Onlar cinayətkar deyillər».

«Reallıq odur ki, repressiyanı əsaslandırmaq üçün hüququn aliliyi təhrif olunub: narazıları cəzalandırmaq üçün cinayət təqiblərinə başlanıb; qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırmaq üçün qanunvericilik yaradılıb; polis dinc etirazçılara qarşı gücdən istifadə edib».

«Praktik olaraq, insan haqları təşkilatlarının bütün tərəfdaşları saxlanıb, fəaliyyəti dayandırmaq üçün təzyiqə məruz qalıb, yaxud onlara qarşı təşkil olunmuş təzyiqlərdən yayınmaq üçün ölkədən qaçıblar».

ATLETLƏR KÖMƏK EDƏ BİLƏR

«Buna son vermək vaxtıdır və bu işdə idman köməyə gələ bilər. Azından, atletlər yarışdıqları ölkənin ictimai və siyasi mühitindən xəbərdar olmalıdırlar. Onlar bu məsələləri ev sahibləri və ya yerli atletlərlə müzakirə edə bilərlər. Hətta öz populyarlıqlarından yararlanıb ədalətsiz olaraq içəriyə atılmışları dəstəkləyə bilərlər».

Hikmət Hacıyev
Hikmət Hacıyev

«Ümid edirik onlar düzgün seçim edəcəklər, bu Oyunların ruhundan faydalanaraq insan haqlarının müdafiəsinə görə repressiyaya məruz qalanlara qarşı bu tendensiyanı dayandırmağa kömək edəcəklər».

XİN: BEYNƏLXALQ İCTİMAİYYƏTİN İRADƏSİNƏ QARŞI GEDİRLƏR

Məqaləyə münasibət bildirən Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, bu şəxslər təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparırlar. Onun fikrincə, bu əməlləri ilə həmin şəxslər təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət edirlər:

«İdman və mahiyyət etibarilə, birinci Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir. Bu xüsusda, BMT Baş Assambleyasının 69-cu sessiyasında 2014-cü il oktyabrın 31-də qəbul edilmiş A/RES/69/6 saylı «İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi» adlı qətnamədə Avropa Oyunlarının kəsb etdiyi əhəmiyyət xüsusi olaraq vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir».

H.Hacıyev təəssüflə bildirib ki, insan hüquqlarının müdafiəsindən danışdıqları halda, bu şəxslərin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün haqqında bir söz deməyə cəsarətləri çatmır.

XS
SM
MD
LG