Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:52

Bakıda hakimiyyət xalqı məşqə çıxardı: Olimpiya Stadionuna piyada...


Mərkəzi küçələr boş olsa da metro stansiyaları dolu idi. Çünkli avtobuslar da işləmədiyindən adamların ümidi metroya qalmışdı

İyunun 6-ı Bakının mərkəzi yollarında bir dənə də olsun maşın yox idi. Bunu fürsət bilən şəhər sakinləri küçənin ortasında şəkil çəkdirirdilər. Arabir yol polisinin maşını görünürdü. Mərkəzi küçələr boş olsa da metro stansiyaları dolu idi. Çünkli avtobuslar da işləmədiyindən adamların ümidi metroya qalmışdı.

Daxili İşlər Nazirliyi Yol Polisi Baş İdarəsinin yaydığı xəbərə görə, yaxın beş gün ərzində belə olacaq.

"Probka"sız prospekt
"Probka"sız prospekt

Həm də iyunun 6-ı saat 20:00-da Bakı Olimpiya Stadionunda Avropa Oyunlarının açılış mərasiminin məşqi keçiriləcəkdi. Buna görə də ətraf küçə və prospektlərdə (Babək, Heydər Əliyev prospektlərində) də maşınlara qadağa qoyulmuşdu.

"Qurd ürəyi yeyən" "Koroğlu" stansiyasının yanına gəlməzdi...

Baki Olimpiya Stadionun yaxınlığındakı Koroğlu metro stansuyasının qarşısında isə bir başqa mənzərə vardı. Həmişə bu stansiyaya işləyən ətraf qəsəbələrin avtobuslarının yolu dəyişdirildiyindən camaat da çaş-baş qalmışdı. Hamı bir-birindən həmişə getdiyi avtobusun hara yox çıxdığını soruşurdu.

Metronun Koroğlu metrosundan Olimpiya Stadionuna qədər yollarda isə iynə atsaydın yerə düşməzdi. Sınaq məşqi saat 20.00-da başlasa da saat 16.00-da metrodan çıxan dəstə-dəstə adamlar metronun yanına toplaşırdılar. Rəfiqələrini başına yığmış orta yaşlı qadın telefonda həyəcanla danışırdı: “Nə, gəlmirsən, nə danışırsan, ay qız, istəyirsən işdən çıxartsınlar?” Onun yanındakı qadınlar da həyacanlanmışdılar. Gəlmək istəməyən hər kimdirsə ondan danışırdılar: “Qurd ürəyi yeyib”.

Qadınlardan hardan gəldiklərini soruşanda “biz təhsildənik” cavabını verirdilər. Üzündən narazılıq yağan başqa biri “bizi bura məcbur gətiriblər” deyir. Yanındakılar tez onun “səhvi”ni düzəldir: “Yox, yox, özümüz gəlmişik. İşdən bizə bilet verib dedilər ki, gedərsiniz. Bayramdır də, bəzənib-düzənib gəlmişik”.

Kənd Təsərrüfatı Nazirliyindən “olimpiada”ya necə getməli?

Bir qrup tələbə də yoldaşlarını gözləyir. “Siz hansı tədbirdə iştirak etmək üçün yığışmısınız” soruşanda qızlardan biri o birini çağırır: “Nərgiz, biz indi hara gedəcəyik?” Rəfiqəsi cavab verir: “Deyəsən, olimpiadaya”.

Orta yaşlı kişi ətrafdakı polislərdən soruşur: “Ay bala, yoldaşlarım hələ gəlib çıxmayıb, deyin görüm olimpiadaya necə getmək olar?” Polis ona nəzakətlə hara gedəcəyini başa salır. Kişidən təmsil etdiyini soruşanda “Kənd Təsərrüfatı Nazirliyindən” deyib stadiona tələsir.

Bu gün metroda da, küçələrdə də polislər çox idi. Olimpiya Stadionuna gedən yollarda isə hər addımda yüksək və aşağı rütbəli polislərlə qarşılaşmaq olardı. Yaxınlıqdakı polis avtobuslarında da polislər gözləyirdi. Əlində meqafon olan gənc qız ara-sıra elan edirdi: “Şəxsiyyət vəsiqəsi olmayanlar stadiona buraxılmayacaq”. Adamları gətirmiş dəstə rəhbərlərindən biri ona etiraz edirdi: “Qoy keçsinlər, mən işçilərimə şəxsiyyət vəsiqəsi haqqında heç nə deməmişdim”.

Gələnlər arasında tibb işçiləri, müəllimlər də çox idi. Bəziləri bura gəlməsinə həvəsli, bəziləri həvəssiz görünürdü. Həvəssiz görünənlər “istirahət günümüz də belə getdi” deyirdilər. Əynində könüllü köynəyi olan bir gənc isə narazılıq edənlərə üzünü bozardır: “Nə olub ki, tədbirdən 4 saat əvvəl gəlmisiniz də. Bəs mən səhər saat 4-dən burdayam”.

Metronun “Koroğlu” stansiyasının ətrafında vəziyyət belə idi.

XS
SM
MD
LG