Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:21

Arif Məmmədov: «Cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur»


Arif Məmmədov
Arif Məmmədov

-

“Ölkənin ən yaxşı diplomatlarının “ovuna” başlanmasından olduqca təəcüblənmişəm və hiddətlənmişəm. Repressiyalar əmri ölkənin repressiv fabrikindən gəlib”.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı səfiri Arif Məmmədov bu fikirləri öz «facebook» hesabında paylaşıb.

Son günlər onunla bağlı qalmaqal medianın geniş müzakirə etdiyi mövzulardandır. Hər şey A.Məmmədovun mayın 19-da Bakıda yanan bina ilə bağlı fikirlərindən sonra başlayıb. Buna görə, nəinki o tənqid və qınaqlarla üzləşib, həm də onun «facebook»dakı statuslarını «bəyənən» başqa diplomatların işdən çıxarıldığı deyilir. Hələlik bu məlumatlar təsdiqini tapmayıb.

İyunun 6-da Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gil «facebook» səhifəsində yazıb ki, Arif Məmmədov Norveçdən yardım istəyib. Gil diplomatın ona göndərdiyi qısa məktubu da paylaşıb.

«​BELƏSİ NƏ 30-CU, NƏ 40-CI, NƏ DƏ İNKVİZİSİYA İLLƏRİNDƏ OLUB»​

İyunun 7-də öz facebook səhifəsində yeni bir müraciət yayan Arif Məmmədov Norveçdən sığınacaq istəməsi haqda deyilənləri yalanlayıb. Amma onun statuslarını “bəyənən” həmkarlarının təzyiqlərlə, hətta işdən çıxarıldıqlarını bildirib:

«Bakıdakı yanğında ölənlərin ailələrinə yazdığım başsağlığı sözlərimi “bəyəndiklərinə” görə ölkənin ən yaxşı diplomatlarını işdən azad etmək heç bir anlayışa sığmır. Diplomatları alçaldıcı bəyanatlar yazmağa məcbur edirlər. Bəziləri bunu SSRİ-də 30-cu illərin sonlarındakı repressiyalarla müqayisə edirlər. Deyərdim ki, indi edilənlərə hakimiyyətin marazmından başqa ad vermək olmaz. Beləsi nə 30-cu, nə 40-cı, nə də inkvizisiya illərində olub».

«BELÇİKA XİN-İ TƏKİD EDİR....»​

Arif Məmmədov Belçikaya qayıtdığını və baş verənlərin bu ölkədə yaratdığı ajiotajı qeyd edir:

«Dünən məzuniyyətdən sonra Belçikaya qayıtmışam və Belçika XİN-in, Avropa institutlarının artıq bu biabrıçılıqdan xəbərdar olduqlarını bilib, şoka düşmüşəm. Mənə rəsmən müraciət edərək özümə və ailəmə mühafizə ayırmaq təklif edilib. İmtina etmişəm, lakin Belçika XİN-i təkid edir».

Diplomat Azərbaycandakı ədalətsizliklə mürarizə aparacağını deyir:

«Böyük xalqıma qarşı cəhalətpərəstlik və ədalətsizliklə mübarizə əzmim sonsuzdur».

STATUSA STATUSLA CAVAB...

Adil Məmmədovun statusuna YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruz öz facebook hesabında statusla cavab yazıb. A.Məmmədovu satqın adlanıdırb:

"Öz məsuliyyətini, dövlətçilik əxlaqını, öz milli kimliyini unudan səfirimiz Arif Məmmədov bu gün təzə bəyanat yayıb. Özü kimi əqidəsizləri hakimiyyətlə mübarizəyə çağırıb. Yaxşı deyiblər ki, yalanın ömürü 40 gün çəkməz. Heç bir həftə keçmədi bu adamın "canıyanan" sancılı statuslarının əsl mahiyyəti ifşa olundu. Bu cür tiplər özlərini bədbəxt edirlər. Azərbaycana qara yaxan düşmən dairələrin qulluqçusu olmaq Azərbaycana xidmət etməkdən üstün gəldi! Bu cür insanların bir adı var. Satqın!"

Arif Məmmədov ətrafında baş verənlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin də fikri mətbuatda yer alıb. Məsələnin araşdırıldığını deyən XİN rəsmisi bildirib ki, bu məlumat (Arif Məmmədovun yanan bina ilə bağlı həmin statusu yazması – red.) təsdiqini taparsa, “bu, diplomat adına və adi etik qaydalara yaraşan hal deyil, qəbuledilməzdir, məsuliyyətsiz və qeyri-peşəkar davranış» kimi qiymətləndirilməlidir.

XS
SM
MD
LG