Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:39

İşdən gəlib görəsən ki, hasar yerində yoxdu...


Arxiv fotosu
Arxiv fotosu

-

"Mənim torpağım bələdiyyə torpağıdır. 8 il əvvəl etibarnamə ilə almışam. Min zəhmətlə işləyib, yarıac-yarıtox qalıb, birtəhər hasarını çəkdirmişəm. İşdən gəlib gördüm ki, illərlə əziyyətlə çəkdiyim hasarı gəlib söküb gediblər".

"İŞDƏN GƏLDİM GÖRDÜM Kİ, HASAR YERİNDƏ YOXDUR"

AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayətlənən Suraxanı sakini Ramiz Qurbanovdur. Deməsinə görə, 3 sot torpağın üzərində ev tikməyə macal tapmamış yerli bələdiyyə, kənd icra nümayəndəliyi və Dövlət Neft Şirkəti əlbir olub torpağa çəkilmiş hasarı söküblər.

"O torpağı balalarımla kirayələrdə qala-qala bankdan pul götürüb almışam. Hasara alandan sonra əvvəl gəlib rüşvət istədilər. Dedilər, "görüm-baxım"sız daşı-daş üstə qoya bilməzsən. Belə də oldu. Tək mən deyiləm, neçə ailənin başına belə oyun gətiriblər. Hara gedirəmsə, deyirlər narahat olma, prezidentin qərarı var, 1-2 aya sənəd veriləcək. Dövlət Neft Şirkətinə də yazmışam. Cavab yoxdur".

ARDNŞ-İN QANUNSUZ HƏRƏKƏTLƏRİ?

Suraxanı bələdiyyəsindən və icra nümayəndəliyindən isə bildirilib ki, ərazinin bir hissəsindəki torpaqlar Dövlət Neft Şirkətinin balansındadır. Keçmiş bələdiyyə sədri həmin əraziləri qanunsuz yolla ayrı-ayrı şəxslərə fərdi ev tikmək üçün satıb. İndi Dövlət Neft Şirkəti satılmış torpaqları adamlardan geri götürür.

Hüquqşünas Fuad Hüseynov isə deyir ki, məhkəmə qərarı olmadan söküntü aparmaq qanunla yolverilməzdir:

"Dövlət Neft Şirkəti iddia etdiyi torpaqları vətəndaşlardan yalnız məhkəmə yolu ilə geri tələb edə bilər. Ola bilsin ki, məhkəmə Dövlət Neft Şirkətinin iddia etdiyi torpaqların ona aid olmadığını üzə çıxarsın. İndiki vəziyyətdə vətəndaş özü Dövlət Neft Şirkətinin qanunsuz hərəkətlərindən məhkəməyə müraciət etməlidir".

Ramiz Qurbanov Dövlət Neft Şirkətini və yerli bələdiyyəni məhkəməyə verməyə hazırlaşır.

XS
SM
MD
LG