Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:24

Postsovet Azərbaycanında adamı cana gətirən PR


Avropa Oyunlarının açılış mərasimi - 12 iyun 2015
Avropa Oyunlarının açılış mərasimi - 12 iyun 2015

-

Ilya Lozovsky «Foreign Policy»də Azərbaycanda keçirilən Avropa Oyunlarından yazır. Məqalə «Postsovet Azərbaycanında adamı cana gətirən PR» adlanır. Müəllif qeyd edir ki, təmtəraqlı açılış mərasimində məqsəd Azərbaycanı dünyaya müasir ölkə kimi təqdim etmək və mümkün qədər ölkədəki insan haqlarının durumundan diqqəti yayındırmaq idi.

«Vətəndaş cəmiyyətini əzən, ən cəsur jurnalistlərini həbsə yollayan Əliyevin niyə müsbət xəbər axtarışında olmasını anlamaq olar. Faktiki olaraq, rejim PR məsələsində xeyli fərasətlidir, Avropa Şurası və ABŞ Konqresində şirin danışıqlar, bütün xərcləri ödənən səyahətlər və lobbiçilərlə istədiyini ala bilib».

«Bu dəfə isə PR elə də işə yaramır. «Google»da xəbər axtarışı verən kimi dünya mətbuatının tənqidi yazıları sıralanır. Əliyev belə bir diqqəti arzulamazdı…».

Müəllif daha sonra avstriyalı idmançıları yerə sərən avtobusun əks olunduğu videodan bəhs edir və yazır ki, Əliyev sevimli layihəsi üçün belə bir PR təsəvvür etməzdi. Yazıda mayın 19-da 16 nəfərin ölümünə səbəb olmuş bina yanğını da yada salınır.

«Bu itirilmiş həyatlar Oyunların ən faciəvi və görünən bədəlidir. Neftin qiymətləri düşüb, milli valyuta dəyərsizləşib, oyunlara rəsmi olaraq 1 milyard dolların xərclənməsi açıqlaması ölkədə də tənqid olunub».

«Rejim və onun lobbiçiləri üçün Avropa Oyunlarının mətbuatda işıqlandırılması dəhşətli bir yuxudur. Beynəlxalq tədbirlərdə xaricilər iştirak edir, onların tvitter hesabları və xarici izləyiciləri var. Elə bir dövrə çatmışıq ki, pis yolla qazanılmış milyonların məbləğindən asılı olmayaraq, heç bir fasad diktatura rejiminin əsl qaranlıq xarakterini gizlədə bilməz».

«BAKI BİZƏ XATIRLADIR Kİ, ATLETLƏRİMİZ BÖYÜMÜŞ UŞAQLARDIR»

«The Guardian» Nick Cohen-in məqaləsini dərc edib.

Müəllif yazır ki, nəzəri olaraq, Avropa Oyunları Afrika, Pan-Amerika, Asiya oyunları ilə yanaşı durmalı, Avropa üçün qitə oyunu rolunu oynamalı idi. Praktik baxımdan isə onlara ehtiyac yoxdur. Çünki Olimpiya idman növləri üzrə Avropa çempionatları keçirilir.

Britaniya idmançıları Avropa Oyunlarının açılış mərasimində - 12 iyun 2015
Britaniya idmançıları Avropa Oyunlarının açılış mərasimində - 12 iyun 2015

«Avropa Olimpiya Komitələri rəqib yarışmalara nəzarət etmirlər. Onlara hərəkət lazım idi. Bunu tapmaq məqsədilə AOK prezidenti Patrick Hickey Avropanın sərhədlərini gəzib dolaşırdı ki, görsün hansı tiranın xərcləməyə pulu var».

«Əvvəlcə o, Belarus diktatorunu dilə tutmağa çalışdı. Alexander Lukashenko-ya «Olimpiya hərəkatına əvəzsiz töhfə»sinə görə mükafat da verdi. Ancaq onun yaltaqlığının yeri yox idi. Lukashenko-nun ölkəsi o qədər yoxsul idi, bu oyunları keçirə bilməzdi. Beləliklə Hickey Azərbaycanın mafiya dövlətinə üz tutdu. Hakim Əliyev ailəsi beynəlxalq nüfuzunu yüksəltmək üçün neft pullarını səpələməyə hazır idi».

Yazıda daha sonra «İdman uğrunda İnsan Haqları» kampaniyasından, həbsdə olan siyasi məhbuslar, o cümlədən jurnalist Xədicə İsmayılovadan bəhs edilir.

Böyük Britaniya idmançıları beynəlxalq çağırışlara cavab olaraq deyirlər ki, diqqətləri ancaq idmana yönəlib. Bakı Oyunlarının təşkilatçıları idmançıların hər hansı etiraz, nümayiş keçirməsini də qadağan edib.

«İdmançıların nümunə olmasına dair baxış çox dərindir... Bu gün bir şeyi qəbul etməliyik ki, atletlərimiz bizi ən pis formada təmsil edirlər: başımızı aşağı salıb dilimizi də dişləyirik ki, bizdən yuxarıda duran, bizə pul verənlərin xətrinə dəyəcək söz deməyək».

«Atletlərimiz Bakıda istibdada, faydalandıqları korrupsiyaya etiraz səslərini ucaltmadan oyunlarını oynadıqca, biz də belə bir qənaətə gəlməliyik ki, Azərbaycanda əsl nümunələr həbsdədir».

XS
SM
MD
LG