Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:24

Gips ixracı: Vergidən yayındırılan milyonlar [Araşdırma]


-

İki dövlətin gömrük qurumlarının məlumatlarında göndərilən və qəbul edilən malın qiyməti arasında dərin bir uçurum var.

Belə ki, Azərbaycan ixracatçıları yerli gömrüyə malı toplam 246,9 min ABŞ dollarına bəyan etsələr də, gürcü gömrükçülər ölkələrinə 2 milyon 351,1 min dollar dəyərində daxil olduğunu rəsmiləşdiriblər...

Araşdırma

GİPSİN “QARA ÜZÜ”

Mütəxəssislər fiziki və texniki xassələrinə görə gipsin mükəmməl inşaat materialı olduğunu deyirlər.

Təəssüf ki, Azərbaycanda onun ətrafında şübhəli iqtisadi proseslər baş verdiyinə görə, ekspertlər bazara heç də yüksək qiymət verə bilmirlər.

Gips havakeçirəndir, amma bununla belə həm də müəyyən miqdarda rütubət də saxlayır, suvaq məmulatı qismində odadavamlılığı təmin edir. O, digər materiallarla müqayisədə yüksək səs və termik izolyasiya xüsusiyyətlərinə malikdir.

Tərkibində toksinlərin olmadığı bu materialın bazarı Azərbaycanda son illər xeyli genişlənib, istehsalı ilə bərabər ixracı da artıb. Yerli iqtisadçılar gipsin həm də “”korrupsiya keçiriciliyinin” olduğunu iddia edirlər.

Bazar olsun!

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 5 ayında ölkədə tikinti gipsi istehsalı 3,4% artaraq, 77,2 min ton təşkil edib.

Bunun bir hissəsi gipsdən digər inşaat materiallarının buraxılışında istifadə olunub, qalan 45,5 min tonu satışa yönəldilib.

Əmtəəlik gips istehsalı bu dövrdə əvvəlki ilin 5 ayı ilə müqayisədə 5,8% yüksəlib.

Xammal bazası Goranboy yataqlarında yerləşən gips biznesi, kiçik istehsal müəssisələrini nəzərə almasaq, əsasən bir neçə şirkətin nəzarətindədir. Bunlar “Gilan Holding”ə məxsus “Gilan-TN” şirkətinin Goranboydakı gips zavodu, “Garant Holding”ə daxil olan “Goranboy Gips” ASC və “Azbentonit” MMC, “Mətanət-A” şirkətinin “Ağdağ” gips zavodu və “Türk Yapı Sənaye” MMC-nin Goranboy və Abşeron rayonlarındakı 2 gips zavodudur. “Pacific” markası altında gips və gips əsaslı quru qatışıqlar, eləcə də gips təbəqə (gips-karton) buraxan “Gilan Holding” gün əqzində 250 ton, ildə isə 300 min ton məhsul istehsal etmək gücündə olduğunu, Türkiyə sərmayəli “Türk Yapı Sənaye” şirkəti isə bazara 100 min ton məhsul (“Kəpəz”, “Pakçim” və “Nur” markaları) çıxarmaq iqtidarında olduğunu bildirir.

Goranboy rayon İcra Hakimiyyəti bölgənin sosial-iqtisadi uğurlarında “Gilan” MMC-nin Almaniyanın “Knauf” şirkəti ilə birgə qurduğu gips-karton növhələr zavodunun 1,5 milyon kvadrat metr istehsal gücünün olduğunu bildirir.

Digər istehsalçılar məhsuldarlıqları haqda heç bir açıqlama vermir. Hərçənd, bazarda onların “Giper” və “Ağdağ” adı altında çıxarılan gips məhsulları kifayət qədər paya sahibdir.

Maraqlıdır ki, müəssisələrin çoxu Goranboy və Abşeronda yerləşsə də, istehsalın regional bölgüsünə görə Bakı 156,1 min məhsulla 2013-cü ildə birinci yeri tutub.

Əgər istehsalçılar məhsul həcmlərini rəsmi dövlət qurumlarından gizlətmirlərsə, həmin il ölkədə 249,7 min ton gips emal edilmişdi. Bu, son illərin ən yüksək göstəricisi kimi yadda qalıb.

Belə ki, 2014-cü ildə istehsal həcmi 23,3% azalaraq 193 min tona düşüb. Hərçənd, elə rəsmi göstəricilərin təhlili göstərir ki, statistika istehsalın yalnız bir hissəsini əks etdirir.

Qara “gips dəliyi”

DSK-ya görə, ötənilki məhsulun bir hissəsi digər gips məhsullarının istehsalına və başqa sahələrdə (sement, məsaməli beton blokları və s. istehsalı) xammal kimi istifadə edildiyindən, yalnız 114,5 min tonu satış üçün qablaşdırılmışdı.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatından isə belə məlum olur ki, 2014-cü ildə ixracat 23,8% yüksələrək, 157,8 min ton təşkil edib. Yəni ortada təxminən 43 min tonluq “yırtıq” var.

Nəzərə alsaq ki, ölkədə tikinti sektoru ən azından ixrac etdiyimiz qədər gips “udur”, o zaman gizlədilən istehsalın 200 min tondan az olmadığı aşkara çıxır. Bu, orta hesabla 30 milyon manatlıq məhsulun vergidən yayındırılması deməkdir.

Kimin “ağ”, kimin “qara” mühasibatla işlədiyini iddia etmək çətin məsələdir. “Mətanət A” şirkətinin vitse-prezidenti Fuad Bəşirov “Vergi Jurnalı”na açıqlamasında məhsullarının həm də ixrac edildiyini bildirir.

Digər istehsalçılardan “Goranboy Gips” ASC-nin də Gürcüstana mal göndərdiyi barədə mətbuatda məlumatlar yer alıb. Beləliklə, yerli bazarda satışa çıxarılan yüz minlərlə ton gips məhsulunun vergi orqanlarının gözündən yayınması da çox müəmmalı məsələdir.

İxracdakı gizlinlər

Azərbaycan istehsalı olan gips artıq neçə illərdir ki, Gürcüstan bazarına yol açıb. Rəsmi istehsalın yarıdan çoxu bu ölkəyə satılır. Amma burada da cavabını həm də hüquq-mühafizə orqanlarının verə biləcəyi çox qaranlıq məqamlar var.

Azərbaycanın DGK-sının məlumatına görə, təkcə bu ilin birinci rübündə bu ölkəyə 16 min 55 ton gips göndərilib.

Gürcüstanın rəsmi qurumları da bu məlumatı təsdiq edir. Amma iki dövlətin gömrük qurumlarının məlumatlarında göndərilən və qəbul edilən malın qiyməti arasında dərin bir uçurum var.

Gürcüstan-Azərbaycan sərhədi, Azərbaycanın gömrük nəzarəti
Gürcüstan-Azərbaycan sərhədi, Azərbaycanın gömrük nəzarəti

Belə ki, Azərbaycan ixracatçıları yerli gömrüyə malı toplam 246,9 min ABŞ dollarına bəyan etsələr də, gürcü gömrükçülər ölkələrinə 2 milyon 351,1 min dollar dəyərində daxil olduğunu rəsmiləşdiriblər.

Başqa sözlə desək, Azərbaycandan mal 15,3$/t-a çıxıb, Gürcüstan sərhədində isə 146,4$/t-a qeydə alınıb. Gürcüstan Azərbaycandan gətirilən gipsin onun bu ilin 3 ayı ərzində Azərbaycandan idxalın ($150,7 mln.) 1,55 faizini təşkil etdiyini bildirir. Bu isə gipsin Azərbaycanın ixracatında xüsusi çəkiya sahib olmasına dəlalət edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Azadlıq radiosuna deyib ki, qiymət arasındakı belə bir kəskin fərq ixracatçılar və yerli gömrüyün arasındakı qeyri-rəsmi sövdələşmədən xəbər verir.

“Gürcüstan statistikasının açıqladığı qiymətin içərisində tərəflərin razılığına əsasən malın gömrük rəsmiləşdirilməsi üçün ödənilən vergi və rüsumlar da ola blər. Amma bu, Dünya Ticarət Təşkilatının üzvü olan Gürcüstanda elə də böyük məbləğ etmir. İstisna etmək olmaz ki, burada Azərbaycanın istehsalçılarının vergidən yayınmaq maraqları da rol oynayır. Daha aşağı qiymət daha az vergi deməkdir”. Ekspert R. Həsənov belə hesab edir.

Onun fikirlərini Azərbaycanın iqtisadi və hüquqi məsləhətlər üzrə ixtisaslaşmış consultant.az saytının təsisçisi Xəyal Məmmədxanlı da bölüşür.

“Bu məsələdə günam ki, ikili bəyannamədən söhbət gedir. Yerli gömrüyə bəyan edilən qiymət ixracatçının dövriyyəsini süni şəkildə azaltmaq və beləliklə, vergidən yayınmaq məqsədi daşıya bilər. Yerli bazarda gipsin yüksək qiymətə olduğu halda, çox ucuz qiymətə ixrac edilməsi inandırıcı deyil”, - deyə X. Məmmədxanlı Azadlıq radiosuna bildirib.

İki ölkənin gömrük statistikasına görə, 2012-2014-cü illərdə Azərbaycandan Gürcüstana 413,9 min ton gips ixrac edilib.

Bu illərdə malın 1 tonu isə vergi məqsədləri ilə orta hesabla 14,5-17 dollara qeydə alınıb. Ən aşağı ixrac qiymətləri ilə bu ən azı 50 milyon dollar vəsaitin vergidən yayındırılması deməkdir.

Maraqlıdır ki, Azərbaycanın Gürcüstana ixrac etdiyi xam gips dəha yüksək dəyərlə geri qayıda bilir. Belə ki, ötən il bu ölkədən Azərbaycana 416,5 min m2 gipskarton lövhələr ixrac olunub.

Qeyd edək ki, qonşu Ermənistan bu ilin 3 ayında xaricdən 3 min 38,9 ton gips alıb.

Onun haradan idxal edildiyi məlum deyil. Bilinən odur ki, məhsulun tonu erməni gömrüyündə 119,4 dollara, yəni Azərbaycana idxal edilən gipsin qiymətindən (21,9 dollar) 5 dəfə baha rəsmiləşib

XS
SM
MD
LG