Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:42

Britaniya ilə rəsmi Bakı arasında qalmaqal


London
London

-

İyunun 19-da «Yeni Müsavat» qəzeti «Britaniya ilə rəsmi Bakı arasında qalmaqal»a toxunub.

Qəzet yazır ki, Azərbaycan hakimiyyətinə qarşı tənqidi fikirlər səsləndirənlər sırasına daha bir ölkə qoşulub, Böyük Britaniyanın səfiri Azərbaycan hökumətinin ünvanına sərt sözlər deyib. Bu ölkənin Azərbaycandakı səfiri Böyük Britaniyanı təmsil edən jurnalistlərin Azərbaycana səfərinin qadağan edilməsini «biabırçılıq» adlandırıb.

Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovsa Twitter hesabında səfirin söylədiklərinin heç bir çərçivəyə sığmadığını yazıb: «Görünür, Birləşmiş Krallığın səfiri elə hesab edir ki, Azərbaycanla bağlı nə istəsə deyə və edə bilər, təəssüf».

Qəzet yazır ki, Azərbaycan hakimiyyətinin Qərbi Avropada ən yaxın münasibətlərə malik olduğu ölkələrdən biri və ya birincisi Böyük Britaniya krallığıdır: «Bakı ilə London arasında uzun illər isti münasibətlər mövcud olub. Britaniyadan şahzadə səviyyəsində yüksək titullu rəsmilər dəfələrlə Bakıda qonaq olublar. Bu mənada uzun müddət Qərbdə Bakıya qarşı tənqidi fikirlərə London qoşulmayıb. İndi isə vəziyyət dəyişib. Britaniya mətbuatı rəsmi Bakını sərt şəkildə tənqid edir. Buna cavab olaraq Azərbaycan hakimiyyəti ingilis qəzetlərinə məhdudiyyət tətbiq edib».

Fransa Beynəlxalq Araşdırmalar Mərkəzi (CERI), Paris Siyasi Elmlər İnstitutunun eksperti Bayram Balçı «Yeni Müsavat»a deyib ki, Bakı ilə Qərb arasında bağlar tamamilə qopmaq həddinə yaxınlaşır. Onun fikrincə, «Eurovision»dan sonra Avropa Oyunları Azərbaycanı yenidən diqqət mərkəzinə çıxarıb: «Bu oyunlar Azərbaycana baş bəlası olacaq. Reklam, hörmət gətirmək əvəzinə başağrısı, tənqidlər gətirəcək. Çünki bu cür tədbirlər bir qayda olaraq ölkədəki insan haqları, demokratiyanın vəziyyətinin tanıdılmasına, yerli fəalların bu sahədə problemləri dünyaya çıxarmaları üçün unikal şans verir. Bu isə Azərbaycanın indiki vaxtında heç də müsbət imic yaratmayacaq».

Bayram Balçı daha sonra deyib ki, Qərb vaxtında Rusiyanı durdura bilsəydi, indiki hadisələr baş verməzdi. «Qərbin indi Bakıya qarşı hansısa addımı atması mümkün deyil. Çünki ortada güclü Rusiya faktoru var» - ekspert bildirib.

Arif Məmmədov
Arif Məmmədov

İQTİDAR DAXİLİNDƏ YENİ QARŞIDURMA

«Azadlıq» qəzeti «İqtidar daxilində yeni qarşıdurma»dan yazır.

Qəzet keçmiş səfir Arif Məmmədovla bağlı məsələnin artıq hakimiyyət daxilində qrup savaşına çevrildiyini iddia edir: «Arif Məmmədov Facebook-dakı tənqidi qeydlərinə görə hədəfə gəlmişdi. Hakimiyyətdaxili qruplaşmalardan birinin nəzarətində olan media orqanı Arif Məmmədovun yazdıqlarından çıxış edərək Xarici İşlər Nazirliyində ölkə başçısı İlham Əliyevə qarşı qiyam hazırlandığı barədə həyəcanlı məlumatlar yaymışdı. O zaman Arif Məmmədov «mən bilirəm bunları kimlər edir» deyərək hakimiyyətdə hansısa qruplaşmanın hədəfində olduğuna işarə vurmuşdu. Onun dünənki bəyanatında da həmin qruplaşmaya eyham edilir. Arif Məmmədovu «üsyankar səfir» qismində cəmiyyətə təqdim edən media qurumlarının onu Azərbaycanın Serbiyadakı səfir Eldar Həsənova və baş nazirin sabiq müavini Abbas Abbasova bağlaması bu məsələnin artıq iqtidar daxilində qruplararası savaşa çevrildiyini göstərir. Uzun illərdir Eldar Həsənovla aralarında ziddiyyətlər olan qüvvələr indi Arif Məmmədov kartı ilə onu vurmağa çalışır. Yeri gəlmişkən, Arif Məmmədovun Eldar Həsənova bağlanması üçün yeganə arqument Serbiyadakı səfirin vaxtilə Gəncədə işləməsi və «üsyankar səfir»in həmin vaxt orada çalışmış atası ilə münasibətlərinin olmasıdır».

RAFAEL HÜSEYNOV: «AZƏRGBAYCAN ELƏ BİR MƏRHƏLƏYƏ ÇATIB Kİ...»

Rəsmi KİV-lərin diqqətində başlıca mövzu Avropa Oyunlarıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Rafael Hüseynov yap.org.az-a müsahibəsində bu haqda danışıb:

Rafael Hüseynov
Rafael Hüseynov

«Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından elə də çox zaman keçməyib. Amma bu gün tarixdə ilk Avropa Oyunları keçirilir və məkan Azərbaycandır. Deməli, qısa bir müddət ərzində çətin və müstəqil yollarla irəliləyən Azərbaycan elə bir mərhələyə çatıb ki, Avropa öz tarixinin ən əlamətdar hadisələrindən birini təşkil etməyi Azərbaycana həvalə edir. Bu, ölkəmizin dünyada və konkret olaraq Avropada artan gücünün, etiraf olunan qüdrətinin təcəssümüdür».

R.Hüseynov ayrı-ayrı qüvvələrin ilk Avropa Oyunlarına kölgə salmağa, təşkilatçılıq işindəki uğurları hansısa formada ləkələməyə çalışdıqlarını bildirib: «Onlar anlayırlar ki, bu tədbir Azərbaycanın onsuz da artan nüfuzunun bir az da yüksəlməsinə, ölkəmizin daha artıq tanınmasına növbəti bir təkan verəcək. Amma Azərbaycan dövlətinin əzmi, dövlət başçısının iradəsi elə bir yüksək səviyyədədir ki, bütün bunlara baxmayaraq, zövq, təşkilatçılıq bacarığı, Azərbaycanın maraqlarının təsdiqi üçün ən müxtəlif fədakarlıqlara hazırlıq sayəsində artıq bütün çətinliklər arxada qalıb».

KEÇMİŞ DEPUTAT METAL OLİQARXININ İTTİHAMLARINA CAVAB VERDİ

virtualaz.org keçmiş deputat Nazim Məmmədovun metal oliqarxı Rasim Məmmədovun ittihamlarına cavabını təqdim edib.

Sayt bir qədər əvvəl ölkənin metal sənayesində inhisarçı kimi təqdim olunan «Baku Steel Company» şirkətinin sahibi Rasim Məmmədovun müsahibəsini yaymışdı. O, müsahibəsində keçmiş deputat, metal məmulatları istehsal edən kiçik müəssisələrdən birinin sahibi Nazim Məmmədovun da adını çəkmişdi və onun müəssisəsinin kustar üsulla, heç bir normalara cavab verməyən istehsal həyata keçirdiyini, vergi ödəmədiyini və s. bildirmişdi.

Nazim Məmmədov deyilənləri absurd adlandırıb: «Mənim səhmdarı olduğum «Ataxan Dəmir Sənaye» MMC 2003-cü ildə dövlət qeydiyyatından keçib, 2004-cü ildə fəaliyyətə başlamışıq. Yüz faiz xarici investisiyalı həmin müəssisəyə mən 50 faiz payla şərik olmuşam və ora 700 min dollar investisiya yatırmışam. Müəssisə 2004-cü ildən etibarən Azərbaycanın bütün qanunvericiliyinə əməl edərək müxtəlif çeşidli metal məmulatları istehsal edib. Bütün vergilər vaxtlı-vaxtında ödənilib, müvafiq sənədlər tam qaydasında olub...

Nazim Məmmədov
Nazim Məmmədov

Çox təəssüf edirəm ki, 2012-ci ilin iyulunda müəssisəyə qarşı reyder hücumları təşkil edildi və müəssisənin fəaliyyəti dayandı. Bu hücumların arxasında qanunvericiliyə görə, bizimlə eyni hüququ daşıyan digər müəssisənin – «Baku Steel Company»nin rəhbərliyi, şəxsən Rasim Məmmədov dayanırdı. O vaxta qədər mən müxalifyönlü mətbuatda tez-tez çıxış edirdim, deyirdim ki, sahibkarların ayrı-ayrı məmurların himayəsi altına daxil olması düzgün deyil....

Nazim Məmmədov Rasim Məmmədovun onu «müxalifətçi» adlandırmasına da münasibət bildirib: «Ancaq Rasim Məmmədov unudur ki, vaxtilə onun müəssisəsinin Zülfüqarlı qardaşları ilə münaqişəsi başlayanda və AzadlıqRadiosu bunu Azərbaycanda biznes mühitinin dözülməz olduğunun sübutu kimi təqdim edəndə, mən bu müzakirələrə qoşulub «Baku Steel Company»nin mövqeyini, dövlətin maraqlarını müdafiə etmişəm. Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin Zülfüqarlı qardaşlarına himayəsini nəzərdə tutaraq demişəm ki, sahibkarların məmurların himayəsinə arxalanması düzgün deyil. Çünki həmin məmur işdən çıxarılanda, sahibkarın da biznesi risk altına düşə bilər. İndi hörmətli Rasim Məmmədov məni müxalifətçi kimi təqdim edir. Ancaq narahat deyiləm, yəni bununla bağlı kompleksim yoxdur, qoy elə hesab etsin. Hər hansı məmuru tənqid etmək müxalifətçilik deyil. Mən 1999-cu ildə Heydər Əliyevin xeyir-duası ilə YAP-a üzv olmuşam, onun çağırışı ilə Azərbaycana qayıdıb ölkənin inkişafına töhfə vermək istəyən iş adamlarından biriyəm...».

Keçmiş deputat inhisarçılığın Azərbaycanın ən ciddi problemlərindən biri olduğunu, dövlətin sosial-iqtisadi siyasətinə ziyan vurduğunu söyləyib: «Mən arzu edərdim ki, Azərbaycanda 1 milyon ton istehsal gücünə malik lap 5 zavod olsun. Axı bunun nə ziyanı ola bilər? Bir halda ki dəmir filizimiz var, qoy müəssisələr yaransın, istehsal artsın, daxili bazarda qiymətlər aşağı düşsün, ixrac imkanı yaransın...

İstənilən halda dövlətin iqtisadiyyata müdaxiləsi düzgün deyil, sahibkarlıq öz-özünü tənzimləməlidir. Dünyadakı əksər iri metallurgiya müəssisələri əslində kiçik sexlər kimi fəaliyyətə başlayıb, sonra təkmilləşib. Biznes harada daha yaxşı inkişaf edə bilər? Əlbəttə, rəqabət olan yerdə».

XS
SM
MD
LG