Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:30

Arif Məmmədov ittihamlara cavab verdi


Arif Məmmədov
Arif Məmmədov

-

«Azadlıq» qəzeti yazır ki, Azərbaycanın Avropa Şurası və Avropa Birliyindəki keçmiş nümayəndəsi Arif Məmmədov iqtidar mediasının barəsində yazdıqlarına bir cümlə ilə münasibət bildirib: «Prezident Administrasiyasının sərhədsiz fantaziyaları».

Hakimiyyətin nəzarətində olan media quruluşları Arif Məmmədovun Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov və baş nazirin sabiq müavini Abbas Abbasovla işbirliyində olması barədə iddia irəli sürüblər. Bu iddialara görə, adıçəkilən şəxslər hakimiyyət dəyişikliyinə hazırlıq görür.

Arif Məmmədov bu xüsusda yazılanlara ironik tərzdə cavab verib:

«Bu barədə yazmaq istəmirdim, ancaq təəssüf ki, bir çox KİV-lər administrasiyadan olan «ziyalıların» diktəsi ilə «murzilka»da yaradılan fantazıyanın məhsulunu dərc edirlər.

1) Rəhmətlik atam Zahid Məmmədov heç vaxtAbbas Abbasovun himayəsi altında Gəncə alüminium zavodunda işləməyib. O, ümumiyyətlə heç vaxt alüminium zavodunda işləməyib.

O ixtisasca baytar olub. Baytar alüminium zavodunda – bu, ümumiyyətlə marazmın zirvəsidir. Ancaq Azərbaycanda hər şey mümkündür...

2) Atam Ziya Məmmədovla da, Kəmaləddin Heydərovla da, Fəttah Heydərovla da, bu gün tanınan bir çox digər adamlarla da dost olmasa da, yaxşı münasibətdə olub. O, ümumiyyətlə, xeyirxah, şən və ünsiyyətçil adam olub.

3) Ölkənin indiki və keçmiş rəhbərliyində olanlardan mən ən az Abbas Abbasovla ünsiyyətdə olmuşam. Sonuncu dəfə onu 15 il əvvəl görmüşəm.

4) Aydın Abbasovu Azərbaycanın AŞPA-kı nümayəndə heyətinin bütün digər üzvləri kimi tanıyıram və hamısı ilə olduğu kimi normal münasibətim olub.

5) Eldar Həsənova münasibətə gəldikdə, bu diplomata böyük hörmətlə yanaşıram, ancaq onun Cənub-Şərqi Avropada və Balkanlarda «heykəlləşdirmə» məsələsində entuziazmını bölüşmürəm. Onu digər səfirlərdən nə az, nə də çox tanıyıram».

Eldar Həsənov
Eldar Həsənov

SƏFİR ELDAR HƏSƏNOV: «DAXİLƏN RAHATAM»

Azərbaycanın sabiq baş prokuroru, ölkənin Serbiyadakı səfiri Eldar Həsənov son günlər barəsində mətbuatda səslənən fikirlərlə bağlı hafta.az-a müsahibə verib:

- Eldar müəllim, son zamanlar bəzi mətbuat orqanlarında, daha dəqiq desək Eynulla Fətullayev Sizinlə bağlı məqalələr, müxtəlif ittihamlar yazmağa başlayıb. Sizcə, adınızın uzun müddətdən sonra yenidən gündəmə gətirilməsi nə ilə bağlıdır? Sizə qarşı ittihamlara necə münasibət bildirərdiniz?

- Bunlar ittiham yox, zaman-zaman olduğu kimi yenə də qərəzlə, dərin kin və küdurətdən yoğrularaq yazılan və yazdırılan, həqiqətə uyğun olmayan uydurmalar və qarayaxmalardan başqa bir şey deyil.

- Yazdırılan deyərkən nəyi nəzərdə tutursunuz?

- Hər halda məqalənin E.Fətullayevin «əl işi» olmasına inanacaq qədər sadəlövh deyilsiniz?! «Milyarderlər İttifaqı», Abbas Abbasov, Elşad Abdullayev, Arif Məmmədov… «hamısının arxasında Eldar Həsənov dayanır» və s. bu kimi iftiralar. Məqalənin məhz indiki məqamda çıxması bir az düşündürücüdür. Səfir kimi fəaliyyət göstərdiyim ölkələrlə Azərbaycan arasında əlaqələrdə nəzərə çarpacaq bir nailiyyət olduğu zaman dərhal adımla bağlı bir-iki yerli mətbuatda «canlanma» baş verir. Baxmayaraq ki, Serbiya və Monteneqro prezidentləri, Bosniya və Herseqovinanın dövlət başçısı məhz Azərbaycan prezidenti cənab İlham Əliyevə, ölkəmizə bəslədikləri səmimi və dostluq münasibətlərinə, yüksək ehtirama görə Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmişdilər, belə görünür ki, bundan kimsə narahat olub və yəqin ki, bu amil də məqalənin indi ərsəyə gəlməsinə rəvac verib.

Bu cür əsassız, qərəzli və məntiqsiz məqalələr məni qətiyyən narahat etmir. Daxilən rahatam. Çünki, xalqıma, ölkəmə, dövlətimə, dövlətçiliyimizə və dövlət başçısına qarşı sədaqətimi, səmimi və təmənnasız xidmətimi sübut etməyə nə ehtiyac, nə də zərurət duyuram. Bu, kifayət qədər aydın və bəllidir. Bu həqiqət uzun illərdən bəri əməli fəaliyyətimlə həmişə öz təsdiqini tapır. Ümid edirəm ki, məqalədə bir neçə dəfə Azərbaycanın xüsusi xidmət orqanlarına istinad olunduğundan onlar obyektiv həqiqətə söykənən münasibətlərini bildirəcəklər. Hər halda bununla bağlı müvafiq qurumlara artıq müraciət etmişəm. Çünki, bu, eyni zamanda qanunvericiliyə görə, sözügedən dövlət qurumlarına qarşı ciddi ittihamdır. Hansı xüsusi xidmət orqanın əlində bu səpgili məlumatlar varsa, tədbir görmək əvəzinə müxbirlə bölüşər?! Bunu ictimailəşdirər? Hansı əsasla, nə məqsədlə?! Digər tərəfdən kimə icazə verilib ki, dövlət orqanlarının adından böhtan və şayiələr yazsın və cəzasız qalsın?! Ən azı burdan nəticə çıxarmaq olar ki, bu hansı təxəyyülün məhsuludur. O ki qaldı ünvanıma yazılan böhtanlara, qanuna zidd əməllərə, əgər onların mində biri öz təsdiqini taparsa, müstəqil Azərbaycan dövlətinin qanunları qarşısında cavab verməyə hər an, həmişə hazıram. Məsələyə aydınlıq gətirilməsə və yenidən ehtiyac duyularsa, öz mövqeyimi hüquqi müstəvidə daha geniş və əsaslı şəkildə bildirərəm.

Mehman Hüseynov
Mehman Hüseynov

QARDAŞI EMİN HÜSEYNOVLA 10 AYLIQ FASİLƏDƏN SONRA DANIŞA BİLİB

Vətəndaşlıqdan çıxarılaraq İsveçrəyə yola salınan RATİ sədri Emin Hüseynovun qardaşı, bloqqer Mehman Hüseynov artıq onunla danışa bilib.

Bu barədə M.Hüseynov «Yeni Müsavat»a açıqlamasında məlumat verib. İsveçrə xarici işlər nazirinin müşayiəti ilə Azərbaycanı tərk edən hüquq müdafiəçisi qardaşı ilə qısamüddətli danışıb: «Cəmi 30 saniyə danışa bildik. Ondan vəziyyətini soruşdum, o da bizimlə maraqlandı və danışıq bitdi».

M.Hüseynov dedi ki, qardaşından bu gedişi ilə bağlı açıqlama verib-verməyəcəyini soruşub:

«10 aylıq fasilədən sonra ilk dəfə idi ki, qardaşımla danışırdım. Amma dedi, hələ açıqlama barədə düşünmür. Bizə gizli nömrədən zəng eləmişdi».

M.Hüseynov ailə olaraq E.Hüseynovu görmək, onun yanına getmək istədiklərini dedi. Amma 4 ildir ki, ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulduğunu deyən bloqqer bütün sənədlərinin əlindən alındığını xatırlatdı:

«Bunun üçün rəsmi qurumlara müraciət edəcəyəm. Əks halda, mənim onunla görüşüm mümkün olmayacaq. Emin də orda öz tərəfindən müraciət edəcək ki, ailəsi ilə onun görüşünə şərait yaradılsın».

M.Hüseynov qardaşının səhhətinə görə də nigaran olduqlarını söylədi. Onun dediyinə görə, 2003-cü il hadisələri zamanı jurnalist fəaliyyətini yerinə yetirərkən E.Hüseynov beynindən və bel hissəsindən zədə alıb: «Həmin ildən etibarən o, hər il mütəmadi olaraq müalicəyə gedirdi. Amma son hadisələrdən sonra bu, mümkün olmadı. Xüsusən də 10 ay səfirlikdə saxlanması onun müalicə imkanlarını minimuma endirdi. Ümid edək ki, bundan sonra müalicəsini aparacaq və hər şey yaxşı olacaq. Daxili işlər nazirinə də müraciət edəcəyəm ki, sənədlərimin bərpası üçün mənə yardım etsinlər. Onu qısamüddətli də olsa, görüb geri qayıtmaq istəyirəm».

Foto illüstrasiya
Foto illüstrasiya

ƏMLAK VƏ OBYEKTLƏRİN İCARƏSİNDƏ AKTİVLİK AZALIB

«Bizim yol» qəzeti yazır ki, «MBA Ltd.» şirkətinin monitorinq qrupuna görə, aprel ayında olduğu kimi may ayında kommersiya obyektlərində aktivlik və qiymət azalması baş verib: «MBA Ltd.» qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun nəticələrinə görə, ümumilikdə təklif portfelinə 6 seqment- mağaza, yer, xidmət, ofis, zirzəmi, sənaye sahələridaxildir. Buna əsas səbəb kimi kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsini göstərirlər.

Məlumatda bildirilir ki, ümumilikdə may ayı ərzində qiymətlərin azalması ilə yanaşı, ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib: «Müxtəlif qəzet və elanlarda, internet səhifələrində satış məqsədi ilə reklama çıxarılan və alqı-satqı ofislərinə təklif olunan qeyri-yaşayış sahələri ötən ayda olduğu kimi, fərdi tikililərdən, yeni inşa edilən binaların 1-2-ci mərtəbələrindən və təkrar bazarda olan binaların 1-ci mərtəbələrindəki təyinatı dəyişilmiş mənzillərdən ibarət olub. Bazara çıxarılan obyektlərin sayı ay ərzində -11.5 faiz azalaraq 177 ədəddən 156 ədədə düşüb».

Bakı şəhəri üzrə 1 kv.m qeyri-yaşayış sahəsinin orta qiymətiapreldə qeydə alınan 3 618 ABŞ dollarından 3418 dollara enib. Aparılan araşdırmalara əsasən, qiymət azalması ötən ayla müqayisədə -5.53 faiz təşkil edib.

«FRANS PRESS» YOXSA «FRANS PRESSING»?!

«Yeni Azərbaycan» qəzeti ««Frans Press» yoxsa «Frans pressing»?!» adlı yazısında «Frans Press» agentliyinin Avropa Oyunları ilə bağlı hazırladığı video və yazılı materialları təhlil edib. Qəzet yazır ki, agentlik «Azərbaycanda insan hüquqları müdafiəsinin və media azadlığının aşağı səviyyədə olması ilə bağlı müxtəlif iddialarla çıxış edən şəxslərin fikirlərinə yer verildiyi halda , əks tərəfin mövqeyinə müraciət olunmur, fərqli düşünən tərəflərin fikirlərindən istifadə olunmur» .

«Yeni Azərbaycan» təəssüf edir ki, «Frans Press» illərdir oxuyucularının etimadını qazanmasında əsas cəhəti olan obyektivlik hissini Azərbaycana gəldikdə unudur, heç bir statusu və səlahiyyəti olmayan fərdlərin dediklərinə istinad edərək ölkəni ittiham edir:

«İdman bayramına ev sahibliyi edən və bütün Avropaya sülh, dostluq mesajı verən Azərbaycana qarayaxmağa cəhd edir. Özünü media təmsilçisi kimi yox, peşə səlahiyyətlərini aşaraq, hansısa müstəntiq və ya beynəlxalq hüquq müdafiəçisi kimi aparır. Sanki bu nüfuzlu media orqanının adı «Frans Press» yox, obrazlı desək «Frans Pressing»dir və əsas fəaliyyəti də elə müstəqil dövlətlər və qurumlara «pressinq» etməkdir. Əlbəttə, 65 illiyi qeyd olunan, insan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin yaradıcı sayılan Fransanın media orqanın belə bir addım atması məyusluq və utanc hissi yaradır. Və bu nüfuzlu media orqanının bu addımı bütövlük Fransanın «insan hüquqlarının beşiyi və keşikçisi» adına xələl gətirir».

XS
SM
MD
LG