Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:48

««Eurovision» bundan yaxşıydı, onda turist vardı...»


İçərişəhərdə suvenir mağazası.
İçərişəhərdə suvenir mağazası.

-

İçərişəhərin bütün küçələrində turistlə qarşılaşmaq olar. Bunların arasında Avropa Oyunlarına qatılan idmançılar da var, adi tamaşaçı da. Qədim şəhərin az qala bütün küçələrində xalça-palaza, milli papaqlara, kəlağayılara, təsbehlərə, çini və mis qab-qacağa, armudu stəkanlara, Bakıyla bağlı xırda suvenirlərə rast gələrsən.

NƏRDTAXTANIN QİYMƏTİ 150 MANATDAN BAŞLANIR

Bürüncdən çilçıraqların qiyməti 240-580 manatdan başlayır, adi taxtadan hazırlanan nərdtaxtanın qiymətisə 150 manatdan, miniatür rəsmlər 125 manata satışdadır. Alan olsa, aşağı da verirlər, ucuzu neftlə çəkilən rəsmlərdir – 20-30 manat. Türkiyədən gətirilən çini boşqablar 35, qəlyanlar 55, Basqal və Şəki kəlağayısı 35 manatdır.

Avropa Oyunlarının simvolu olan nar turistlərin sevimlisidir, dənəsi 10-15 manatadır. Turistlərin çoxu onu əlinə alıb baxmağı sevir, nəinki almağı. Rusiyadan gələn qonaqlar kimi:

– Narı bəyənirəm. Elə bil əsl nardır. Şəhəri, insanları, hər şeyi bəyənirəm, çox gözəldir.

Söhbət zamanı bəlli olur ki, onlar Peterburqdan gəliblər, azarkeşlik edirlər. Hərçənd narı çox bəyənsələr də, almadan gedirlər.

«HANI TURİST?»

Satıcılar isə narazıdırlar. «Alıcı yoxdur, «Eurovision» bundan yaxşıydı, onda turist də vardı, alıcı da, indi qazancımız olmadı» deyirlər. Kameraya danışmayan satıcıların ürəyi doludur:

Satıcılar isə narazıdırlar: «Alıcı yoxdur».
Satıcılar isə narazıdırlar: «Alıcı yoxdur».

«Deyirdilər ki, o qədər turist gələcək, ancaq hanı turist? Gələn idmançıdır, onlar da Atletlər kəndində qurulan çadırlardan alış-veriş edirlər».

Əntiq mallar mağazasında satıcı deyir ki, çoxlu miniatür sifariş verib, amma Avropa Oyunları zamanı cəmi ikisini sata bilib.

İçərişəhərdə çox gəzdik, amma hamı da danışmaq üçün bir-birinin yanına göndərdi, elə bil onlara «danışma» deyə komanda veriblər. Taksi sürücülərindən narazıdırlar: «Turistlərdən neçə dəfə eşitmişik ki, onlara aeroportda «İçərişəhərdən heç nə almayın, orda sizi aldadıb baha satacaqlar» deyiblər. Biz kimi aldadırıq?».

Satıcı Oqtay Həmidov milli geyimli kuklaları göstərir. Elə də baha olmadığını söyləyir:

– 8, 9 manatdır milli kuklalar. Vallah, turistlər gələndən bir dənəsini satmışam. Maraq çoxdur, alan yoxdur. Bax, bunları da qaçqın uşaqlar düzəldiblər, 4-5 manatdır... Turistlər kəlağayı alırlar daha çox.

Turistlər kəlağayı alırlar daha çox.
Turistlər kəlağayı alırlar daha çox.

ÜZÜKDƏN KEÇƏN KƏLAĞAYI

Sonra bizə Şəkidən, Basqaldan gətirtdiyi kəlağayıları göstərir:

- Bilirsiniz əcnəbilər bizim kəlağayının həqiqiliyini necə yoxlayırlar? Üzükdən keçirirlər. Keçirsə, deməli həqiqidir.

- Bazarda saxtası da var deməli?

- Yoxdur, bu, bizim brend maldır, Çin malı qoyası deyilik ki...

Ketrin Kanadadan gəlib. «Bakı 2015»in bağlanış mərasiminin təşkilatçılarındandır. Çini boşqabları görən kimi bardaş qurub oturur. Azı 40 dəqiqə bir-bir onlara baxıb seçir. Birini bəyənib kənara qoyur, sonra başqasını bəyəndiyi üçün əvvəlkini yerinə qaytarır. Bu minvalla bütün boşqablara baxır.

Boşqablar.
Boşqablar.

- Bunları bəyənirsiniz?

- Çox. Gözəldir.

- Alacaqsınız?

- Ola bilər. Hələ düşünürəm.

Arxasına «hand made» yazılan boşqablardan bir böyüyünü, bir də üç xırdasını seçir. Ancaq mağaza sahibinə də ziyan vurur. Boşqabın birinin qırağını azca qoparır, duz qabını isə qırır.

Satıcı pərt halda dillənir: «Bir boşqab aldı, ikisini qırdı», ancaq deyir ki, «pulunu tələb edə bilmərəm, qonaqdır».

Turistlər
Turistlər

MİS QABLAR 100 MANATDAN BAŞLANIR

Bu dəfə mağazaya rus qonaqlar gəlirlər. Maşa və Yulya əl işlərinə baxırlar:

- Nar neçəyədir?

- Bəs bu fincanlar?

- 10 manat, 25 manat...

Bu dəfə biz soruşuruq:

- Qiymətlər bahadır?

- Əl işi üçün qiymət baha deyil, yaxşıdır. Hələ gəzək, baxaq, sonra seçək.

Yan dükanda iki turist mis qablara uzun-uzadı baxırlar, qiymətlər 100 manatdan başlayır, ancaq onlar da nəsə bəyənmirlər. Yüngülcə üzrxahlıq edib çıxırlar.

Oruc tutduğu üçün halsız olan Orxan deyir ki, «mühüm olan dostluqdur, almasanız da olar».

Deyəsən, doğrudan da İçərişəhərdə turist olsa da, onlar satıcıları sevindirə bilmirlər. Hamı baxıb gedir...

XS
SM
MD
LG