Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:55

YAP üzvüsən? Keç başa!


-

“Vətəndaşların öz hökumətini dəyişmək hüququ var, amma…”

AzadlıqRadiosu ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı “İnsan Haqları 2014” hesabatının tərcüməsinə davam edir.

“Konstitusiyaya görə, vətəndaşların azad və ədalətli seçkilər vasitəsilə öz hökumətini dəyişmək hüququ var. Amma hökumət seçki prosesinə müdaxilə etməklə bu hüququ məhdudlaşdırmaqda davam edir”.

Hesabatın “Siyasi hüquqlara hörmət: Vətəndaşların öz hökumətlərini dəyişmək hüququ” bölümündə belə deyilir.

Hesabatda bildirilir ki, qanun parlamentin müstəqilliyini nəzərdə tutsa da, Milli Məclisin müstəqilliyi məhduddur və o, icra qanadından kənar, müstəqil şəkildə çox az sayda qanunvericilik təşəbbüsü irəli sürür.

"2013-CÜ İL SEÇKİSİ BEYNƏLXALQ STANDARTLARA CAVAB VERMƏYİB"

Hesabatda bildirilir ki, 2013-cü ilin prezident seçkisi beynəlxalq standartlara cavab verməyib.

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT-in Parlament Assambleyasının seçkilərlə bağlı ilkin dəyərləndirməsində bildirilirdi ki, ATƏT qarşısında götürdüyü öhdəliklərə cavab vermək üçün ölkə həlli vacib ciddi qüsurları aradan qaldırmalıdır.

Anar Məmmədli və Bəşir Süleymanlı (sağda)
Anar Məmmədli və Bəşir Süleymanlı (sağda)

Seçki günü ATƏT müşahidəçiləri getdikləri 58 seçki məntəqəsində prosessual pozuntular, o cümlədən səsvermənin gedişi, seçki bülletenlərinin sayılması zamanı pozuntular qeydə alıblar.

Sənəddə göstərilir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin 2013-cü il seçkisi ilə bağlı tənqidi hesabatından sonra bu təşkilata və onun əməkdaşlıq etdiyi Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinə qarşı guya vergidən yayınma və digər ittihamlarla cinayət işi açılıb.Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və icraçı direktoru Bəşir Süleymanlının da həbsi qeyd olunur.

Hesabatda seçki kampaniyası zamanı hökumətin bəzi konstruktiv addımlar atdığı da vurğulanır. Məsələn, müxalifətin vahid namizədi Cəmil Həsənlinin namizədliyinin qeydə alınması, seçki öncəsi müxalifətə mitinq keçirmək icazəsinin verilməsi, seçkiyə ATƏT müşahidəçilərinin dəvət edilməsi və effektli texniki hazırlıq.

"YAP-A ÜZVLÜK VƏTƏNDAŞLARA İMTİYAZLAR VERİR"

Siyasi partiyalarla bağlı bölümdə deyilir ki, ölkədə qeydiyyatdan keçmiş 50 siyasi partiya olsa da, Yeni Azərbaycan Partiyasının siyasi sistemdə dominantlığı davam edir:

"Yerli müşahidəçilərin dediyinə görə, YAP-a üzvlük vətəndaşlara müəyyən imtiyazlar verir, məsələn, hökumət işlərinə qəbulla bağlı."

O da vurğulanır ki, Milli Məclisə Müsavat və Xalq Cəbhəsi kimi aparıcı müxalifət partiyalarından heç bir nümayəndə daxil edilməyib. Hesabatda müxalifətçilərin tez-tez ittihamlarla üz-üzə qaldıqları, həbs olunduqları qeyd olunur, Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbsindən danışılır.

Sənəddə həmçinin müxalifət partiyalarının öz tədbirlərini keçirmək üçün məkan tapmaqda, ümumiyyətlə, ofis kirayəsində üzləşdikləri çətinliklər də əks olunur.

Qadınlar və milli azlıqlarla bağlı qeyd olunur ki, Milli Məclisdə 19 qadın var. Bir qadın nazirlik səviyyəsində mövqe tutur. Bundan başqa bildirilir ki, milli azlıqları, məsələn talış, avar, rus və yəhudiləri təmsil edənlər də Milli Məclis və digər hökumət qurumlarında təmsil olunurlar.

XS
SM
MD
LG