-
Qanunvericiliyə görə, ölkədə birləşmə, cəmiyyət, o cümlədən müstəqil həmkarlar birlikləri yaratma azadlığı var. Hərbçi və polislərin həmkarlar birliklərinə qoşulması qadağandır.
ABŞ Dövlət Departamentinin iyunun 25-də yaydığı «İnsan Haqları 2014» hesabatında Azərbaycanda işçi hüquqları, birləşmə azadlığı barədə belə deyilir.
Hesabatda bildirilir ki, qanuna görə həmkarlar ittifaqı hökumətin heç bir müdaxiləsi olmadan fəaliyyət göstərə bilər. Qeyd olunur ki, hökumətin həmkarlar ittifaqının fəaliyyətinə hər hansı müdaxilə halı baş verməyib, amma işçilərin hüquqlarını müdafiə etməli olan ittifaq sədrləri hökumətlə sıx əməkdaşlıq edirlər, beynəlxalq müşahidəçilərin fikrincə, birliklər üzvlərinin hüquqlarını yaxşı təmsil edə bilmirlər. İşçilərin qanunla etiraz tətilləri keçirmək haqqı var. Amma bəzi işçilərə, məsələn, hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su təchizatı, telefon, dəmir yolu, hava yolları əməkdaşlarına tətil keçirmək qadağandır. İctimai nəqliyyatın hərəkətini pozan tətil keçirən işçilər hətta 3 ildən yuxarı həbs cəzası da ala bilər.
İŞÇİNİ MÜDAFİƏ ETMƏLİ OLAN HƏMKARLAR İTTİFAQLARI…
Qanun etiraz edən, tətil keçirən işçidən əvəz çıxmağı, onu işdən kənarlaşdırmağı qadağan edir. Qanun həm də işçilərə qarşı diskriminasiyanın əleyhinədir. Amma reallıqda həmkarlar ittifaqları əmək haqqının səviyyəsi və iş şəraiti ilə bağlı danışıqlar apara bilmir, çünki dövlətə məxsus şirkətlərdə bütün işçilərin əmək haqqını hökumət müəyyənləşdirir.
Həmkarlar ittifaqları həm də işçilərin işə yenidən bərpa olmaların tələb etmək üçün yaradılsa da, yerli QHT-lərin dediklərinə görə, bu cür hallarda iri şirkətlər çox vaxt işçini qısamüddətli müqavilə ilə işə bərpa edir.
Hesabatda o da vurğulanır ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkədə yeganə həmkarlar ittifaqı konfederasiyasıdır. Müstəqil təşkilat kimi qeydiyyatdan keçsə də, bəzi işçilər onun hökuməti çox yaxından dəstəklədiyini deyir.
O da qeyd olunur ki, əksər dövlət müəssisələrində işçilərin aylıq əmək haqlarından həmkarlar ittifaqına üzvlük haqqı tutulsa da, bu vəsaitlərlə bağlı şəffaflıq yoxdur.
QANUN MƏCBURİ VƏ YA İCBARİ ƏMƏYİ QADAĞAN ETSƏ DƏ...
Hesabatda məcburi və ya icbari əməyin qadağan olunması ilə bağlı deyilir ki, müharibə şəraiti və ya dövlət orqanlarının nəzarəti altında məhkəmə qərarlarının icrası istisna olmaqla qanunvericilik həm məcburi, həm də icbari əməyin istənilən formasını qadağan edir. Amma bu sahədə də çatışmazlıqlar var. Qanun pozuntularına görə cərimələr, o cümlədən azadlıqdan məhrumetmə cəzası çox sərt tətbiq olunur. Tikinti sənayesində əmək miqrantlarının məcburi əmək şəraitinə məruz qalması halları var. Əsasən kişi və oğlanların məcburi əməklə üzləşdikləri qeyd olunur. Bildirilir ki, Daxili İşlər Nazirliyi ölkədə son bir ilin 9 ayı ərzində məcburi əməyə cəlb edilmə ilə bağlı beş fakt müəyyən edilib. Yerli QHT-lər iddia edirlər ki, bəzi irəliləyişlərə baxmayaraq, hökumət bu istiqamətdə səmərəli fəaliyyət göstərmir. Bildirilir ki, Daxili İşlər Nazirliyinin insan alveri ilə mübarizə idarəsi bir il ərzində insan alverinin qurbanı olan bir hal belə aşkar etməyib. Fevral ayında ilk dəfə olaraq əmək alveri törədən şəxs barəsində məhkəmə 8,5 il azadlıqdan məhrumetmə cəzası çıxarıb.
MONİTORİNQƏ EHTİYAC VAR
Uşaq əməyinin qadağan olunması və işçinin minimum yaş həddi ilə bağlı qeydlər də hesabatda yer alıb. Bildirilir ki, işçinin minimum yaş həddi görülən işdən asılıdır. Əksər hallarda qanun 15 yaşdan işləməyə imkan verir. 14 yaşlı uşaqlar valideynlərinin razılığı ilə məktəbdən sonra ailə təsərrüfatında yardımçı ola bilər, əgər bu iş onun sağlamlığı üçün təhlükə yaratmırsa. 16 yaşınadək uşaqlar həftədə 24 saatdan artıq çalışa bilməzlər. 16-17 yaşlılar üçün bu göstərici həftədə 36 saatdır. 18 yaşınadək uşaqların çətin və təhlükəli şəraitdə işləməsi qanunla qadağandır.
Hesabatda bildirilir ki, yerli QHT-lər bu sahədə monitorinqin artırılmasının zəruri olduğunu bildirirlər. Ancaq bu işə məsul Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində bu cür yoxlamalar həyata keçirir.
Qeyd olunur ki, kənd təsərrüfatı və küçə işlərində uşaq əməyindən istifadə ilə bağlı qeyri-rəsmi xəbərlər olsa da, il ərzində uşaq əmək qanunvericiliyinin pozulması ilə bağlı şikayətlər az olub.
MƏŞĞULLUQLA BAĞLI AYRİ-SEÇKİLİK DƏ YOX DEYİL
Məşğulluqla bağlı diskriminasiyadan danışılarkən bildirilir ki, vətəndaşların cinsindən, irqindən, dilindən, yaşayış yerindən, iqtisadi durumundan, sosial mənsubiyyətindən, yaşından, dinindən, siyasi əqidəsindən və s. asılı olmayaraq diskriminasiyaya məruz qalması əmək məcəlləsinə görə qadağandır. Qanun HİV virusu və digər yoluxucu xəstəliklərlə bağlı ayrı-seçkiliyi qadağan etmir, amma media və QHT hesabatlarına əsasən ölkədə belə hal qeydə alınmayıb.
O da bildirilir ki, ümumiyyətlə məşğulluqla bağlı diskriminasiya problemi ölkədə yox deyil və hökumət bu istiqamətdə səmərəli fəaliyyət göstərmir.
Hesabatda qeyd olunur ki, ölkədə minimum əmək haqqı 105 manatdır (131 dollar). İl ərzində orta yoxsulluq həddi 116 manat, əmək qabiliyyətli şəxslər üçün 125 manat, təqaüdçülər üçün 94 manat, uşaqlar üçün isə 93 manatdır. Qanun cinsindən, yaş və digər təsnifatdan asılı olmayaraq eyni əməyə görə bərabər ödəniş tələb edir.
Qanun 40 saatlıq iş həftəsi nəzərdə tutur. Maksimal gündəlik iş növbəli 12 saatdır. Təhlükəli peşələr üzrə işçilər həftədə 36 saatdan artıq işləyə bilməzlər.
Bildirilir ki, beynəlxalq təşkilatlardan fərqli olaraq yerli şirkətlərin işçilərə əlavə işə görə kompensasiya verməsi məlum deyil. Bildirilir ki, əksər fərdlər müəyyən saatları qeyri-rəsmi iqtisadi sahələrdə çalışır, hökumət bu hallarda əmək müqaviləsi tətbiq edə bilməyib.
XARİCİ VƏ YERLİ İŞÇİLƏRƏ MÜNASİBƏT EYNİDİRMİ?
Qanun xarici və yerli işçilər üçün bərabər hüquqlar nəzərdə tutulur. Qeyd olunur ki, yerli hüquq müdafiəçiləri, o cümlədən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının iddiasına görə, xüsusilə xarici neft şirkətlərində yerli və xarici işçilərə eyni cür davranılmır. Yerli işçilər daha az maaş alır və əksər hallarda əmək müqaviləsi və tibbi sığorta olmadan çalışırlar. Hətta onların məzuniyyət haqlarının da pozulduğu deyilir.
Bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyinin bu istiqamətdə fəaliyyəti zəif və səmərəsizdir. Qanunda işçilərin təhlükəsizlik və sağlamlıqla bağlı standartlar olsa da, işəgötürənlər əksər hallarda buna məhəl qoymurlar. Tikinti, neft və qaz sahələrində işçilərin münasib iş şəraiti ilə bağlı problem qalmaqdadır.
Hakimiyyət təmsilçiləri ABŞ Dövlət Departamentinin sözügedən hesabatını tənqidlə qarşılayıb, onun həqiqətə uyğun olmadığını, qeyri-obyektiv mənbələrə əsasən hazırlandığını qeyd ediblər.