-
“Qırmızı Körpü” Gömrük Məntəqəsinə çatmağa 200-300 metr qalmış iri yük avtomobillərinin növbəsi uzanır.
Sürücülərdən kimi başına qəzetdən düzəldilmiş papaq qoyub, kimi də sərinlənmək üçün suyu başına tökür.
Məntəqənin yaxınlığında nə bir ağac, nə də kölgəlik yoxdur deyə sürücülər elə maşında gözləyir.
Sürücü Əlixan Əhmədov deyir ki, belə uzun növbənin səbəbi yayda Gürcüstana istirahətə gedənlərin artmasıdır:
“Bu saat maşında 30-35 dərəcə isti var. Belə havada saatlarca oturub, gözləyirik. Düzdür, bir neçə il öncə ilə müqayisədə vəziyyət xeyli düzəlib.
Amma bununla belə saatlarla, elə olur ki, günlərlə sərhədi keçə bilmirik. İsti havada bu lap dözülməzdir. Buraxılış məntəqəsində “bir pəncərə” sistemi tətbiq olunsa, vəziyyət düzələr”.
45 GÜNDÜR SƏRHƏDİ KEÇƏ BİLMƏYƏNLƏR VAR…
Yubanmanın əsas səbəbi sənədlərin yoxlanması zamanı yaranır. 55 yaşlı sürücü Telat Güneysu deyir ki, 5 gündür sərhədi keçə bilmir:
“Hələ bundan sonra da nə qədər gözləyəcəyimiz məlum deyil.
Deyirlər ki, Ramazan ayına görə, sənədlərin yoxlanması yubanır. Mən özüm də oruc tuturam.
Elə maşında dolabımız var. Orada yeməklər olur, imsak və iftarı elə maşında edirik. 5-ci gecədir ki, sərhədi keçməyi gözləyirik. Çox çətindir. Hələ mənim bir tanışım 45 gündür sərhədi keçə bilməyib”.
Sərhəd Buraxılış Məntəqəsinə gedən yolda bir sırada iri yük, digər sırada minik avtomobilləri dayanıb.
Yük maşınları hərəkətsizdir, minik avtomobilləri arada yavaş-yavaş irəli gedir.
Bəzi sərnişinlər istidə maşında gözləməmək üçün əllərinə keçən qidandan götürüb, piyada sərhədə doğru gedirlər.
Onların arasında azyaşlı uşaqlar da var, qocalar da…
GÖMRÜK SƏDRİ DEYİR Kİ, VƏZİYYƏT DÜZƏLƏCƏK…
Qazaxda belə bir mənzərənin olduğu vaxt Bakıda GUAM-a üzv ölkələrin 22-ci toplantısı keçirilir.
Həmin toplantıda sərhəd buraxılış məntəqələrindən keçidi sürətləndirəcək protokol imzalanıb. Həmin protokol sərhəddən keçiriləcək mallar haqda əvvəlcədən informasiyanın verilməsini nəzərdə tutur. Yəni, yük mal sərhədə gəlmədən öncə sənədləri göndərilir və yoxlamalar aparılır.
Komitə sədri bildirib ki, Azərbaycan nəzarət-keçid məntəqələrində iri həcmli yük maşınlarının daha tez yoxlanılması üçün 8 ədəd skaner tipli avadanlıq quraşdırılıb.
Mal sərhədə çatandan sonra isə bir də sənədlərin orada yoxlanılmasına lüzum qalmır. Azərbaycan Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bu protokolun imzalanmasını tarixi addım kimi dəyərləndirib:
“Bu, tarixi bir addımdır. İclasda daha bir protokol – “Gömrük prosedurlarının digər ölkələrdə də tanınması haqda” sənəd də müzakirə olundu. Növbəti görüşdə də həmin sənədin imzalanması gözlənilir. Bundan sonra üzv ölkələr arasında ticari dövriyyə qaydaları daha da sadələşdiriləcək”.
1997-ci ildə yaradılan GUAM təşkilatına Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova üzvdür. Təşkilatın adı da həmin ölkələrin baş hərflərindən götürülüb.
Aydın Əliyev GUAM-ın Bakıda keçirilən 22-ci toplantısında həm də sərhəd-keçid məntəqələrində görülən işlərdən danışıb. Komitə sədri bildirib ki, Azərbaycan nəzarət-keçid məntəqələrində iri həcmli yük maşınlarının daha tez yoxlanılması üçün 8 ədəd skaner tipli avadanlıq quraşdırılıb. Bundan başqa yük vaqonlarının yoxlanılmasını tezləşdirmək üçün daha 2 avqandıq da quraşdırılır.