Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:27

15 yaşında ərə verilən qız həyat dramını danışır...


Arxiv fotosu
Arxiv fotosu

Yetkinlik yaşında ərə verilən və gəncliyini iki uşaqla ata evində keçirməyə məcbur qalan Aynur Səlimova (ad şərtidir) AzadlıqRadiosuna müsahibəsində erkən nikahın yaralarından danışıb.

- Aynur, hər şey necə başladı?
- 16 yaşım tamam olmamışdı, qəfildən elçi gəldi. Evdən dedilər ki, gedəcəksən. Əvvəlcə atam razı olmadı, amma anam, nənəm, babam “bu adamla evlənəcəksən” deyib durdular. O adam məndən 10 yaş böyük idi. Beləcə, məni qurban verdilər...​

- Nəyin qurbanı?
- O, işadamı idi, əmimgil də onunla çalışırdı. Atam da, nənəm də qorxdu ki məni o adama verməsələr, o da acığa düşüb əmilərimlə işləməz. Ağlayıb-sızladım, “getmərəm” dedim... Özümü öldürmək - eyvandan atmaq istədim. Amma nənəmlə babam dirəndilər və atama dedilər ki, qızını bu ailəyə verməsən, sən adlı oğlumuz yoxdur.

- Məktəbə gedirdin?
- Gedirdim. 10-cu sinifdəydim.

- Məktəbdə necə qarşıladılar?
- Pis. Müəllimlərim də, sinif yoldaşlarım da pis qarşıladılar. Dedilər ki, 15 yaşın var, ailə qurmaq üçün çox tezdir...

- Səni nişanlayan kimi toy elədilər?
- Nişan qoydular və dedilər ki, 18 yaşın tamam olunca toy edərik. Amma nişandan iki ay sonra gəlib, basqı elədilər ki, toy edirik. Toy edib apardılar. Məni zor gücünə ər evində saxladılar... Başımı qatırdılar ki, gələn ay anangilə aparacağıq. Mən də o həvəslə yalşayırdım ki, bu ay, ya da gələn ay anamgilə gedəcəyəm... Beləcə, zorla məni saxladılar.

- Aynur, 15 yaşında qızın ərlə, qaynata-qaynana ilə münasibəti necə olur?
- Heç nə bilmir. Bilmir ki, əriylə nə etməli, qaynata-qaynanayla necə davranmalıdır. Orada iki aydır gəlin idim, bilmirdim ərimin paltarını necə verim, onu necə yola salım. Qaynanamla necə yola gedəcəyimi də bilmirdim. Məni çox sıxırdılar. Münasibətlər yaxşı deyildi.

Evlənəndən bir ay sonra – biraylıq hamiləliyim dövründə yoldaşım məni qoyub getdi və yarım ildən sonra qayıtdı. O müddətdə məni bircə dəfə də axtarmadı...

- Anangil nə deyridi bu duruma?
- O, Rusiyaya getməzdən qabaq küsüb anamgilə getmişdim. Daha doğrusu, anama demişdim ki, gəlib məni aparmasan, özümü öldürəcəm. Yoldaşım arxamca gəldi, dedim getməyəcəyəm. O vaxt atam da Rusiyada idi, zəng elədi ki, getdiyin evdən meyitin qayıda bilər ancaq. Məcbur qalıb elə həmin gün yenidən ər evinə döndüm. Anamgil də deyirdilər ki, pis də olsalar, boşana bilməzsən. Nədi-nədi, camaat deyə bilər ki, filankəsin qızı ərdən qayıtdı...

- Səninlə evlənməyi yoldaşının özü istəmişdi?
- Özü görüb bəyənmişdi. Demişdi ki, nə olur-olsun, o qızla evlənəcəyəm.

Nişanlı vaxtı onunla parkda görüşdüm və dedim ki, səni istəmirəm. Dedim ki, məni sənə zorla verirlər, evdəkilərin qərarını dəyişməyə gücüm yoxdur, amma sən kişisən. De ki məni istəmirsən. Yazıq deyiləm? Dedim, səninlə zorla necə evlənəcəyəm, axı mənim gələcəyim var. Amma o dinləmədi.

Heç uyuşa bilmədim. Heç nədə fikrmiz ust-üstə düşmədi. Bir paltar seçəndə də hərəmiz bir şey deyirdik.

- Bununla belə iki üşağın oldu...
- İki yox, dörd hamiləlik yaşadım. Birincidən sonra, doğuma az qalmış, iki dəfə uşağı itirdim. Sonuncu Nərminə doğuldu. Amma o da dünyaya xəstə gəldi.

Birinciyə hamilə qalanda yoldaşım heç sevinmədi, bir dəfə olsun, başıma sığal çəkmədi. Dedi, mən hazır deyiləm.

Amma mən bu uşağın doğulmağını çox istəyirdim. Düşünürdüm ki, bəlkə uşaqdan sonra ərimə isnişərəm. İkinci uşağa hamilə qaldığımı gec bildim. Alınmadı, uşaq ölü doğuldu.

Sonra – doğuşa az qalmış, üçüncü hamiləliyim də pozuldu. Nərminə də başında ciddi problemlərlə doğulmuşdu. İndi hər ay onu Bakıya - müalicəyə aparmalıyam. Ümid edirəm ki, müalicənin xeyri dəyəcək və heç olmasa, uşaq sağalıb özünə baxa biləcək.

- Aynur, 16 yaşında ana olmusan, körpəyə qulluq edə bilirdin?
- Çox çətin idi, heç nə bilmirdim. Elə gəlincik kimi geyindirib-soyundurmağı bilirdim. Paltar alıb geyindirir, bəzəndirirdim, amma ağlayanda anlamırdım ki, bəlkə qarnı acdı, süd verim... Bəzən süd verməyi unudurdum. Niyə ağladığını bilmirdim... 15-16 yaşında uşaq bunları hardan bilsin, axı?

- Ayrılmaq qərarı vermisən. Atan bu dəfə nə deyir?
- Bu dəfə susub, çünki yoldaşım da boşanmaq istəyir. Atam qaynaatamla danışıb dedi ki, sizə 15 yaşında qız verdim, yiyə çıxmadınız. Amma atamın danışmağa haqqı yoxdur. Başıma nə gəlibsə, səbəbkarı odur. Mənə o, yiyə çıxmadı. Saxlamadı məni, qovdu...

Qaynanamgilə getdim. Orda da onlar mənə sahib durmadılar, atamgilə qayıtdım. Atam qovdu, yenə oraya getdim. Beləcə, günlərim avtobuslarda keçdi. Yoldaşım daha çox Rusiyada olurdu. “Məni də apar” deyəndə, aldadırdı. Hətta pasport da aldı ki, guya aparacaq, amma aparmadı. Mənə ordakı sevgililərindən danışırdı... Adam da qadınına belə şeyləri deyər?

- Beləcə, 20 yaşında, həm də iki uşaqla təkbaşına qaldın...
- Düşünürəm ki, həyat məndən ötrü indən belə başlayacaq. İki uşağım üçün ayaqda durmağı bacarmalıyam, ata-anam nə qədər baxacaq uşağıma? Özümə bir iş qurmağı düşünürəm, təhsil alacaq, bir peşə öyrənəcək, bir sənət yiyəsi olacağam.

Ailə qurmağı hələ düşünmürəm, bəlkə də nə vaxtsa... Hələlik, ikinci uşağımın müalicəsi ilə məşğulam. Hər ay xəstəxanada bir həftə - 10 gün müalicə almalıdır. Bilirsiniz, içimdə necə bir hiss var? Sanki həyata yeni gəlmişəm, nə olsun iki uşağım var?!. Mən 15-16 yaşımdan bəri yaşamamışam.

İndi yenidən geri qayıdıb o yaşıımı yaşamaq istəyirəm. Mən erkən nikahın qurbanıyam. Atalar, analar, balanızı az yaşlarında ərə verib bədbəxt etməyin. Gedəcəyi yerdə qarşısında qulluqçu işləsə, əri çox yaxşı adam olsa da, 15-16 yaşında qızın evliliyə hazır olmadığını yaddan çıxarmayın. Axı hələ uşaqlığından ayrılmayıb... Hər şey ona oyun kimi gəlir, evcik-evcik oynayırlar ha uşaqlar, elə baxırsan hər şeyə və düşünürsən ki, sənə deyəcəklər, bəsdir oynadığın, gecdi, get evinə.

İkincisi də sevmədiyi adamla evlənməyə məcbur etməyin. Yanlış qərar verəcəksə də, bu onun qərarı olmalıdır. Sabah gəlib valideyninə deməyəcək ki, günahkar sizsiniz. Mənsə... Mənsə hec vaxt ata-anamı bağışlamayacağam...

XS
SM
MD
LG