Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Leyla Yunusun vəkili: «İşimiz xeyli yüngülləşib»


Elçin Qəmbərov
Elçin Qəmbərov

-

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, konfliktoloq Arif Yunusun iyulun 13-nə təyin edilən məhkəməsi baş tutmadı, qeyri-müəyyən səbəbə təxirə salındı. Yunuslar hakimlə iyulun 15-də üz-üzə gələcəklər.

Leyla və Arif Yunuslar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Cinayət işinin materialları ilə tanış olan vəkil Elçin Qəmbərov AzadlıqRadiosunun suallarını cavablandırır:

- Elçin müəllim, məhkəmə iclasının təxirə salınmasının səbəbi nədir?

- Səbəb bizə də bəlli deyil.

- Artıq məhkəmə də başlayır deyə, cinayət işinin materialları ilə yəqin ki, tam tanışsız. Necə qiymətləndirirsiniz?

- Cinayət işinin materialları ilə tam tanış olandan sonra biz - müdafiəçilər və Leyla xanım belə bir qənaətə gəlmişik ki, cinayət işinin materiallarında irəli sürülən ittihamlara dair heç bir sübut yoxdur. Bu ittihamlar əsassızdır. Bununla bağlı vəsatət də qaldırılıb, Leyla xanımın əməlləri cinayət tərkibli olmadığına görə onun barəsində cinayət işinə xitam verilməsini istəmişik. İstintaq orqanı bununla bağlı bizə mənfi cavab verib. Biz bu məsələni məhkəmənin hazırlıq iclasında da qaldıracağıq.

- Ümumiyyətlə, məhkəmədən gözləntiniz nədir?

- Biz məhkəmədən yalnız ədalət, qanuna uyğun hökm istəyirik. Buna əməl olunsa, Leyla xanımın azadlığa çıxmasında heç bir problem olmayacaq.

- Leyla və Arif Yunusların məhkəmədə bəraət alacaqlarına inam varmı sizdə?

- Azərbaycan məhkəmələrinə baxaraq onların bəraət alacaqları illüziyasını qurmuram. Amma azadlıqdan məhrumetməmə qərarı da bizim üçün böyük bir qələbə olardı.

- Dövlətə xəyanət ittihamının ayrı icraata keçirilməsini necə qiymətləndirirsiniz? Sizcə, bunun ümumi işə necə təsiri olacaq?

- Bu ittihamın ayrıca icraata götürülməsi qarşıdan gələn məhkəmə prosesində bizim vəziyyətimizi xeyli yüngülləşdirir. Qanunda da nəzərdə tutulub ki, işin həcmi çox olanda cinayət işi ayrılır - ya xitam verilir, ya dayandırılır, ya da istintaqı davam etdirilir. Yəni bu həm qanunda, həm də təcrübədə olan bir şeydir.

- Bəs sizin bu ittihamla bağlı gözləntiniz nədir - xitam veriləcək, yoxsa davam etdiriləcək?

- Mənə elə gəlir ki, dövlətə xəyanətlə bağlı cinayət işinin perspektivi yoxdur.

- Leyla və Arif Yunusların məhkəmələrinin bir keçirilməsi hüquqi tələbdir? Yəni bu belə də olmalı idimi?

- Bəli, belə də olmalı idi. İlk gündən istintaqa da birlikdə gediblər. Bu, bir cinayət işidir. Bunlar ayrı-ayrı cinayət işləri deyil ki, hansısa mərhələdə birləşdirilsin. Sadəcə, mətbuatda bunun ayrı iş olması ilə bağlı yanlış məlumat gedib.

- Son olaraq Leyla xanımla nə vaxt görüşmüsünüz, durumu necədir?

- Səhhəti stabil ağır olaraq qalır. Qaraciyərində parçalanma, gözlərində zəifləmə davam edir. Vəziyyəti ürəkaçan deyil.

- Cinayət materialları ilə tanışlıqdan sonra, məhkəməöncəsi Leyla xanımın bir mesajı varmı?

- Onun fikri yalnız odur ki, heç bir cinayət törədilməyib. Ümumiyyətlə, cinayət hadisəsi belə baş verməyib. Səhhəti yaxşı olmamasına baxmayaraq, əhval-ruhiyyəsi yerindədir.

- Məhkəmədə Leyla və Arif Yunusların təqsirsizliyini sübuta yetirəcək sübutlarınız varmı?

- Sözsüz. Əlimizdə kifayət qədər əsaslar var və onları məhkəməyə təqdim edəcəyik.

XS
SM
MD
LG