Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:39

"O məmurların arxasında elə prezidentin özü dayanır..."


Nazirlər Kabinetinin icmalı - 13 iyul 2015
Nazirlər Kabinetinin icmalı - 13 iyul 2015

-

«Azadlıq» qəzeti yazır ki, bu vaxtacan adamların çoxu elə bilirdi İlham Əliyev gömrükdə nələrin baş verməsindən, vergi müfəttişlərinin adamın evini necə yıxmasından, insafsız həkimlərin xəstələri sağaltmamasından, otellərin, təyyarə biletlərinin bahalığından, kimin kimə «şapka» verməsindən xəbəri yoxdur:

«Sən demə, prezident hamısını hamımızdan «yaxşı bilirmiş». Prezident məmurların gözünün içinə baxa-baxa onlardan kimə şikayət edir, xalqamı? Prezident o məmurların arxasında durmasa, xalq elələrini çoxdan süpürüb atar kabinetlərdən. Yox, bu, şikayət deyil, xəbərdarlıq, tənqid, göstərişdirsə, niyə nəticəsini görmürük? Üç aydan bir keçirilən hər müşavirədən sonra vəziyyət bir az da ağırlaşır».

AZƏRBAYCANI TƏSİR ALTINDA SAXLAMAQ YOLVERİLMƏZDİR

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycan əleyhinə qəbul edilən qərəzli qətnamələrin heç bir təsir mexanizmi olmayıb:

«Prezident də bu məsələyə xüsusi olaraq toxunaraq deyib ki, dövlətin siyasəti Azərbaycan maraqları üzərində qurulub. Heç bir kənar qüvvə bu siyasətə təsir edə bilməz. Dövlət başçısı vurğuladı ki, bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Bəzi beynəlxalq təşkilatların daim Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamələr dövlət başçısının söylədiyi kimi, kağız parçasıdır. Ona görə heç kim onları heç vaxt icra etməyəcək. Azərbaycanla diktat dili ilə danışmaq olmaz».

«Şahdağ»
«Şahdağ»

ŞAHDAĞA GETMƏK...

marja.az saytının müxbiri Qusardakı «Şahdağ» istirahət mərkəzindən yazıb.

«Gözəl infrastrukturun qurulmasına baxmayaraq, qarşılama xidmətinin səviyyəsi ürəkaçan deyildi. Müştəriyə «Xoş gəlmisiniz» deyib gülər üzlə qarşılamaq, onun uzaq yol gəldiyini nəzərə alaraq su və ya çay təklif etmək, kompleksin xidmətləri haqqında ətraflı məlumat vermək çətin bir işdir? Böyüklər 7 manatdan, uşaqlar isə 4 manatdan kanata mindik. Qurulan infrastruktur yüksək səviyyədədir. Yay əyləncələri üzrə xidmətlər bir az bahalı idi. Ailəvi Bob Kart, kvadrosikl, dağ velosipedi, at sürmək istəsəniz, xeyli məbləğ xərcləməli olacaqsınız».

İŞSİZLİYİN HƏYAT NORMASINA ÇEVRİLDİYİ ŞƏHƏR

«Bizim Yol» qəzeti Şirvan şəhərinin problemləri haqda məqalə dərc edib.

«Bu şəhərdə ali təhsillilər ticarət və taksi fəaliyyəti ilə məşğul olurlar. Müəllimlər işsizdir, amma məktəblərdə müəllim çatışmır. Əhali işsizlikdən əziyyət çəkir. Burada neft və müdafiə sənayesi sahəsində zavod və fabriklər olsa da, bu, əhalinin işsizliyini aradan qaldırmaq gücündə deyil. Müəssisələr adətən tapşırılmış kəsləri işə qəbul edir. Onların da əksəriyyəti müqaviləsiz işləyir».

Qəzet yazır ki, Kür çayının kənarında yerləşən Şirvan şəhəri susuzluqdan da əziyyət çəkir:«Havaların isti keçdiyi şəhərdə əhalinin içməli su ilə təminatında problem yaşanır».

XS
SM
MD
LG