Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:50

«Toqquşma olmalıdır ki, sülhə yaxınlaşaq»


Elxan Şahinoğlu
Elxan Şahinoğlu

-

"Elmar Məmmədyarov məhz buna görə Moskvaya çağırıldı və ona izah olundu ki, Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə başlayarsa, bu, ona hansı problemlər yarada bilər".

İyulun 17-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergei Lavrov-un dəvətilə Moskvaya səfər etdi.

Rəsmi məlumata görə, tərəflər regiondakı vəziyyəti müzakirə ediblər. Detallar barədə məlumat verilmir.

Amma bəzi təhlilçilər səfərin pərdəarxası məqamlarının olduğunu vurğulayırlar.

AzadlıqRadiosuna müsahibəsində «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu dəvətin arxasında şantaj elementləri gördüyünü deyir.

- Rusiya xarici işlər naziri Lavrov-un azərbaycanlı həmkarı Elmar Məmmədyarovu Moskvaya dəvət etməsinin arxasında mən də şantaj elementləri görürəm.

Azərbaycan ordusu cəbhə bölgəsində axır vaxtlar xeyli fəallaşıb. İşğalçı qüvvələrin postları, Dağlıq Qarabağ tərəfdən uçan hərbi vertolyotlar vurulur, cəbhə bölgəsində üstünlük ələ alınıb.

Fikir verin, əvvəllər ancaq snayper müharibəsindən danışılırdısa, indi artıq iriçaplı pulemyotlardan atəş açılır.

Bu da Rusiyanı narahat edir. Təsadüfi deyil ki, bu arada Rusiya Ermənistana 200 milyon dollar kredit verib ki, özünə silah-sursat alsın.

Mən başqa bir ölkə tanımıram ki, digər ölkəyə silah-sursat almaq üçün kredit verə. Aydındır ki, həmin silahların bir qismi sərhəddə yerləşdiriləcək, digəri Dağlıq Qarabağ ərazisinə göndəriləcək.

Bu mənada Rusiya Azərbaycanın planlarından narahat idi və onlarda da belə bir ehtimal vardı ki, yaxın aylarda Azərbaycan ordusu bəzi rayonların azad olunması ilə bağlı hansısa lokal əməliyyat həyata keçirə bilər.

Məncə, Elmar Məmmədyarov məhz buna görə Moskvaya çağırıldı və ona izah olundu ki, Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə başlayarsa, bu, ona hansı problemlər yarada bilər.

Mən inanmıram ki, Lavrov Məmmədyarovu Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa bir aktivlik gözləndiyinə görə Moskvaya dəvət etsin.

Lavrovla Məmmədyarovun görüşü, 17 iyul, 2015
Lavrovla Məmmədyarovun görüşü, 17 iyul, 2015

Guya Lavrov belə bir ifadə də işlədib ki, münaqişənin həlli vaxtı yetişib. Amma bu ifadəni biz illərdir ki, eşidirik. Lavrov bütün açıqlamaları, fəaliyyəti ilə göstərir ki, Rusiya hələ də münaqişənin ədalətli həllində maraqlı deyil və Qarabağ ətrafındakı rayonların boşaldılması üçün Ermənistana heç bir təzyiq göstərməyəcək.

Bu, yoxdursa, təkcə Azərbaycana anlatmaq qalır ki, müharibəyə başlayacağı təqdirdə onu hansı çətinliklər gözləyir. Bununla yanaşı, Rusiya başqa bir siyasətə də əl atıb.

Bölgədə güclü silahlanma gedir. Ermənistana silahı kreditlə verir, amma Azərbaycana pulla satır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olan ölkə qarşıdurma tərəflərinə silah ötürməz.

Ötürürsə, deməli, münaqişənin idarə olunmasında maraqlıdır və göstərmək istəyir ki, hər iki tərəfə təsir imkanına malikdir. Elə səfərin də əsas məqsədi budur.

-Siz Azərbaycanın hərbi istiqamətdə hərəkə keçməsini nə qədər real hesab edirsiniz?

- Azərbaycanın hərbi büdcəsi artır, strategiyası dəyişir. Məsələn, əvvəllər Dağlıq Qarabağda hərbi təlimlər keçiriləndə, biz seyr edirdik, indi isə hərbi helikopterlərini, postlarını vururuq.

Xəbərlər dolaşır ki, hərbi hospitallar boşaldılır. Yəni, indi biz elə mərhələyə gəlib çıxmışıq ki, atəşkəsin davamlı pozulması qaçılmazdır.

Ola bilsin, bu səfərdə Lavrov Məmmədyarovu həm də inandırmağa çalışıb ki, Azərbaycan əvvəlcə bu quruma üzv olsun, sonra Dağlıq Qarabağ münaqişəsinin həlli sürətləndirilsin.

Müdafiə Nazirliyinin də əmri var ki, hücum olarsa, onun beş qat cavabı verilməlidir. Bu durum özü göstərir ki, artıq geriyə dönüşü mümkün olmayan proseslər gedir.

Bakıda hərbi parad
Bakıda hərbi parad

Böyük dövlətlər – Rusiya, ABŞ və Fransa yaxın müddətdə Ermənistanı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa razı salmazsa, düşünürəm ki, lokal toqquşma qaçılmaz olacaq.

Təəssüf ki, hələ də həmsədr ölkələr prosesi yalnız seyr edirlər. Belə çıxır ki, elə lokal toqquşma olmalıdır ki, biz sülhə yaxınlaşaq. Bəlkə həmsədrlərə də elə bu lazımdır.

- Bir müddət öncə Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına çəkmək üçün addımlar atacağı ilə bağlı məlumatlar sızıb. Sizcə, bu şərtin hansı təsiri ola bilər nizamlanma prosesinə?

- Azərbaycan hakimiyyəti mənsublarının cavabı bəllidir. Dağlıq Qarabağ münaqişəsi həll olunmayacaqsa, heç olmasa, ilkin mərhələdə ətraf rayonlar boşaldılmayacaqsa, Avrasiya İttifaqına üzvlük mümkün deyil.

Bu qurumu Putin Avropa Birliyi səviyyəsinə qaldırmağı düşünür. Moskva xəbərdardır ki, münaqişə həll olunmayınca, Azərbaycan burda iştirak etməyəcək.

Ola bilsin, bu səfərdə Lavrov Məmmədyarovu həm də inandırmağa çalışıb ki, Azərbaycan əvvəlcə bu quruma üzv olsun, sonra Dağlıq Qarabağ münaqişəsinin həlli sürətləndirilsin.

Amma bu, uşaq aldatmağa bənzəyir. Əvvəlcə, Ermənistan və Rusiya addımlar atmalıdır ki, Azərbaycan bu addımların səmimiliyinə inansın və Avrasiya İttifaqına üzvlüklə bağlı ciddi danışıqlara başlasın.

XS
SM
MD
LG