Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 16:23

Suruçdakı partlayışın şahidi: "Cəsədlərin altında qaldıq"


Suruçdakı partlayışda xəsarət alanlardan biri, 20 iyul, 2015
Suruçdakı partlayışda xəsarət alanlardan biri, 20 iyul, 2015

-

Suruçdakı kültür mərkəzində partlayış baş verən vaxt orda toplaşan gənclər Kobaniyə yardım planlarını müzakirə edirlərmiş.

İyulun 20-də Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərindəki mədəniyyət mərkəzində partlayış baş verib, 28 nəfər həlak olub, 100-ə yaxın yaralı var.

Qəzetlər yazır ki, mərkəzə toplaşan 300-ə qədər gənc Sosialist Gənclər Assosasiyası Federasiyasının üzvü imiş.

Hadisənin şahidlərindən biri Qarib Çelik “Hüriyyət” qəzetinə deyib:

"Mən ora mətbuat konfransında iştirak etmək üçün getmişdim. Gənclər Kobaniya səfərləri haqda danışacaqdılar. Foto çəkmək istəyirdim ki, çox güclü partlayış baş verdi. Cəsədlər hər yerə yayıldı. Cəsədlərin altında qaldıq. Adi partlayış deyildi, məncə, kimsə özünü partlatdı”.

Bu mərkəz Kobaninin 10 kilometrliyində yerləşir.

Özünü partladan qadındır?

Yaralılara yardım edilir, Suruç, 20 iyul
Yaralılara yardım edilir, Suruç, 20 iyul

“Hüriyyət” qəzeti yazır ki, partlayışı "İslam Dövləti" təşkilatının 18 yaşlı qadın üzvü törədib.

Röyters də Türkiyə rəsmilərinə istinadla partlayışı İD-nin törətdiyini yazır.

Şanlıurfa valisi İzeddin Küçük Amara Kültür Mərkəzində baş verən bu hadisəni “canlı bomba”nın törətdiyini deyib: “Canlı bomba olduğunu qətiləşdirdik. Amma neçə yaşındadır, kimdir, bunu komandamız hələ ki dəqiqləşdirməkdədir”.

Bu arada Suruç Bələdiyyəsi “ikinci bomba ehtimalı var” anonsunu yayıb və partlayışın baş verdiyi ərazidən uzaq durmağı xahiş edib.

İqtidar da, müxalifət də lənətlədi

Hadisə baş verən vaxt prezident Ərdoğan Şimali Kipr Türk Respublikasına səfərdə olub. Prezident səfərdən bəyanat verib:

“Bu vəhşiliyi törədənləri öz adımdan və millətim adımdan lənətləyirəm. Terror onu törədənin kimliyindən asılı olmayaraq lənətlənməlidir.

"Al-Jazeera Türk" xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu hadisə ilə bağlı Twitter hesabında yazıb:

“Suruça xain hücum ürəyimizi yandırdı. Gənc övladlarımızı itirməyin acısını yaşayırıq. Terroru və onun arxasında duranları lənətləyirəm”.

Suriyanın Kobani şəhərinin kürd birləşmələri tərəfindən alınması "İslam Dövləti" qrupunun ən böyük məğlubiyyətlərindən biridir.

Ötən ay yaraqlıların bu şəhərə hücumu nəticəsində 200-dən çox adam ölüb.

THY biletləri bahalaşdırdı

Suruçdakı partlayışdan sonra bu bölgəyə getmək istəyənlərin sayı artdığından Türkiyə Hava Yollarının biletləri 180 TL-dən 400 TL-ə qədər bahalaşıb. Türk Hava Yolları sosial mediada bu səbəbdən tənqid olunub. Şirkət isə bunun normal hal olduğunu, tələb artarkən saytda qiymətlərin yüksəldiyini bildirib. Bu haqda Türkiyənin “Sözçü” qəzeti xəbər verir.

XS
SM
MD
LG