Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

​​​Beynəlxalq bank nazirin dostuna tapşırılıb...


Samir Şərifov
Samir Şərifov

-

BAKI-AVROPA MÜNASİBƏTLƏRİNDƏ KƏSKİN DÖNÜŞ

«Yeni Müsavat», əksər media qurumları kimi, iyulun 22-də Azərbaycanda səfərdə olan Avropa Birliyi Şurasının prezidenti Donald Tusk-un səfərinə diqqət yetirib.

​Qəzet D.Tusk-un Bakıda «Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik» kimi səsləndirdiyi fikirlərə toxunur:

«Göründüyü kimi, həm prezident İlham Əliyevin, həm də Avropa Birliyi rəsmisinin bəyanatında qarşılıqlı isti və mühüm mesajlar yetərincədir. Tusk-un suverenliyimizə və ərazi bütövlüyümüzə verdiyi publik dəstək isə xüsusilə təqdiredicidir və Avropanın Azərbaycana son reveransları ilə sinxronluq təşkil edir. Münasibətlərdəki son gəlişmələr iddia eləməyə əsas verir ki, tərəflər artıq bir-birinin önəmini bir daha dərk edərək irəliyə baxmaq, sınmış və ya sındırılmış barış körpülərini sahmana salmaq əzmindədir».

BEYNƏLXALQ BANK SAMİR ŞƏRİFOVUN DOSTUNA TAPŞIRILDI

«Bizim yol» qəzeti mətbuatın diqqətdə saxladığı mövzudan yazır: «Beynəlxalq Bank Samir Şərifovun dostuna tapşırıldı».

Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı

İyulun 22-də BB İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib. Murad Şirəliyev və Ülvi Mansurov İdarə Heyəti sədrinin yeni müavinləri təyin edilib. M.Şirəliyev səhiyyə naziri Oqtay Şirəliyevin, Ülvi Mansurov isə bəstəkar Eldar Mansurovun oğludur.

«Bizim Yol» yazır ki, Elmar Məmmədov maliyyə naziri Samir Şərifovla sıx dostluq əlaqələrinə malikdir.

2004-cü ildən «Kapital Bank» ASC-də fəaliyyətə başlayan Məmmədov İdarə Heyəti sədrinin birinci müavini, 2009-cu ildə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

2014-cü ildə isə «Azər-Türk Bank» ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilib.

Qəzet əlavə edir ki, Elmar Məmmədov «Azərsığorta» Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.

Ziyafət Əsgərov
Ziyafət Əsgərov

«AVROPA ŞURASINDA GÜCÜN ALİLİYİ İLƏ RASTLAŞDIQ»

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov yap.org.az-a deyib: «Bu gün dünyanı beynəlxalq hüquq yox, güc idarə edir».

Onun qənaətincə, Azərbaycan Avropa Şurası ilə insan haqları sahəsində əməkdaşlıq etmək istədi: «Amma onlar Azərbaycanda «beşinci kolon» yaratmaqla məşğul oldular. Buna da çox təəssüf edirik».

Z.Əsgərov bildirib ki, hüququn aliliyi bütün dünyada qəbul olunmuş bir məsələdir: «Amma biz Avropa Şurası timsalında nəyə nail olduq? Biz Avropa Şurasında hüququn aliliyi əvəzində təəssüf ki, gücün aliliyi ilə qarşılaşdıq. Fikirləşirdik ki, hüququn aliliyi necə olan bir şeydir, qanunvericiliyimizdə bunu necə əks etdirməliyik?!».

Z.Əsgərov deyib ki, onsuz da hüququn aliliyi Azərbaycan Konstitusiyasında var: «Bilirdik ki, bu nədir, sadəcə, Avropa Şurasında, Avropa təşkilatlarında hüququn aliliyi əvəzinə gücün aliliyi ilə rastlaşdıq. Bu o deməkdir ki, bu gün dünyanı beynəlxalq hüquq yox, güc idarə edir».

XS
SM
MD
LG