Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:45

Bakı Tehrana göz qoyur


Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Hassan Rouhani
Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Hassan Rouhani

-

İranın dünya ictimaiyyətinə yenidən qoşulması Azərbaycan üçün həm imkanlar açır, həm də problemlər yaradır. Aleksandra Jarosiewicz «Transitions Online» saytında yazır ki, İrana nüvə enerjisindən dünyanın nəzarəti altında dinc məqsədlərlə istifadəyə icazə verən saziş «Soyuq müharibə»dən sonrakı dövrün ən böyük uğurlarından biri sayılır. İran üçün bu saziş on illər boyu davam edən iqtisadi təcridin dəyişməsi, dondurulmuş milyardlarla dollar sərvətin işlək duruma gəlməsi və nəhayət, Yaxın Şərqdə siyasi reallığın yeni forma almasıdır. İranın yaxın qonşusu və dünya enerji bazarlarında rəqibi olan Azərbaycan üçünsə bu durum xeyli suallar yaradır.

Azərbaycan rəsmi səviyyədə sazişi alqışlasa da, «Trend» xəbər agentliyinin yaydığı şərhdə eyham vurulurdu ki, Birləşmiş Ştatlar və Qərb dövlətləri sadəlövhcəsinə hərəkət edir və ən çox fayda götürən Rusiyadır.

Müəllif Azərbaycan-İran münasibətlərinin tarixi keşməkeşlərindən, 19-cu əsrdə Azərbaycanın məhz İranla Rusiya arasında bölünməsindən yazır. Üstəlik, İranın Ermənistana dəstəyi əlaqələrdə qaratikan rolunu oynayır.

«Enerji sektorunda durumu proqnozlaşdırmaq isə çətindir. İran dünyanın təbii qaz ehtiyatlarının 18 faizinin üstündə oturub, ancaq irihəcmli ixrac üçün obyektlərin qurulmasına azı 5 il lazımdır. İlk baxışda elə görünür ki, Azərbaycan İran qazının Trans-Anadolu Kəməri (TANAP) ilə daşınmasından faydalana bilər. Bu halda Bakının və SOCAR-ın potensial faydası böyükdür, ancaq potensial rəqibi layihəyə qoşmaq riski də böyükdür. Azərbaycan özü də Avropa bazarına göz dikib və potensial qaz nəhənginin TANAP-a qoşulmasına elə də həvəs göstərməyə bilər».

«Praktik olaraq Tehran Ankaradan və Bakıdan icazə almalı olacaq. Ankara illər boyu İran qazının bahalığından şikayətlənib. Bakı isə Avropa qaz bazarında İranla rəqabətdə maraqlı olmaya bilər. Tərəflər nəqliyyat tarifləri məsələsini həll etməli olacaqlar. TANAP-da 58 faizə sahib Azərbaycan isə həlledici səsə malikdir».

«Azərbaycan doğrudan da TANAP-ın tutumunu İran qazı hesabına artırmaq istəyirsə, bu, «Gazprom»a böyük zərbə olar. «Gazprom» Avropa qaz bazarında dominant mövqeyini saxlamaq istəyir. Beləliklə, İranın TANAP-a buraxılması Bakını Moskvayla münaqişə durumuna gətirər ki, bu da arzuolunan nəticə deyil».

Rusiya tankları Cənubi Osetiyada - 2008
Rusiya tankları Cənubi Osetiyada - 2008

RUSİYA QAFQAZDA İRƏLİLƏYİR, BU BARƏDƏ DANIŞAN YOXDUR

thediplomat.com saytında Andre Witthoeft yazır ki, Rusiya Qafqazda mövqeyinə yenidən baxdıqca, burada münaqişələr qaynamağa başlayır. «İyulun 10-da avropalılar Yunanıstanla, ABŞ isə İran sazişi ilə məşğul olduğu bir vaxtda Rusiyanın Cənubi Osetiyada dəstəklədiyi qüvvələr Gürcüstan ərazisinə daha çox girməklə sərhədlərini genişləndirdilər… Gecə Gürcüstanda yuxuya gedən kəndlilər gözlərini Cənubi Osetiyada açdılar. Gözlənildiyi kimi, Moskva iddiaları təkzib etdi».

«Rusiyanın Gürcüstandakı oyun planı bu dəfə göründüyündən də mürəkkəb ola bilər. Bəlkə bu, Moskvanın Ukraynada nüfuzunun nisbətən itməsini kompensasiya etmək strategiyasının bir hissəsidir? Həm də «Gazprom»un Avropanın enerji təhlükəsizliyinin gələcəyinə nəzarəti gücləndirir?».

Müəllif əsl məsələnin «Gazprom»un maliyyə problemlərindən qaynaqlandığını qeyd edir. Dünyanın ən böyük qaz şirkətinin istehsalı bu il postsovet tarixində ən aşağı həddə olacaq – 414 milyard kubmetr qaz.

Ukrayna alternativ enerji mənbələri üçün Orta Asiyanı gözaltı edir, elə Gürcüstan da Orta Asiya qazı üçün tranzit rolunu oynamağa həvəslidir. Bu baxımdan, müəllifin fikrincə, Cənubi Osetiyada irəliləməyə Rusiyanın Qafqaz və Avropada maraqlarını qorumaq cəhdi kimi baxılmalıdır.

«Rusiya Qafqaz regionuna nəzarəti gücləndirərsə, Avropanın Xəzər dənizindəki «Şah Dəniz II» yatağından, Ukraynanın isə «Gazprom»dan vaz keçərək türkmən qazı əldə etmək cəhdləri boşa çıxa bilər. Daha sonra Cənubi Osetiya oyunu Abxaziyada təkrarlana bilər. Poti separatçı regiondan 30 kilometrlik məsafədədir… İlkin əlamətlər görünməkdədir. İyulun 31-də Gürcüstan Rusiyanın təzyiqlərinə boyun əyərək Qərbin Moskvaya qarşı yeni sanksiyalarını dəstəkləməkdən imtina etdi. Bəs onda Qərb niyə susur? Rusiyanın Gürcüstanda torpaq ələ keçirməsi liderlərin gündəmindən düşməməlidir. Çünki Gürcüstan kimi tranzit ölkələr əldən çıxsa, Avropanın enerji təhlükəsizliyi və Rusiya qazından imtina arzuları boşa çıxa bilər».

«HayPost»
«HayPost»

ERMƏNİSTANDA ÜMİD POÇTA QALIB

«Avrasiya İqtisadi Birliyinə üzvlüyün gözlənən iqtisadi faydaları hələlik gözə dəymir. Ermənistan liderləri çatışmazlıqların doldurulması üçün poçt xidmətini özəlləşdirməyə çalışırlar». Marianna Grigoryan eurasianet.org saytında yazır ki, 3 min işçisi olan «HayPost» dövlət şirkətini 2006-cı ildən argentinalı milyarder Eduardo Eurnekian-ın şirkəti idarə edir. Bu şirkətin menecmenti sayəsində xidmət də yaxşılaşıb.

«Firma ilə kontrakt 2016-cə ilin sonunda bitir. Müşahidəçilər sual edirlər ki, hökumət poçt xidmətini niyə indi özəlləşdirir? Çoxları bu özəlləşdirmənin arxasında ölkənin Rusiya ilə iqtisadi alyansının durduğunu deyir. Rusiya iqtisadiyyatı gerilədiyi üçün Ermənistanda da eyni proses gedir».

«Ermənistan yanvarda Avrasiya İqtisadi Birliyinə qoşulub. 2015-ci ilin birinci yarısında ölkənin xarici ticarətində ötən ilin eyni dövrü ilə müqayisədə 20.6 faiz düşmə qeydə alınıb. Bundan başqa ötən ilin iyunundan bəri xaricdən pul göndərişləri 25 faiz azalıb. Göndərişlər daha çox Rusiyadan gəlirdi».

XS
SM
MD
LG