Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:53

Ən sadə şeyləri o qədər çətinliklə əldə edirik ki..


Seymur Baycan
Seymur Baycan

- "Öyrədən olmayıb. Beş-altı şeir, bir-iki düstur əzbərlədib birdən, ikidən, üçdən, beşdən qiymət yazıb yola veriblər.

Bir çox hallarda yalnız oxuma-yazma öyrədiblər. Onu da bir çox yerlərdə ALLAHA şükür, indi öyrətmirlər."

Seymur Baycan

Sənət nə üçün lazımdır?

Bu haqda çoxdan, lap çoxdan yazmaq istəyirəm. Ayrı-ayrı yazılarda bu mövzuya bir neçə dəfə ötəri toxunsaq da, bütöv halda yazmağa nəsə ərinirdim.

Amma mövzu daima başımda fırlanırdı. Ora yeni-yeni detallar əlavə olunur, bəzi detallar silinirdi. Beləcə mövzu beynimdə daima redaktə olunurdu. Elə indi də mövzuya tam hazır deyiləm, sadəcə özümü yazmağa məcbur edirəm.

Sənət insanı vəhşiləşməkdən, ibtidailəşməkdən, yalnız maddiyyat haqqında düşünməkdən, yalnız maddiyyat üçün yaşamaqdan qoruyur. Pafosu sevmirəm, lakin bəzən pafossuz keçinmək olmur.

Mövzu özü pafos tələb edir. Sənət keçmişi yada salır, hissləri itiləyir, insanı həssaslaşdırır, başqalarının həyatı ilə tanış edir, onların həyatını göstərir, təcrübəni paylaşır... Çox şey sadalamaq olar.

Hərənin bir işi var. Biri fermerdi, biri ustadı, biri məmurdu, biri sürücüdü, biri müəllimdi, biri də tutaq ki, həkimdi... Hərə bir sahədə fəaliyyət göstərir. Sənət adamlarının da işi sənət əsərləri yaratmaqdı.

Martin Pajın Azərbaycan dilindəki kitabının üz qabığı
Martin Pajın Azərbaycan dilindəki kitabının üz qabığı

Düzdü, bəziləri bunu müftəxorluq adlandırırlar. Deyirlər ki, onlar işləmək istəmirlər. Əgər pul qazana bilmirlərsə, öz günahlarıdır.

Bu məsələyə Martin Paj “Mən necə idiot oldum” əsərində belə aydınlıq gətirir.

Qədim zamanlarda adamlar mağarada yaşayanda güclülər ova gedirdilər. Heyvanları ovlayıb mağarada yeyirdilər.

Zəiflər isə ova getmirdi. Çünki ova getsəydilər, əl-ayaq altında qalacaqdılar, işə mane olacaqdılar. Onlar mağarada qalırdılar və bekarçılıqdan mağaranın divarlarına rəsmlər çəkirdilər.

Ola bilsin, bu söhbət tam həqiqət deyil. Amma maraqlıdır. Hətta bir az söhbəti sadələşdirəndə görürük ki, həqiqətə xeyli yaxındır.

Bəzən biz reallıqdan qaçmaq, vəziyyətlə barışmamaq, öz məğlubiyyətimizə haqq qazandırmaq üçün vəziyyəti qəsdən qəlizləşdiririk. Ora iqtisadiyyat, tarix, sosiologiya, psixologiya və digər sahələri qatırıq.

Sadələşdirəndə isə acınacaqlı bir həqiqətlə rastalışırıq. Bizə heç nə öyrətməyiblər. Təsadüfün nəticəsində bir az ayılanda görürsən ki, nə qədər gecikmisən. Nə qədər öyrəniləcək hadisələr, baxılası nə qədər film, oxunulası nə qədər əsər var.

Bəzilərinin adını indi eşidirsən. Hələ dilimizə tərcümə olunmayıb. Deməli, başqa dildə oxumalısan.

İyirmi yaşında bilməli olduğun şeyləri qırx yaşında öyrənməyə məcbursan. İyirmi yaşda oxumalı olduğun əsərləri qırx yaşında oxuyursan.

Öyrədən olmayıb. Beş-altı şeir, bir-iki düstur əzbərlədib birdən, ikidən, üçdən, beşdən qiymət yazıb yola veriblər.

Bir çox hallarda yalnız oxuma-yazma öyrədiblər. Onu da bir çox yerlərdə ALLAHA şükür, indi öyrətmirlər.

Qərəz, bizi ən ibtidai ehtiyaclarla təmin edib buraxıblar cəmiyyətə.

Yemək veriblər, geyindiriblər, bəzilərini hətta cütləşdiriblər, hətta onlardan törəyənləri də tərbiyə etməkdədirlər. Bu söhbətin şahidi var. Ona görə rahat yazıram.

Tiflisdə Pantomim teatrında zalda oturmuşduq. Tamaşanın başlamasına vardı. Adamlar bir-bir, iki-iki gəlib öz yerlərini tuturdular.

Ön sırada bir nənə öz nəvəsiylə oturmuşdu. Rus dilində danışırdılar. Uşaq dayanmadan sual verirdi. Onların söhbətinə bir adam da qoşuldu.

Biz bu söhbəti eşidib baxdıq bir-birimizin üzünə. Bunların söhbətinə bax. Bəs bizim babalar nə danışır öz nəvələriylə? Kimi çox istəyirsən? Onu söy. Bunun üzünə tüpür... Bir az aşağı, bir az yuxarı. Hə, yaxşı istisnalar var, ürəyiniz rahat olsun.

Nənə də həmin adama dedi ki, hər dəfə rus dram teatrına gedirik.

Bu dəfə bura gəldik. Metrodan çıxandan deyir ki, səhv yerdən çıxmışıq. Mən də bayaqdan başa salmaq istəyirəm ki, ora başqa teatrdı, bura başqa teatr.

Biz bu söhbəti eşidib baxdıq bir-birimizin üzünə. Bunların söhbətinə bax.

Bəs bizim babalar nə danışır öz nəvələriylə? Kimi çox istəyirsən? Onu söy. Bunun üzünə tüpür...

Bir az aşağı, bir az yuxarı. Hə, yaxşı istisnalar var, ürəyiniz rahat olsun.

Bəli, o zalda bir daha adi həqiqətlə tanış olduq və özüm-özümə düşündüm. Bu adi həqiqətlər neçə dəfə sənin qarşına çıxmalıdır ki, sən buna əmin olasan? Bu qədər də sırtıqlıq və cığallıq olmaz. Abrın varsa, barışmalısan.

Lap tutaq ki, bir nənə və bir baba öz nəvəsini hədsiz istəyirlər. Ona oyuncaq, paltar, sırğa, sep alırlar. Ad gününü restoranda keçirirlər. Adını tortun üstünə yazırlar. Bir ətək pul xərcləyib balamızın adına mahnı yazdırırlar. Belə-belə işlərlə öz sevgilərini izhar edirlər. Sonra?

Qoy onlar öz nəvələrini hədsiz sevsinlər, atıb-tutsunlar, yanağından dişləsinlər, kolyaska alsınlar, nəvənin dünyaya gəlişinə görə ALLAHA şükür etsinlər, nəzir versinlər, qoyun kəsib uşağın alnına qan sürtsünlər, ət paylasınlar, qoluna muncuq bağlasınlar, başının üstündə üzərlik yandırsınlar...

Onları qınamaq olmaz. Deyirlər, yüksək hissdir. Hətta atalar sözü də var. Dövlətdə dəvə, övladda nəvə. Belə olmalıdır deyəsən. Nəsə buna oxşar bir şeydir. Onların arasında möhkəm bir əlaqə də yaranır.

Nənələr və babalar uşaqlaşırlar və nəvənin timsalında oynamaq üçün canlı oyuncaq, həm də dost tapırlar. İnsan qocaldıqca uşaqlaşır. Küsür, daima diqqət umur, zəhlə tökür, hər yeməyi yeyə bilmir, tez-tez xəstələnir, daima şikayətlənir, tez-tez ağlayır, daima kiminsə üçün darıxır...

Bəziləri artıq altını batırır. Təzədən hər şey təkrarlanır. İki-üç il əvvəl bir evdə qonaq qalmışdım. Səhər yeməyi yeyəndə əlimi atdım çay qaşığını götürəm, yaşı səksəni ötmüş bir qoca kişi tez qaşığı məndən qabaq götürdü.

Lap balaca uşaq kimi qaşığı qucaqlayıb dedi - bu, mənim qaşığımdı. Baxdım adamın üzünə. Düşündüm doğrudan da nə pisdir. Bu qədər yaşayasan. Ora-bura gedəsən. Axırda gəlib bir çay qaşığı üstündə boş yerə dava edəsən.

Bəli, nənələr və babalar nəvənin timsalında özlərinə dost-oyuncaq tapırlar. Dostlaşırlar.

Bəlkə də elə buna görə yaxşı nənə və yaxşı baba öləndə uşaqlar bunu həzm edə bilmirlər. Birdən-birə sarsılırlar. Adam var idi. İndi yoxdu. Hara getdi? Orda necə olacaq? Suallar çoxdu. Cavab verən yoxdu.

Nənə və baba öləndə onlar bir növ həm də öz dostlarını itirirlər. Yeri gəlməmişkən, bir neçə ay bundan əvvəl bir dostumuz baba oldu. Çox sevinirdi. Biz onun sevincinə şərik olmaq üçün sual verdik- necə hissdir? Dedi ki, çox gözəl hissdir. Çox gözəldir. Bircə şeyi pisdir ki, nənəylə yatmağa başlayırsan.

Nənə və babaların nəvələrə qarşı şiddətli ibtidai sevgisi ilə işimiz yoxdur. Sevsinlər. Dostlaşsınlar.

Bəs əgər nənənin və babanın qabında elm, mədəniyyət, savad, mərifət adına bir şey yoxdursa, o hansı informasiyanı nəvəsinə ötürəcək, hansı biliyi, hansı təcrübəni paylaşacaq, nəvəni teatra aparacaqlar, yoxsa öz zövqlərinə uyğun geyindirib, öz zövqlərinə uyğun bəzəyib şadlıq evlərinin kiçik zallarına aparacaqlar?

Lap tutaq ki, nənə və baba nəvəsini min dəfə göyə atıb-tutur, güldürür, hürdürür... Bunun faydası nədir?

Babanın və nənənin, ananın və atanın qabında bir şey yoxdursa, mədəniyyət ocaqlarıyla tanış etməyəcəksə, öyrətməyəcəksə, lap gündə nəvəsinə, övladına min yol “qurban olum sənə” desin, bunun bir mənası varmı?

Bu ibtidai sevgi hörmətə layiqdir, amma heç nə öyrətmir. Bizi o şeylərlə təmin ediblər ki, bunu canlılar aləminin bir çox digər üzvləri də balalarına verirlər. O şeyləri öyrədirlər ki, bunu canlılar aləminin bir çox digər üzvləri də öz balalarına öyrədirlər.

Ov etməyi, özündən güclüləri görəndə gizlənməyi, özündən zəifləri görəndə üstünə atılıb parçalamağı.

Bəzi canlılar hətta öz balalarına leş yeməyi də öyrədir. Canlılar aləminin bir çox digər üzvləri də öz balaları ilə oynayırlar. Çox da gözəl görünürlər.

Canavar, pələng, tutaq ki, ayı öz balaları ilə oynayanda nə qədər xoş təsir bağışlayırlar.

Onları öz balaları ilə oynayan görəndə adamın ağlına gəlmir ki, bu canlılar başqa bir canlını parçalaya, ətini yeyə bilərlər. O qədər xoş görünürlər ki, adam istəyir gedib onlara qoşulsun.

Sözün qısası, bizə heç nə öyrətmirlər. Ya da çox az şey öyrədirlər. İndi bura ölkədə bir normal jurnalın, düz-əməlli orta məktəblərin, ali məktəblərin, ümumiyyətlə, normal təhsilin, müzakirələrin olmadığını da əlavə edin.

Belə bir vəziyyətdə sən ancaq təsadüfən düşünən adama çevrilə bilərsən. Düşünən adama çevrilmək üçün mexanizm yoxdur.

Buna görə artıq ölkədə düşünmək qəbahət və bir az da günah sayılır. Elə bir vəziyyət yaranıb ki, artıq düşünmədən də yaşamaq olar. Öyrədən və öyrənmək istəyən adamların sayı azdı.

Vaxtında öyrənənlərdən bəzilərinin sadəcə bəxti gətirib. Bəziləri də olmazın əziyyətini çəkiblər. Ona görə biz normanı hadisə kimi qəbul etmək məcburiyyətindəyik.

İnsan kimi haqqımız olan ən sadə şeyləri o qədər çətinliklə əldə edirik ki, gücümüz tükənir. Erkin Qədirli müsahibəsində çox gözəl bir ifadə işlətmişdi - O qədər bəsit həqiqətlər uğrunda mübarizə aparırıq ki, adamda mənəvi yorğunluq yaranır.

Deməli, ibtidai sevgi heç də hər şey demək deyil. Fikir verirsinizsə, övladların atalara minnətdarlıq duyğusu da çox vaxt bu ibtidai sevginin təzahürləri üstündə qurulur. Mənə o vaxt kostyum aldı, maşın aldı, toy elədi, toyuma filan müğənnini gətirdi, kabab bişirdi və sairə və ilaxır...

Çox az adama rast gələrsən ki, valideynləri haqqında bu cür sozler desin: məni geyindirib teatra apardı, muzeyə apardı, kitab oxuyurdu, sağ olsun, əziyyət çəkib məni oxutdurdu...

Oxutdurdu, daha avaralıq üçün şərait yaratmadı. Oxumaqdan söhbət gedir. Oxumamaq üçün pul xərcləməkdən söhbət getmir. Bu kimi səbəblərdən biz indi “sənət nə üçün lazımdır” sualına cavab axtarırıq.

İlin-günün bu vaxtı bu suala cavab axtarmağın özü anormallıqdır. Daha bir anormallıq var. Elə müəllifin özü də yaza-yaza “sənət nə üçün lazımdır” sualına əhatəli cavab axtarmaqdadır.

Bəs yerli sənət, milli sənət lazımdırmı?

Mütləq lazımdır. Yerli sənət bəşəri mədəniyyətlə əlaqə yaratmaqda çox vaxt körpü rolunu oynayır.

Əgər istiqamət düzdürsə, niyyət xoşdursa, insana xidmət edirsə, yerli əhəmiyyətli sənət, yerli əhəmiyyətli ədəbiyyat bütövlükdə bəşər mədəniyyətinin tərkib hissəsidir.

"Solğun çiçəklər" tele-tamaşasından kadr
"Solğun çiçəklər" tele-tamaşasından kadr

Məsələn, “Solğun çiçəklər” tamaşasını tez-tez xatırlayıram. Maraqla baxdığım tamaşalardan biri idi. Teatr dünyası ilə tanış olmaqda idim.

Başa düşürdüm ki, belə bir sənət növü var.

"Mehmanxana sahibəsi" tamaşası da yadımdadır. Bizimkilərin qəribə paltar geyinməsi və hərəkətləri, danışıq tərzləri maraq doğururdu.

Ola bilsin bir müddətdən sonra bu tamaşalar, bu əsərlər sənin zövqünün tələblərinə cavab verməsin. Sənə hətta primitiv gəlsin.

Normal haldır. Lakin bu vəziyyəti dəyişmir. Minnətdarlıq duyğusu olmalıdır. Ürəyində bir qram ədalət hissi olan adam onun formalaşmasında rol oynayan mənbələrə öz minnətdarlığını bildirməlidir.

Sənət dünyasını dəryaya bənzətsək, burda xeyli dərəcədə müxtəlif və fərqli canlılar görə bilərik. Akula, delfin, bəzəkli xırda balıqlar, zəhərli balıqlar, cərəyan verən balıqlar, dəniz atı, tısbağa...

Hamısını bir-bir sadalasaq, dəryalar mürəkkəb, meşələr qələm olsa yenə də çatmaz. Hətta deyilənə görə su pərisi də var. Görənlər olub.

Yəni bu dünyanın sənət dunyasinin da öz əfsanələri var. Burda hər cür adama rast gəlmək olar.

Bəziləri ideologiyalara xidmət edərək, belini gücə söykəyərək layiq olmadığı şöhrətə sahib olub.

Bəziləri hakim ideologiyanın sayəsində şöhrətin zirvəsinə qalxsa da, sistem çökəndən sonra öz şöhrətini qısa zamanda itirib. Bəziləri zamanında öz qiymətini almasa da, sonradan qiymətini alıb.

Fransada Antoine de Saint-Exupery və Balaca Şahzadə heykəli
Fransada Antoine de Saint-Exupery və Balaca Şahzadə heykəli

Sənət dünyasında müxtəlifliyin miqyası cox genişdir. Ona görə də bəzən adamlarin icində şübhəli suallar yaranır.

Bəs əgər sənət lazımdırsa, sənət vacibdirsə, nədən bəzi sənət adamları tərəqqiyə deyil, geriliyə, şeytani ideologiyalara xidmət ediblər?

Bu sual xüsusən ədəbiyyatdan söhbət gedəndə tez-tez ortaya çıxır. Demirsiniz kitab oxumaq lazımdır, de ha filankəs oxuyub, bəs niyə lakeylik etməkdədir? Bu suala Antuan Sent Ekzuperi konkret cavab verib.

Yalnız məhəbbətə xidmət edən ağıl qiymətlidir. Düzdür, bir çox hallarda məhəbbətə xidmət edən ağıl, məhəbbətə xidmət edən sənət də maddiyyatın və əzələ gücünün qarşısında zamanının və dövrünün şərinə müvəqqəti məğlub olur.

Buna görə heç də sarsılmağa dəyməz. Don Kixot bu kimi kədərli vəziyyətlərə belə tərif vermişdi: Mənim məğlubiyyətim mənim həqiqətimi sarsıda bilməz.

Reytinq qəzeti

XS
SM
MD
LG