Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:46

Xədicənin xeyrinə daha bir ifadə


Xədicə İsmayıl, 2014
Xədicə İsmayıl, 2014

-

"Hakimiyyətin hədə-qorxusuna baxmayaraq, şahidlər Xədicəyə qarşı ifadə vermədi. Bu da məni çox sevindirir."

ŞAHİD: “HAZIR İFADƏYƏ İMZA ATDIM...”

Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə jurnalist Xədicə İsmayıla qarşı proses davam edib.

Prosesdə cinayət işində adı keçən 5 nəfər şahid – Fərəh Əliyeva (Sabirqızı), Cavid Abdullayev, Esmira Cavadova, Rövşanə Rəhimovanın anası və Tural Mustafayevin qaynanası dindirilib.

Fərəh Əliyeva deyib ki, AzadlıqRadiosunda qonarar əsasında müxtəlif vaxtlarda “Can Bakı” verilişinin prodüseri və müxbiri olub. “İnternews” Azərbaycanın layihəsi çərçivəsində “İslam və Demokratiya” proqramının hazırlanmasında iştirak edib. Gördüyü işlərin qonararı hesabına ödənib və vergiləri ödəyib.

Digər şahid Cavid Abdullayev öz ifadəsində istintaqa verdiyi ifadələri təkzib edib. Bildirib ki, 4 saat prokurorluqda saxlandıqdan sonra, müstəntiqin hazır şəkildə qarşısına qoyduğu protokolu imzalamalı olub.

O, Tural Mustafayevlə 2013-cü ildən dostluq etdiyini, birlikdə “Meydan TV” ilə əməkdaşlıq etdiklərini söyləyib. Bildirib ki, bir müddət “Meydan TV”nin ofisində gecələməli olublar, sonradan "28 May" metro stansiyasının yaxınlığında ev tutub, birgə qalıblar.

Bu zaman prokuror ondan soruşub ki, “Meydan TV”nin ofisində qalmağa ona kim icazə verib?

Cavid isə bu suala “AzTV-nin ofisində qalmamışıq ki” deyə, cavab verib.

Cavid ifadəsində onu da bildirib ki, Tural iki dəfə intihara cəhd edib. Tural yaxın dostu kimi Cavidə bildirib ki, nişanlısı Rövşanə ilə ayrılmaq istədiyinə görə, özünü öldürmək istəyib:

“Turalın özünü öldürmək istəməsinin Xədicə İsmayılla heç bir bağlılığı yoxdur. Tural həm nişanlısı ondan ayrılmaq istədiyinə görə, həm də ki, ailəsindəki problemlərdən dolayı intihar etmək istəyib”.

Ramella Allahverdiyeva
Ramella Allahverdiyeva

Daha sonra hakim Cavid Abdullayevə ilkin istintaqda verdiyi ifadələri elan edib. Cavid Abdullayev isə bu ifadələrdən imtina etdiyini bildirib.

XƏDİCƏ İSMAYIL: “MƏHKUM HÜQUQLARIM POZULUR”

Xədicə İsmayıl prosesin sonunda məhkum hüquqlarından məhrum olunduğunu söyləyib.

Bildirib ki, ailəsi ilə görüşə bilmir, məhkəmədən təcridxanaya gec aparıldığından ailəsi ilə telefonla danışa bilmir, gün ərzində iki saat təmiz havada qalmaq hüququndan da mərhumdur, qoxulu və havasız zirzəmidə qalmaqsa onun səhhətinə ziyandır.

Buna görə də məhkəmədən həftədə bir dəfə proseslərə fasilə verməyi istəyib. Amma hakim Ramella Allahverdiyeva prosesi avqustun 12-nə saat 3-ə təyin edib. Çünki həmin gün səhər saat 11-də Xədicə İsmayılın Apellyasiya Məhkəməsində daha bir işinə baxılacaq.

Elmira Ismayılova
Elmira Ismayılova

Xədicə İsmayıl buna etiraz edib. Hakim deyib ki, sabahkı prosesdə bu məsələyə yenidən baxıla bilər.

Məhkəmədən sonra Xədicə İsmayılın anası Elmira İsmayılova AzadlıqRadiosuna deyib ki, prosesdə dindirilən şahidlər Xədicəyə qarşı ifadə verməyiblər:

Hakimiyyətin hədə-qorxusuna baxmayaraq, şahidlər Xədicəyə qarşı ifadə vermədi. Bu da məni çox sevindirir.

“Hakimiyyətin hədə-qorxusuna baxmayaraq, şahidlər Xədicəyə qarşı ifadə vermədi. Bu da məni çox sevindirir. Bircə, şahidlər danışanda zalın qapılarını o qədər açıb bağlayırdılar ki, eşitməkdə problem yaranırdı”.

Elmira İsmayılova üzərinə “Free Khadija” (“Xədicəyə azadlıq”) yazılmış bilərziyi bir gün də olsun qolundan çıxarmadığını deyir. Hər dəfə Xədicə üçün verilən mükafatlarısa qızına bir dəstək kimi qiymətləndirir.

Bu dəfəki məhkəməyə də əliboş getmir. Xədicə İsmayıla təqdim olunan yeni – ABŞ-ın Milli Mətbuat Klubunun təqdim etdiyi “Mətbuat Azadlığı” mükafatı ilə evinə yollanır. Gülərək, yarı zarafatla deyir ki, Xədicənin həbsindən bəri ona verilən bütün mükafatları başının altında saxlayır.

XS
SM
MD
LG