Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:27

Saxta ipoteka kreditləri arta bilər


-

Hökumətdə ipoteka kreditlərinin həcminin 4 dəfə artırılması, eləcə də kreditlərin verilməsi şərtlərinin dəyişdrilməsinə hazırlıqlar gedir.

Ekspertlər ilk baxışda əhalinin ehtiyaclarının ödənilməsinə yönəlmiş bu addımın vətəndaşların deyil, oliqarxların marağına yönəldiləcəyindən ehtiyat edirlər.

Nazirlər Kabinetində ölkənin sosial-iqtisadi inkişafının altı aylıq yekunlarına həsr olunmuş müşavirədə çıxış edən prezident İlham Əliyevin sözlərinə görə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın.

Söhbət bu nəzərdə tutulan 50 milyon manatdan əlavə 200 milyon manatdan gedir.

Hazırda bu vəsaitin mövcud tikililərdən alınacaq mənzillərə, yoxsa mənzil tikintisini canlandırmaq üçün yeni yaşayış evlərinin inşasına yönəldilməsi üzərində müzakirələr gedir. Amma ictimaiyyət bu müzakirələrdən kənardır. Bir qayda olaraq hökumət iqtisadi siyasətini vətəndaş cəmiyyəti institutları ilə müzakirə etmədən müəyyən edir.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov bunadək qazanılmış təcrübələrə əsaslanaraq güman edir ki, ipoteka kreditləşməsində gözlənilən yeniliklər saxta ipoteka kreditlərinin, proses boyu sui-istifadələrin artmasına səbəb ola bilər.

Ə.Həsənova gəlib çatan məlumata görə, ipoteka kreditlərinin maksimal məbləği 50 min manatdan 100 min manatadək artırılacaq, faiz dərəcələri isə aşağı salınacaq.

“İlk baxışdan əhalinin xeyrinə olan qərardır. Bəs əslində? Əlbəttə, istisna etmirəm ki, kimsə həqiqətən ucuz və sərfəli kredit şərtləri ilə mənzil ala biləcək. Lakin bütövlükdə bu addım ilk növbədə daşınmaz əmlakın şişirdilmiş qiymətlərinin bir müddət də saxlanılmasına hesablanıb”, - ekspert belə hesab edir.

Məsələ burasındadır ki, neftin qiymətinin düşməsi Azərbaycanda daşınmaz əmlak bazarına təsirsiz ötüşməyib, həm alıcılar gözləmə mövqeyindədir, həm də qiymətlər bir qədər aşağı düşüb. Buna görə, Ə.Həsənov düşünür ki, hətta ipoteka krediti hesabına belə, bahalı ev alanların sayı çox olmayacaq. Üfüqdə qiymətlərin düşəcəyini görən alıcı niyə bahasına pul versin?

Təsəvvür edək ki, hər hansı şəxsə, sahibkara, elə bankın sahibinə, pul lazımdır. Bunun üçün ən yaxın yol ipoteka krediti ola biləcək. Hansısa yaxın adamın evi formal olaraq alınacaq, amma əslində ev elə həminki adamda qalacaq, puldan isə başqa məqsədlər üçün istifadə olunacaq.

O zaman ipoteka krediti şərtlərinin yumşaldılmasından kim yararlanacaq - deyə ekspert soruşur. Onun fikrincə, ipoteka kreditlərinə adi şərtlərlə çıxış imkanlarının yaradılması müxtəlif saxtakarlıq sxemlərini üzə çıxarıb:

"Təsəvvür edək ki, hər hansı şəxsə, sahibkara, elə bankın sahibinə, pul lazımdır. Bunun üçün ən yaxın yol ipoteka krediti ola biləcək. Hansısa yaxın adamın evi formal olaraq alınacaq, amma əslində ev elə həminki adamda qalacaq, puldan isə başqa məqsədlər üçün istifadə olunacaq”.

Nəticədə saxta ipoteka kreditlərinin sayı artacaq.

Bu, İpoteka Fondunun fəaliyyəti və ipoteka kreditlərinin verilməsinin qeyri-şəffaf olmasından qaynaqlanır. Hazırda bir neçə mənzili olan şəxsin ipoteka şərtləri ilə mənzil almasına nəinki nəzarət edilir, hətta bunu məhdudlaşdıracaq qanuni tələb yoxdur. Əkrəm Həsənov hesab edir ki, Mərkəzi Bankın və İpoteka Fondunun məmurları bu problemdən xəbərdardırlar, amma onun aradan qaldırılmasında maraqlı deyillər.

“İpoteka krediti güzəştli kreditdir, dövlət hesabına verilir. Buna görə də, bank və kommersiya sirri olmamalıdır. Şəffaflıq naminə bütün kredit alanların adı və onlara dair məlumatlar İpoteka Fondunun saytında yerləşdirilməlidir” -hüquqşünas təklif edir.

İpoteka kreditləşməsi 2006-cı ildən başlanıb. Bu ilin iyul ayının əvvəlinə fondun vəsaitləri hesabına 595 milyon manat həcmində kreditlər verilib. Bunun 146,1 milyon manatı güzəştli kateqoriyadan olan şəxslərə verilib. Kreditlərdən 17 min 79 nəfər yararlanıb.

Bu il fond vəsaitləri hesabına 1237 nəfər mənzil şəraitini yaxşılaşdırıb. İpotekaya alınmış mənzillərin 68 faizi Bakı şəhərindədir.

XS
SM
MD
LG