Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:51

Borcu ödəyə bilmədi, bankda polisi yandırdı


Foto illüstrasiya
Foto illüstrasiya

-

milli.az xəbər verir: «Bakıdakı məşhur bankda polisi yandırdılar».

Sayt yazır ki, Bakıda banka borcu olan Niyaz Müzəffərov əvvəl özünü öldürmək istəyib, sonra isə polisə od vurub.

Bir ay əvvəl Hacıqabul sakini, 36 yaşlı Niyaz Müzəffərovun «AzSamand» markalı avtomobilini «Nikoyl Bank» borca görə əlindən alıb. Hiddətlənən bank müştərisi avqustun 14-də əlində içərisində benzin olan plastik qabla bankın Nəsimi rayonu, Puşkin küçəsi, 30 ünvanında yerləşən binasına gəlib. Bankda xidmət aparan 22 yaşlı mühafizə polisi Elgün Əsədov onun qarşısını almaq istəyib.

Polis serjantı N.Müzəffərovun əlində olan plastik qaba təpiklə vurduqda, benzin elə öz üzərinə dağılıb. N.Müzəffərov isə əlində olan alışqanı yandıraraq polis nəfərinin üstünə atıb. Polis yanmağa başlayıb.

Onu söndürərək yaxınlıqdakı Dəmir Yol Xəstəxanasına çatdırıblar. Sifətin I və II dərəcəli termiki yanıq xəsarətləri alan E.Əsədov sonradan Daxili İşlər Nazirliyinin Hospitalına göndərilib. İnsident zamanı N.Müzəffərov da hər iki qolundan yüngül yanıq xəsarəti alıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Cəmil Həsənli
Cəmil Həsənli

«NEFT DİKTATURALARININ SONU ÇATIR»

«Azadlıq» Milli Şura sədri Cəmil Həsənlinin fikirlərini yayıb.

Cəmil Həsənli yazır ki, Rusiyada maliyyə böhranı sürətlə dərinləşir, neft qiymətlərinin düşməsi bu təhlükəni daha da artırır. O ötən əsrin 80-ci illərində Sovet İttifaqını çökdürmək üçün Ronald Reagan-ın planını – neftin qiymətini aşağı salmasını yada salır: «Neft qiymətlərini salmaqla o, Sovetlərin axırına çıxdı. İndi məlum ssenari Rusiyanı çökdürür. Tək yox, taleyini neftə bağlamış qonşuları ilə birlikdə. Ölkəmiz də o sıraya daxildir. Rusiya ilə dabanqırma böhrana doğru gedirik. 10-dan çox bank iflas astanasındadır. Bəzilərində müştəri xidmətləri dayandırılıb, kart hesabları dondurulub, kredit tranşları bağlanıb».

Cəmil Həsənli daha sonra yazır ki, manatın növbəti devalvasiyası qaçılmazdır. O, hökumət üçün «parlament seçkilərini indiki kursla yola verməyin başlıca strateji hədəf» olduğunu deyir: «Amma bu özü də şübhə altındadır. Avropadan, Kanadadan, ərəb dünyasından, hətta uzaq Yaponiyadan əlimyandıda iri kreditlər axtarılması bununla bağlıdır. Hazırda ehtiyac olan 8-9 milyardlıq kreditləri Azərbaycana kim verəcək?..».

Milli Şura sədri sonda yazır ki, son beş ildə regionların sosial-iqtisadı inkişafına 51 milyard vəsait xərclənsə də, rayon mərkəzlərində tikilmiş Heydər Əliyev mərkəzlərindən başqa ayrı bir şey gözə dəymir. «Bu qədər böyük vəsaitdən sonra istisnasız olaraq bütün rayonlar əvvəlki qaydada dotasiyalar hesabına yaşayır. Budur inkişaf?» – sual edir Cəmil Həsənli.

Yanan bina.
Yanan bina.

YANAN BİNADA TƏMİR İŞLƏRİ SÜRƏTLƏNİB, SAKİNLƏR NARAZIDIR

«Yeni Müsavat» yanan binadan reportaj verir: «Binəqədidə yanan binada təmir işləri sürətlənib, sakinlər narazıdır».

Qəzet yazır ki, təmir işləri sentyabrın 15-də yekunlaşacaq. Binanın təmirinə nəzarət edən sahə rəisi Vüqar Əliyev deyib ki, təmir-bərpa işləri 3 növbəli aparılır, məqsəd sentyabrın 10-dək bütün işləri yekunlaşdırmaqdır. «Binada su, elektrik və sair kommunal xətlər sıradan çıxdığı üçün onları yenidən çəkmək xeyli zamanımızı aldı. Bütün elektrik və santexnik işləri yeniləri ilə əvəz olunur. Vaxtımız az olduğu üçün gecə növbəsində də, fasiləsiz çalışırıq. Mənzillərin hamısı standart qaydada təmir olunur, lazımı materiallar eyni şəkildə tətbiq olunur, mənzillərə heç bir fərq qoyulmur», - söyləyib sahə rəisi.

Qəzetin yazdığına görə, binanın fasadında Ukraynadan gətirilən yanmayan örtük materialından istifadə ediləcək: «Heç bir təhlükəsi yoxdur. Bu örtüklərin tərkibi daş və gildən ibarətdir. Yanma ehtimalı sıfıra bərabərdir. Binanın fasad isə suvanacaq və emulsiya ilə boyanacaq».

Sakinlərdən biri qəzetə deyib ki, təmir işlərindən razı qalsa da, mebel və digər məişət avadanlıqlarının verilməməsinə narazıdır: «Yanğının səhəri gün dəymiş zərəri 75 min manat hesabladılar. Evimdə qiymətli kondisionerlərim, televizorlarım yandı. Bunun qarşılığında bizə heç nə verilmir. Guya ki, 30 min manat dəyərində mebel verəcəklər. Mən özlərinə də demişəm ki, mebelin əvəzinə mənə pul verin. İstəyirsinizsə, 10-15 min manat pul verin. Mən öz seçdiyim mebel avadanlıqlarını alım. Eyni qaydada bütün mənzil sahiblərinə mebel verilməsi düzgün deyil. Deyirlər, narahat olmayın mebelləriniz «Embawood»dan olacaq. Axı «Embawood»dan olanda nə olur ki, elə mebel var ucuz və keyfiyyətsizdir».

İlham Əliyev
İlham Əliyev

«SƏRSƏM BƏYANATLAR»

«Azərbaycan» qəzeti yazır: «Azərbaycanda insan hüquq və azadlıqları ən yüksək səviyyədə təmin olunub».

«Prezident İlham Əliyevin yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülüb. Bu islahatların məntiqi davamı olaraq dövlət başçısının 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə «Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı» təsdiqlənib. Strateji əhəmiyyətli bu sənəd insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edib», - deyə qəzet yazır.

Məqalə müəllifi beynəlxalq dairələrdən gələn tənqidləri isə belə dəyərləndirir: «Azərbaycana düşmən mövqeyi ilə fərqlənən müəyyən daxili və xarici qüvvələrin ölkəmizdə guya insan hüquqlarının pozulduğu, vicdan azadlığına təhlükənin olduğu ilə bağlı sərsəm bəyanatlar səsləndirmələri həmin dairələrin marionet funksiyasını yerinə yetirdiklərini deməyə tam əsas verir».

XS
SM
MD
LG